Keçmiş polis əməkdaşının dələduzluğu

polislerO, bu işdə Prezident Administrasiyasındakı qohumunun da adını hallandırıb

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 8, ev 15-də daimi qeydiyyatda olub Salyanda müvəqqəti yaşayan Ilqar Məmmədli “Azadlıq”a müraciət göndərib. Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev, Daxili Işlər Nazirliyinin rəhbəri Ramil Usubova müraciət edən Ilqar Məmmədlinin müraciətində deyilir:

“1969-cu il təvəllüdlü Vüqar Əliyevi mən Şabranda birgə işlədiyimiz dövrdən tanıyıram. Iş yoldaşı kimi onunla başlayan münasibətlərimiz sonradan dostluğa çevrildi. 2006-2007-ci ildə Vüqar Əliyev iş yerini Quba rayon polis şöbəsinə dəyişdirdi və onunla yenə əvvəlki dostluğumuz davam edirdi.  2008-ci ildə ailə vəziyyətimlə bağlı DIN rəhbərliyinə müraciət edərək öz istəyimlə daxili işlər orqanlarından  xaric olundum. 2009-cu ildə Vüqar da Quba rayon polis şöbəsindən öz raportuyla işdən azad olundu. 23.11.2009-cu ildə onunla Xırdalanda görüşəndə işsiz olduğumu bildiyindən pul tapmaq mümkün olarsa, Prezident Administrasiyasında işləyən qohumu vasitəsilə mənə iş tapmağa kömək edə biləcəyini dedi. Ondan təxminən nə qədər pul lazım olduğunu soruşanda dedi ki, öyrənib deyərəm. Sonra Vüqar mənə zəng edərək dedi ki, sənin işini qohumumla danışmışam, on min manat pul versən, bir-iki aya Ali Məhkəmədə məsləhətçi vəzifəsində işə qoyulacaqsan.

24.11.2009-cu ildə Vüqarın mobil telefonuna zəng edib 10 min ABŞ dolları faizlə pul götürdüyümü ona dedim. Onunla Xırdalandakı “Babək” kafesində görüşdük. Vüqarın yanında  Əli adında jurnalist işləyən bir şəxs də vardı. Orada Vüqara 12500 dollar verdim. Təxminən bir ay sonra Vüqara zəng edib 4 faizlə aldığım pulun 600 dollarını ödədiyimi, heç olmasa 2010-cu ilin yanvar ayının faizinin ödənilməsi vaxtınadək işi düzəltməsini xahiş etdim. Vüqar faizləri ödəməkdə mənə kömək edəcəyini desə də, sözünə əməl etmədi. Onun mobil telefonuna olan zənglərimə və mesajlarıma heç bir cavab vermədi. Vüqarın yaşadığı evə gedəndə isə verdiyim pulu hara xərclədiyi barədə məlumat vermədi. 06.09.2012-ci il tarixində Vüqarın məni aldadaraq pulumu ələ keçirməkdə, 24 min dollar pulun mənə qaytarılmasına kömək göstərilməsi üçün  Baş Prokurorluğa müraciət etdim. Müraciətim aidiyyəti üzrə Abşeron prokurorluğuna, oradan istintaq Abşeron polis şöbəsinə göndərildi. Təhqiqat bölməsində araşdırma aparılarkən Vüqar xahiş etdi ki, şikayət ərizəni geri götür, pulunu qaytaracağam.

O, 09.11.2012-ci il tarixdə təhqiqatçı Ayaz Gülməmmədov və  Vüqarın yaxşı tanıdığı dayım Nuru Əhmədovun iştirakıyla iltizam verərək mənə pulumu qaytaracağına söz verdi. Ayaz Gülməmmədov 08.10.2012-ci ildə Vüqar Əliyev barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdi. O, iltizamı 09.11.12-ci il tarixində almasına baxmayaraq qərarı oktyabrın 8-də qəbul edib. Təhqiqatçı Vüqarın maraqlarına uyğun olaraq onun meyvə alveriylə məşğul olmağa məqsədiylə məndən pul aldığını əsas gətirib. Vüqar mənə verməli olduğu 24000 dolları bugünədək qaytarmayıb. Xahiş edirəm, etibarımdan istifadə edərək məni işlə təmin etmək adıyla pulumu mənimsəyən Vüqar Əliyevin verməli olduğu 24000 dolların ödənilməsinə kömək göstərməklə, onun barəsində qanuni tədbir görəsiniz”.

Qeyd edək ki, yazıda adı hallanan Vüqar Əliyevin Prezident Administrasiyasındakı qohumu qurumun şöbə müdirlərindən biridir. Lakin hələlik qarşı tərəf onun adının hallandırılmasını istəmir.