AXCP sədrinin müavini, professor
Beləcə, 70 ili arxada qoydum. Böyük əziyyət və əzablardan keçdim, təqib olundum. Amma heç zaman “ax-uf” demədim. Həmişə uğurlarımı, qələbələrimi saydım, onlardan güc alıb yaşadım. Orta məktəbdə oxuyanda etiraz əlaməti olaraq, komsomol nişanını sinəmdən endirib dizimə sancdım. Məktəbə vəlvələ düşdü. Atamı Rayon Partiya Komitəsinə çağırıb tənbeh etdilər, atamın vəziyyətinə acıdım. Amma haqlı olduğuma əminliyimi bir an belə itirmədim.
Institutda tələbəlik illərimdə, orduda və orta məktəbdə Kommunist partiyası sıralarına daxil olmaqla bağlı təklif və təzyiqlərə məruz qalsam da, etiraz etdim. Bir dəfə atam işlədiyim instituta gedib, mənim hansı səbəbdən partiyalı olmadığımı araşdırmaq istəsə də, çətinliklə məsələni yoluna qoydum.
Kimsəsiz, köməksiz aspiranturaya daxil olmaqla, uşaqlıq arzuma çatdım. Stajsız fizika ixtisası üzrə aspiranturaya daxil olmaq haqqımdan imtina etdim. Yenicə ərsəyə gələn biofizika sahəsində çalışmaq üçün bir neçə ilimi “itirdim”. Sonda arzuma çatdım, tibbi biofizika sahəsində elmlər doktoru alimlik dərəcəsi aldım. Hər bir alimin arzusu olan Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına üzv oldum. Elmimizin siması, rəhmətlik akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında 6 il Azərbaycan elmini elmsiz məmurlardan, deputatlardan qoruya bildik. Təəssüf ki, bu gün pullu hamam müdirlərindən tutmuş, “bazarkom”lara qədər hamının professor olması qarşısında heç bir maneə yoxdur.
Kifayət qədər uğurlu elmi karyera qursam da, sonda 4 illik daxili mücadilədən sonra elmi siyasətə qurban verdim. Həmin 4 ili həyatımın ən çətin, dramatik illəri hesab edirəm. Xarici ölkələrdən, xüsusilə Türkiyə universitetlərindən iş təklifləri almışdım. Hamısından imtina etdim. Səbəb Azərbaycanı gözləyən faciələri anlamağım idi. Hiss edirdim ki, bu rejimin mövcudluğu şəraitində bu ölkədə elm, incəsənət, mədəniyyət inkişaf edə bilməz, əksinə, süqutu labüddür. Bütün bu fəlakətlərin aradan qaldırılmasının yeganə yolu fəal siyasi mübarizə nəticəsində qurulacaq milli, demokratik hakimiyyətdən keçir.
Artıq 25 ildir ki, bu yoldayam. Heç zaman apardığım bu mübarizənin perspektivinə şübhə ilə yanaşmadım, əksinə, mücadilə olan yerdə qələbə olacağına inandım. Bu gün də gənclik eşqi ilə bu yolda yürüməkdəyəm. Bu enerjini, yaşam tərzini apardığım mübarizənin müqəddəsliyinə olan inamımdan, bir də mənimlə birlikdə eyni əqidəni bölüşən insanların uğurlarından alıram. Bu yolun nə qədər çətin olduğunu anlamamış deyiləm. Nə qədər mücadilə yoldaşlarımızı itirdik. Sıralarımızdan konstruktivləşib satılanlar, mücadilənin ağırlığına dözməyərək ölkəni tərk edənlər, siyasətdən uzaqlaşıb sakit həyat tərzini seçənlər oldu. Çətin dönəmlərdən keçdik. Amma mübarizə bir an belə dayanmadı. Fədakar, mübariz insanlar hesabına hakimiyyətdəkilərin arzularını gözlərində qoyduq.
Bu gün təmsil olunduğum AXCP yeni insanlar, xüsusilə gənclər hesabına sürətli inkişaf mərhələsini yaşayır. Hər gün xalqımızın dəstəyini daha çox hiss edirik. Xalqımızın inam yerinə çevrilən Milli Şuranın yaradılması gücümüzə güc qatdı, yaxşı ilə pisin dərk olunmasında yeni imkanlar açdı.
Yaşadığım hər il təkcə həyatdan zövq almaq və arzularımı reallaşdırmaq fürsəti deyil. Həm də məsuliyyət və hesabatlılıqdır. Bu gün yubileyimlə bağlı aldığım çoxsaylı təbriklər yaşam eşqimi, daha fəal və mübariz olmağımı şərtləndirən enerji qaynağımdır. Gördüyüm işlərə verdiyiniz qiymətə görə hamınıza təşəkkür edirəm. Biz birlikdə güclüyük, birlikdə xalqımızı bu gün yaşadığı faciələrdən xilas edəcəyik. Var olun!