Azərbaycan hakimiyyətinin ikili standartlı siyasəti

n_memmedli-yeniNurəddin Məmmədli: «Dünyanı ikili standartlara görə tənqid edirlər, amma özləri bu cür davranırlar»

Avropa Parlamentində Azərbaycan-Ermənistan Dağlıq-Qarabağ münaqişəsinə dair Avropa üzrə Liberallar və Demokratlar Alyansı siyasi qrupunun üzvləri Ivo Vayql (Sloveniya) və Hannu Takkulanın (Finlandiya) “ev sahibliyi” ilə “Dağlıq-Qarabağda çəkişmələrin eskalasiyası: AI üçün narahatlıq səbəbi…” mövzusunda dinləmələr keçirilib.

Avropa Parlamentinin üzvü I.Vayql Azərbaycan-Ermənistan münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulayıb. Avropa Parlamentinin üzvü H.Takkula isə münaqişənin hələ də öz həllini tapmamasına və erməni təcavüzünün nəticələrinə diqqət çəkib. O, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Deputat Norika Nikolai BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmalı olduğunu qeyd edib və münaqişənin həlli prosesinin beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayıb.

Dinləmələr zamanı Ermənistanı təmsil edən bir sıra şəxslərin tədbirin gedişatına təsir etmək cəhdlərinə baxmayaraq, onlar buna nail ola bilməyiblər. Iştirakçıların səsləndirdikləri fikirlərdə işğal faktı öz əksini tapıb.

Qeyd edək ki, insan hüquqları, azad söz, şəffaf seçki və digər məsələlərlə bağlı tənqidlərinə görə Azərbaycan hökuməti zaman-zaman Avropa Parlamentini “ermənipərəst” adlandırıb. Bu tənqidləri “erməni lobbisinin əməlləri” kimi təqdim etməyə çalışıb.

Indi isə hökumətin nəzarətində olan media orqanları Avropa Parlamentinin yuxarıda qeyd edilən məsələ ilə bağlı fikirlərini tirajlayıb. Yəni hakimiyyət özü də etiraf edir ki, əslində, Avropa Parlamenti erməniləri işğal faktına görə qınayan, onların Azərbaycan torpaqlarından çıxmasını tələb edən bir qurumdur.

Professor Nurəddin Məmmədli də Dağlıq Qarabağ probleminə münasibət aspektindən ən obyektiv, düzgün mövqe nümayiş etdirən beynəlxalq təşkilatlardan birinin məhz Avropa Parlamenti olduğunu vurğulayır. Qeyd edir ki, Qarabağ mövzusunda müzakirələr zamanı bu qurum birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edib: “Buna baxmayaraq, hakimiyyət Avropa Ittifaqının demokratiya və insan hüquqları sahəsindəki tələblərinə qeyri-adekvat reaksiya verməklə, onu ittiham edir. Bəzən bu ittihamlar ifrat dərəcədə yalançı motivasiyalar üzərində qurulur. Sanki bütün dünyanı ələ salırmışlar, Avropa Ittifaqını işğalçı bir dövlətin himayədarı kimi təqdim etməyə çalışırlar. Əslində, Avropa Ittifaqı Azərbaycanı Avropanın coğrafi bir hisssəsi kimi görür. Bir müddət əvvəl Avropa Ittifaqının gələcək sərhədlərinin Xəzər dənizinə qədər olduğu prinsipini qəbul etdilər. Yəni Azərbaycan faktiki olaraq Avropanın bir hissəsidir və burada demokratiya, insan hüquqları və azadlıqlarını ehtiva edən Avropa qaydalarının tətbiqində israrlıdırlar. Hakimiyyət isə bundan əndişəlidir, çünki demokratiyanın inkişafı korrrupsiya və rüşvətxorluğun, repressiyaların aradan qaldırılmasını tələb edir”.

Nurəddin Məmmədli deyir ki, Avropa Ittifaqı ardıcıl olaraq Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb etdiyinə görə hakimiyyətin hədəfinə çevrilir: “Rəsmi çevrə  Avropa Ittifaqının bir cümlə xoş sözünü təbliğat vasitəsinə çevirib aylarla tirajlasa da, kəskin tənqidlərə qeyri-adekvat reaksiya verir. Təbii ki, bu, ikili standartın nümayişidir. Azərbaycan dünyanı ikili standartlara görə tənqid etdiyi halda, dövlətin və xalqın maraqlarına tamamilə zidd olaraq özü bu prinsipə uyğun davranır”.

Nigar