abd-kongres

ABŞ Konqresi Xədicə İsmayılın müdafiəsinə qalxır

amal kluniKonqresdə jurnalistin vəkili Amal Kluni ilə görüş keçirilib

Tanınmış britaniyalı vəkil, Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılın hüquqlarını Avropa Məhkəməsində müdafiə edən Amal Kluni aprelin 21-də ABŞ Konqresində görüş keçirib. Bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumatda bildirilir ki, Amal Kluninin konqresmenlərlə görüşü zamanı əsas müzakirə mövzusu Xədicə İsmayılın həbsi barədə olub.

“Xədicə İsmayılova həbs olunarkən Azərbaycan prezidenti İlham Əliyevə qarşı korrupsiya ittihamlarını araşdırırdı”, – deyə “The Washington Post” xatırladır.

Məlumatda qeyd olunur ki, dünyaca məşhur aktyor olan əri Corc Kluni kimi Amal Kluni də Konqresdə tez-tez görünür. Bu dəfə Amal Kluni Cim Makqovern və İnsan hüquqları üzrə ikipartiyalı komissiyanın həmsədri Tom Lantosla görüşüb.

Qeyd edək ki, Makqovern dünyada korrupsiyada və insan hüquqlarının pozulmasında əli olan şəxslərin cəzalandırılmasını nəzərdə tutan “Qlobal Maqnitski Aktı”nın müəllifidir. O, korrupsiya və insan haqlarının pozulmasına görə Azərbaycan hökumətinə qarşı sanksiyalar nəzərdə tutan “Demokratiya Aktı”na da martın əvvəlində qoşulub.

Makqovernin mətbuat katibi “The Washington Post”a bildirib ki, konqresmenlə vəkil Kluni arasında görüş təxminən 40 dəqiqə çəkib və Xədicə İsmayılın azadlığa buraxılması üçün səylərin artırılması müzakirə olunub.

“Yaşadığımız dünya yalnız o zaman təhlükəsiz olar ki, jurnalistlərin korrupsiyanı ifşa etmək azadlığı olsun, hökumətləri daha məsuliyyətli olmağa məcbur edə bilsinlər. Xədicə İsmayılova da Azərbaycanda məhz bu işlə məşğul idi. Xədicənin azadlığa buraxılması üçün Amal Kluninin səylərinə qoşulmağımla fəxr edirəm. Ağ Evi və bütün konqresmenləri də bu işdə mənə qoşulmağa çağırıram”, – deyə Cim Makqovern bildirib.

Siyasət şöbəsi