Vaqif İsmayılov
İki gün öncə Bakıdan bir günlük çıxıb Naxçıvana yas yerinə getdim. Səhər yasdan sonra geri qayıdırdıq. Təyyarə Bakıda hava şəraiti pis olduğundan bir neçə dəfə cəhd eləsə də hava limanına enə bilmədi və Gəncəyə yollandı. Uzun sözün qısası, Gəncədə iki, üç saat istirahət edib Bakıya çıxmaq əvəzinə Tərtərin Qapanlı kəndinə yollandıq. Tək gördüyüm, insaflı, mərd bir məmur ailəsindən olan dostumun Vətəninə. Mənim üçün maraqlı idi, ancaq gördüklərimdən sonra bir neçə məqamda dünyaya baxışım dəyişdi. Gördüklərimlə bölüşmək qərarına gəldim.
Kəndə girişdə gördüyüm uzun uzadı hərbi kalon artıq vahiməli görüntü idi. Qalacağımız evə yaxınlaşdıqda maşının işıqlarını söndürməsindən vəziyyətin necə gərgin olduğunu anladım (yol boyu ermənilər tərəfindən qurulan snayperlərin hədəfinə çevrilməmək üçün işıqlar söndürülür). Həyətə girdikdə yerə düşən qradın metr yarım dərinlikdə və hardasa üç metr diametrində bir dəlik açdığını görəndə isə reallığı anladım. Axşamı səhərə qədər demək olar yatmadıq. Hər 20 dəqiqədən bir güllə səsləri elə bil qulağımın dibində atılırdı. Həmin evdə şəhid olan bir gəncin iki, 7 və 5 yaşlı körpə uşaqları da yaşayırdı. Gecə güclü külək elektrik xəttini sıradan çıxardığından kənd zülmət qaranlıqda idi. Səhər oyandıqda zabit dostumuzu divanda oturub, üzündə təbəssümlə bizə “Şükür Allaha, ağır silah atılmadı, qonaqsız, əmanətsiz bütün gecəni qulağım bayırda olub“ dedi. Evdən çıxanda çox təsirli bir mənzərə var idi. Yaşı çox olmasa da 70 yaşlı bir nənəni xatırladan şəhid anası kövrəldi. İnandırım sizi dövlətdən, millətdən incimək bir yana, o qadın az qalırdı artıq Allahdan da incisin. Özünün bircə istəyi var idi, sadəcə nəvələri sağ qalsın. Sağollaşıb çıxdıq postda duran əsgərlərlə görüşməyə. Evdən demək olar ki, 100 metr getdikdən sonra artıq post idi. El dilində desək, iti bayıra bağlasan, o havada durmazdı. Ancaq 18 yaşlı əsgərlər postda güllənin qabağında durmuşdular. “Şəhərdən sizinlə görüşməyə gəliblər” dedikdə, əsgərlərin üzündə sevinc gördüm. Nə istədiklərini soruşanda, “çox sağ olun, hər şeyimiz var”, dedilər. Bəlkə də nəyəsə ehtiyacları var idi. Ancaq başı dik imtina etdilər. Bu yerdə, türklərin bir deyimi yadıma düşdü: “Mən Vətənimi qarşılıqsız sevirəm“. Həqiqətən də bu sözü o səngərdə duran əsgərlər ürəklə deyə bilərlər. Ermənilərdən cəmi 600 metr məsafədə, hər an hücumu gözləyirdilər. Özüm hərbi xidmət keçdiyimdən, silahın, güllənin, o səslərin, o təhlükənin nə olduğunu qismən də olsa, anlayırdım. Və sadəcə onların qarşısında baş əymək gəlirdi əlimdən.
Nə qənaətə gəldim:
1. Millətimiz çox mərd millətdir. Göydən minamyot, qrad, güllə yağsa da millət yerindən tərpənmir. Əsgərlərin gözündə qorxu yerinə hirs gördüm. Millətimlə fəxr edirəm!
2. Qazanılan sərvətlərin kimlərin cibindən oğurlandığını gördüm. Çox yox, 5 min pul ilə bir evin altında ağır silahlardan qorunmaq üçün bunker tikmək olar. Onu belə eləmək gücündə deyilik. Halbuki, o şəraitdə yaşayan vətəndaşlarımız yağ, bal içində olmalıdılar. Uzun sözün qısası, oğurlanan pulların hesabını vətəndaşlarımız canı ilə ödəyir. Aidiyyatı olan adamlar, o pulları xərclədikdə gördüyüm səhnələri gözlərinin önünə gətirsinlər.
3. Dostluqdan, insanlıqdan bolluca danışırıq. Dillərdə “darda olana arxa çevirmək olmaz” kimi ifadələri işlədirik. Gördüyüm o oldu ki, biz darda olan vətəndaşlarımıza arxa çevirmişik.
Sabah səhər Moskvada olmalı idim. Səfərimi ləğv etdim. Son iki gün ərzində olduğum bu səfər kimi yoran səfərim olmamışdı. Bilənlər var ki, yollarda asan yorulan deyiləm. Ən son 22 gün ərzində Amerika və Kanadada 9 təyyarə və 8 şəhər dəyişdim. Və bir gündə 1300 km yol sürdüm. Ancaq bu qədər yorulmamışdım. Psixoloji yorğunluq isə bilirsiz ki, istənilən fiziki yorğunluqdan pisdir.
Yəqin ki, heç kim məni bu qədər sentimental yazan kimi tanımır, amma qarşılaşdığım mənzərə məni buna vadar etdi. Gənclərə məsləhət görürəm ki, gözləri ilə görsünlər. İnanın, içində bir az belə insanlıq hissi olan birisi olanlara sakit qalmayacaq və bacardığı qədər dəstək olmağa çalışacaq. Bizlərin tək bir yol gedib əsgərlərə şəhərdən salam aparmamız onlara ikinci nəfəs verir. Sözün əsl mənasında vətəndaş borcumu bu gündən anladım. Sizlərə də bu hissləri arzulayıram.
P.S. Ürək açan isə əsgər, zabitlərimizin əhvalı idi. Mübariz, qorxmaz, gözündə hirs və qan olan Azərbaycan hərbçiləri! Hər birinin qarşısında baş əyirəm…