Keçmiş nazir müavininə 8 il həbs cəzası verildi
Mehman Səlimov: «MTN-də məndən Səfər Əbiyevin üzünə durmağı tələb etdilər, əks halda, həbs olunacağımı dedilər»
1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimova 8 il həbs cəzası verilib. Bu barədə dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. Bundan əlavə, Müdafiə Nazirliyinin keçmiş nazir müavininə qarşı 1 milyon 205 min manatlıq mülki iddiası da təmin olunub.
“Səfər Əbiyev məni yanına çağırıb dedi ki…”
Hökmdən əvvəl Mehman Səlimov məhkəmədə son sözünü deyib.
Barəsindəki cinayət işinin başdan-ayağa saxta olduğunu deyən sabiq nazir müavini deyir ki, hərbi obyektlərin, binaların tikilməsi üçün yetərincə vəsait ayrılmayıb, sonra da onu tikintini vaxtında başa çatdırıb təhvil verməməkdə günahlandırıblar: “Məni Səfər Əbiyev yanına çağırıb irad tutdu, dedi ki, tikintini vaxtında təhvil verməməyinlə bağlı şikayət var. Ona sübut eləməyə çalışdım ki, pul çatışmır. Onu tikinti yerinə dəvət elədim, gəlib baxdı, komissiya yaradıldı, müəyyənləşdirildi ki, ayrılan pulla o hərbi obyektləri tikmək mümkün deyil. Səfər Əbiyev işdən çıxarılandan sonra qara günlər başladı. Müdafiə Nazirliyinə hər kvadrat metrə görə 420 manat pul ayrılıb, amma Sərhəd Qoşunlarına 570, Daxili Qoşunlara isə 620 manat. Müdafiə Nazirliyinə ayrılan vəsaitlə o işi həyata keçirmək mümkün deyildi. Ona görə də Müdafiə Nazirliyilə işləmiş tikinti şirkətlərinin rəhbərləri indi Kürdəxanı təcridxanasındadır. Müstəntiq məndən soruşdu ki, ”xeyrin yox idisə, niyə tikintini davam etdirirdin?” Dedim ki, bataqlığa girəndə çıxmaq olmur”.
“Qırmızı-qırmızı məndən pul da istəyirlər”
Mehman Səlimov qeyd edib ki, bəzi obyektlərin tikintisini başa çatdırmaq üçün öz evini, bağını satıb, qızının mənzilini girov qoyaraq, kredit götürüb həmin işlərə sərf edib: “Mən 2014-cü il noyabrın 19-da həbs olunanda tikinti yerində çoxlu materiallar, texnika vardı. Hara getdi onlar? Deyirlər ki, məndən sonra gələn tikinti şirkəti əlavə pul ayrılmadan tikintini başa çatdırıb təhvil verib. Deməli, mənim aldığım avadanlıqlar, materiallar hesabına. Əlavə pul ayrılmadığı, Müdafiə Nazirliyi ziyana düşmədiyi halda, məndən niyə 1 milyon 205 mini istəyir? Heç konkret qərarla müəyyənləşdirilməyib ki, mən hansı işləri görmüşdüm, məndən sonrakı hansı işləri görüb”.
Mehman Səlimov intriqaların qurbanı olduğunu bəyan edib: “Mən dövlətçiliyə görə canımı fəda eləmişəm. Indi kiminsə intriqasına düşmüşəm. Məni bir il MTN-ə çağırdılar ki, Səfər Əbiyevin üzünə durum, əks halda, apardığım tikintini dayandırıb həbs olunacağımı dedilər. Bu gün ailəm kirayələrdə qalır, amma utanmadan, qırmızı-qırmızı gəlib hələ bir məndən pul istəyirlər.
Xahiş edirəm, qərarı verəndə ədalətli olun, 1 il 8 aydır Kürdəxanı təcridxanasındayam. Mənim 60 yaşım var, neçə il müharibədə olmuşam. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşam. Hamı Heydər Əliyevi qoyub qaçanda mən sinəmi qabağa vermişəm. Heydər Əliyev sağ olsaydı, heç kim məni bura sala bilməzdi”.
Mehman Səlimovun son sözündən sonra hökm elan olunub.
Mehman Səlimov CM-in 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunur. O, Müdafiə Nazirliyinin sifarişi ilə hərbi şəhərcik tikərkən, öhdəlikləri yerinə yetirməməkdə günahlandırılır.
Aytən