Uğura inanmaq

saadet-cahangir-koseSəadət Cahangir

Kim nə deyir-desin, ən böyük uğursuzluqlar bizim böyük xəyallarımızı gerçəkləşdirmək imkanımıza güvənsizlikdən irəli gəlir. Daha dəqiq desək, özümüzə inamsızlığımızdan. Bu həqiqət, bəlkə də, ən çox Azərbaycan reallığına aiddir. Problem ondadır ki, böyük uğurlar qazanmaq şərtləri ağır olan bir mühitdə çox zaman insanın öz gücünə inamı da sarsılır. Çevrədəki basqılar, yalanlar, qanunsuzluqlar, əngəllər istər-istəməz insanı ruhdan salır. O halda da başlayırıq başqalarının uğurlarına həsrətlə baxıb köks ötürməyə. Daha düşünmürük ki, dövlət quşu heç kimin başına durduğu yerdə gəlib qonmur. Heç kimin əldə etdiyi nailiyyətlər də ovcuna göydən sehrli alma olaraq düşmür. Unuduruq ki, uğurun sirrini tapmış cəmiyyətlər də o mərhələyə gəlib çıxana kimi bizim qədər ağrılı-acılı yollardan keçib. Niyə özümüzə bu qədər inamsızıq, niyə günümüzü başqalarının qazandığı nailiyyətlərə baxıb ah çəkməklə keçiririk, niyə xilasımızı kənarda axtarırıq? Bilirsiniz niyə? Özümüzü, öz gücümüzü, öz imkanlarımızı düzgün qiymətləndirmədiyimizə görə. Gözümüzün düz önündəki şansları qaçırdığımıza görə. Həyatımızı dəyişmək, yeni düzən qurmaq, irəli getmək üçün yanında yer ala biləcəyimiz potensiallı insanları düzgün dəyərləndirmədiyimizə görə…

Uğurun sirri bu hekayədəki kimi insanların özünə inamında deyilmi, sizcə? Bir gün məktəb direktoru üç müəllimi yanına çağırıb deyir: “Siz sistemdə ən yaxşı və peşəkar pedaqoqlar olduğunuz üçün seçilmiş doxsan zəkalı şagirdi sizə verəcəyik. Bu şagirdlərin gələn il də eyni bacarıqla çalışıb yaxşı təhsil alacaqlarına ümid edirik”. Həm müəllimlər, həm də şagird və valideynlər bu qərardan məmnun qalırlar. Dərs ili bitən zaman şagirdlər şəhərdəki başqa şagirdlərə görə göstəriciləri 20-30% daha uğurlu olur. Müdir yenə hər üç müəllimi yanına çağırır: “Bir etiraf etmək istəyirəm. Əslində, o 90 nəfər ən zəkalı şagird deyildi. Onlar orta səviyyədən bir az yuxarı olan şagirdlərdi ki, siyahıdan təsadüfən seçmişdik”. Bunu eşidən müəllimlər yüksək uğurun öz öyrətmə qabiliyyətləri ilə ortaya çıxdığını düşünürlər, amma məktəb müdiri deyir: “Daha bir etirafım var. Siz də ən uğurlu müəllimlər deyildiniz. Adlarınızı bir torbanın içinə doldurduğum kağızların arasından təsadüfi seçdim. Siz inandığınız üçün uğurlu oldunuz. Onlar da elə…”

Bax, əsl həqiqət budur. Qazanmağın başlıca sirri özünə güvənərək çalışmaqdır. Çətinliklərə, əngəllərə, badalaqlara baxmadan dirənişlə çalışmaq. Bacaracağına mütləq şəkildə inanaraq çalışmaq. Kənardakı boşboğazları, ərincəkləri və ətalət basmışların atmacalarına fikir vermədən çalışmaq. “Bu xalqdan heç nə çıxmaz” deyənlərə inad olaraq çalışmaq. “Hər kəs bacarar, biz yox” cəfəngiyatını puça çıxarmaq üçün çalışmaq. Həqiqətən, biz niyə bacara bilmirik ki,- Gürcüyə, ukraynalıya baxıb nə qədər köks ötürəcəksiniz? Nə qədər öz gücünüzə, ağlınıza, uğur formulunuzun tutacağına şübhə ilə yanaşacaqsınız? Nə qədər Saakaşvililərin, Poroşenkoların boyuna sevinəcəksiniz? Onların hansısa yad planetdən gəldiyini düşünürsünüzsə, yanılırsınız. Ətrafa daha oyaq gözlə baxsanız, onlardan daha qətiyyətli, daha cəsur, daha layiqli namizəd olduğunu da fərq edərsiniz. Ətrafa ayıq gözlə baxsanız, çox şeyin fərqini ayırd edərsiniz, uğur qazanmaq üçün böyük imkanların olduğunu da.