Davudoğludan Avropaya ultimatum

davutoglu2«Avropa Birliyi viza rejimini aradan qaldırmasa…»

“Avropa Birliyinin viza reîjimini ləğv etməsi Türkiyə üçün olduqca vacib məsələdir”. Bunu baş nazir Əhməd Davudoğlu Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkellə görüşündən sonra bəyan edib.

Ankaranın öz üzərinə düşən vəzifəni icra etdiyini deyən Davudoğlu bildirib ki, indi növbə Avropanındır: “Türkiyə bütün şərtləri yerinə yetirib və indi də qarşı tərəfdən viza rejiminin ləğvini gözləyir. Avropa Birliyi Türkiyə vətəndaşlarına viza tətbiqini aradan qaldırmasa, Ankara ilə Brüssel arasında qaçqınlarla bağlı razılaşma tam şəkildə yerinə yetirilməyəcək”.

Baş nazir “Amnesty International”ın Türkiyənin suriyalı qaçqınları öz razılıqları olmadan ölkələrinə göndərdiyinə dair ittihamlarını isə rədd edib: “Guya Ankara suriyalı qaçqınları özləri istəmədən ölkələrinə – savaşın davam etdiyi ərazilərə göndərir. Bu iddia gerçəkliyi əks etdirmir”.

Qaçqınlarla bağlı sazişin yaxşı nəticələr verdiyini deyən Davudoğlu bildirib ki, əgər ötən ilin noyabrında Türkiyədən Yunanıstana gün ərzində 6 min qaçqın gedirdisə, hazırda bu rəqəm 130-a düşüb. Hətta elə günlər olur ki, dəniz yolundan bir qaçqın belə, istifadə etmir”.

Qaçqın axınının azaldığını Merkellə birgə Türkiyəyə gələn Avropa Birliyi Şurasının sədri Donald Tusk da təsdiqləyib. Ankaranın qaçqınlarla bağlı fəaliyyətini tərifləyən Tusk bildirib ki, Türkiyə qaçqınlarla necə davranmağın lazım olduğunun ən yaxşı nümunəsini ortaya qoyub.

Tusk əlavə edib ki, Avropa Birliyi bu ilin yayında suriyalı qaçqınların həyat şəraitini yaxşılaşdırmağa hesablanan layihələrə 1 milyard avro ayıracaq. Bu məbləğ Türkiyəyə ayrılacaq 3 milyard avroluq yardıma daxildir.

Merkel isə bildirib ki, 3 milyon qaçqını qəbul edən Türkiyə bununla miqrant böhranının həllinə çox böyük töhfə vermiş olub.

Kansler onu da qeyd edib ki, bütün miqrant uşaqların məktəblərdə təhsil alması təmin edilməlidir.

Qeyd edək ki, Türkiyəyə səfərləri zamanı Angela Merkel, Donald Tusk və Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans qaçqın düşərgələrini ziyarət ediblər və miqrant uşaqlar üçün nəzərdə tutulan mərkəzin açılışında iştirak ediblər.

Gültəkin