muzeffer baxis

Cinayətlər azalırsa, məhbuslar niyə çoxalır?

muzeffer baxisMüzəffər Baxışov: «Azadlıqdan məhrumetmə cəzasının təyin olunmasında ən böyük səbəblərdən biri konkret şəxslərdən rüşvət almaq niyyətidir»

Xəbər verdiyimiz kimi, ölkədə bütün cəzaçəkmə və istintaq təcridxanalarında ümumi məhkumların sayı 24 minə qədərdir və bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir.

Bu sözləri deputat Çingiz Qənizadə deyib. Üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsi adından bununla bağlı cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirən Ç.Qənizadə deyib ki, bu rəqəm eyni zamanda, büdcədən xərclərin artmasına da səbəb olur:

“Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində bu məhkumların sayı xeyli aşağı düşəcək.

Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına”.

Əslində, bu statistik rəqəm hökumətin başqa bir statistik rəqəmlərin alt-üst edir. Hüquq-mühafizə orqanları ölkədə hər ötən ay cinayətkarlığın aşağı düşdüyünü bəyan edir. Amma əgər həbsxanalar məhbuslarla dolursa, bu o deməkdir ki, cinayətkarlıq azalmır, əksinə artır.

Bundan başqa Azərbaycanda ittiham olunanlara ən ağır, həbs cəzasının verilməsi təsadüfi deyil. Bu əslində rüşvət və korrupsiyaya yol açan faktorlardan biridir.

Hüquqşünas Müzəffər Baxışov bildirdirdi ki, törədilmiş cinayətlərə görə, Azərbaycan Avropada dördüncü yerdədir. Yəni törədilən cinayətlərin əhalinin yüz min nəfərinə düşən məhbusların sayına görə, ölkəmiz dördüncü yerdə qərarlaşıb. Azərbaycanın Cinayət Məcəlləsinin həddindən artıq bir qüsurlu qanun olduğunun yüksək səviyyədə də etiraf olunduğunu deyən M.Baxışov vurğuladı ki, Azərbaycanın Cinayət Məcəlləsi Rusiyanın Cinayət Məcəlləsinin olduğu kimi köçürülməsidir: “Törədilmiş cinayətlərdə azadlıqdan məhrum edilmə hökmünün çıxarılması həddindən artıq çoxdur. Bu ikinci ən ciddi səbəbdir. Yüz min nəfərə düşən sayda 24 min azadlıqdan məhrum edilmə cəzasının çıxarılması çox böyük bir rəqəmdir. Cinayət Məcəlləmizdə törədilmiş cinayətə görə, dörd alternativ cəzanın nəzərdə tutulmağına baxmayaraq, məhkəmə bir qayda olaraq dördüncü cəzanı təyin edir. Tutalım törədilmiş cinayyətə görə maddənin sanksiyasında cərimə, islah işləri, ictimai işlər və üç ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Məhkəmə yalnız sonuncunu azadlıqdan məhrum etməni seçir. Bu da Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini ciddi şəkildə pozur. Bu maddənin tələblərinə görə, cəza təyin olunarkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəzlik dərəcəsi, təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı yüngüləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın ailəsinə təsiri nəzərə alınır. Amma məhkəmələr hakimlərin dövlət ittihamçılarının təzyiqi altında olması və onlardan həddindən artıq qorxduğuna görə, qanuna istinad etmirlər. Bu da elə belə deyil prokurorluğun məhkəmələrə çox ciddi təzyiq imkanları var. Çünki prokurorluğun Məhkəmə Hüquq Şurasına hakimlərlə bağlı etdiyi müraciətlər onların cəzalandırılması ilə nəticələnir. Ona görə hakimlər prokurorların istədiyi cəzanı təyin edirlər”.

Digər bir tərəfdən M.Baxışovun sözlərinə görə, məhkəmələrdə bir bazar yaranıb. M.Baxışov bildirdi ki, məhkəmələr istənilən cinayət işinə görə, azadlıqdan məhrum edilmə cəzası təyin edirlər ki, bu cinayət törətmiş digər şəxslərə xəbərdaredici əhəmiyyət daşısın. Nəticədə bununla rüşvət mexanizmi işə salınır. Hakimlərə rüşvət verilir ki, onlar yüngül cəza versinlər. Azadlıqdan məhrum etmə cəzasının təyin olunmasında ən böyük səbəblərdən biri konkret şəxslərdən rüşvət alıb, onlara yüngül cəza təyin etmək mexanizmidir”.

Xəyal