Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana rəsmi səfəri ilə bağlı cümə axşamı Yerevanda “Artsaxdan əllərinizi çəkin” (ermənilər Dağlıq Qarabağa Artsax deyir) etiraz yürüşü keçirilib.
Təxminən 200 nəfərə yaxın Yerevanın Azadlıq meydanında qısa mitinqdən sonra aksiya iştirakçıları əllərində Ermənistan və tanınmamış “DQR” bayraqları ilə “Öz taleyimizi özümüz həll etməliyik”, “Azad müstəqil Ermənistan” çağırışlarla Rusiya səfirliyi istiqamətində irəlilədilər
Bəziləri əllərində aprelin əvvəlində Dağlıq Qarabağ münaqişə bölgəsində 4 gün davam edən döyüşlərdə həlak olanların şəkillərini tuturdu.
Nümayişçilər Ermənistan XİN binası önündə də öz tələblərini səsləndirdilər. Onlar “Rusiya mətbuatına sızdırılmış məlumatlara görə”, Lavrovun Yerevana Qarabağ münaqişəsinin həlli planını gətirdiyini deyirdilər.
Rusiya XİN rəhbərinin Ermənistan səfəri ərəfəsində Rusiya KİV-ləri Lavrovun Yerevana “tənzimləmə planı” ilə getdiyini bildiriblər.
“Nezavisimaya qazeta” danışıqlarətrafı dairələrə istinadən, Madrid prinsiplərinin yeniləşdirilmiş varıantının müzakirə olunduğunu yazır.
Sözügedən plana əsasən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında bufer zonası təşkil edən 5 rayonun Azərbaycana qaytarılması, qaçqınların bu rayonlara qayıtması, sülh sazişinin imzalanması və sülhməramlı hərbi kontingentin
Qəzet cari mərhələdə Dağlıq Qarabağın statusu barədə söz getmədiyini ehtimal edir, çünki “tərəflərdən birinin xeyrinə olan istənilən konkret qərar münaqişənin digər iştirakçısının Rusiyadan üz döndərməsinə” səbəb ola bilər.
Rəsmi Yerevan Qarabağ münaqişəsinin tənzimlənməsinə dair “masa üzərində heç bir sənəd” olmadığını deyir.
Cümə axşamı Ermənistan hökumətinin növbəti həftəlik toplantısından sonra Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə deyib: “Sənəd – Madrid, Kazan sənədləridir… Lakin hazırda konkret heç bir sənəd yoxdur. Lavrov bizdən cavab tələb etməyə gəlmir, müxtəlif sahələrdə əlaqələrimizin müzakirəsi üçün gəlir”.
Və təbii ki, ələlxüsus “indiki qarşıdurma xəttindəki gərginlik şəraitində”, Qarabağ məsələsi danışıqlar mövzusu olmaya bilməz, Ermənistan XİN rəsmisi deyib.
Yürüş iştirakçıları “beynəlxalq hüquq qanunlarına əsasən “DQR-in” müstəqilliyinin tanınmasını, Rusiya tərəfindən Azərbaycana hücum əməliyyatları üçün nəzərdə tutulan və erməni xalqına qarşı istifadə edilən müasir hərbi texnika, o cümlədən, kütləvi qırğın silahları verməsinə son qoymağı” tələb edirlər.
Aksiya iştirakçıları bəyan edirlər ki, erməni tərəfi “bir qarış torpaq belə güzəşt etmək niyyətində deyil”, bölgəyə sülhməramlı qüvvələrin yeridilməsinə qarşıdır və “lazım gəlsə, xalqının təhlükəsizliyi naminə daha geniş təhlükəsizlik zonasını yaratmağa hazırdır”. Onlar “Artsaxda yeganə sülh və təhlükəsizlik qarantiyası Artsax əsgəri” olduğunu deyir.
Yol boyunca və Rusiya səfirliyi önündə 2-3 dəfə yüngülvari toqquşmadan başqa, yürüş kolonnasını müşayiət edən və XİN və səfirlik binaları ətrafında tədbirdən bir neçə saat əvvəl toplanmış polisin iştirakı ilə insident olmadı
XİN binası önündə mitinq zamanı özünü Gevorq adlandıran gənc yarı erməni, yarı rus dilində aksiya iştirakçılarına narazılığını bildirdi ki, “Rusiyaya qarşı və Lavrovun ünvanına ədəbsiz ifadələr” işlədirlər.
“Rusiyada 3 milyon erməni yaşayır. Siz onlar barədə düşünmürsünüz. Ayıbdır!” – əsəbi halda qışqıran gənci polis ona hücum etməyə hazırlaşanlardan təcrid etdi.
Bəzi plakatlara Lavrova və prezident Serj Sarkisyana ünvanlanan çağırışlarda “rədd ol” ifadəsi aşkar söyüş sözlə ifadə olunmuşdu.
İzdiham bu insidenti “aksiyaya qarşı uğursuz provokasiya” kimi qiymətləndirdi.
Bir qədər dartışmadan sonra polis nümayişçilərə Rusiya səfirliyi üçün gətirdikləri “hədiyyəni” səfirliyin darvazası önünə qoymağa icazə verdi.
Fəal David Sanasaryan qutudan qana bulanmış “rus çəkməsini” səciyyələndirən bir ayaqqabı tayını çıxartdı və dedi ki, “bu çəkmənin bizim torpağımızla əlaqəsi olmayacaq”. [Xatırladaq ki, Ermənistanın Gümri şəhərində 102 saylı Rusiya hərbi bazası yerləşir və Moskva ilə Yerevan arasında müqaviləyə əsasən, Ermənistanın Türkiyə və İranla sərhədlərində isə Rusiya sərhədçiləri xidmət edir].
Daha sonra, David Sanasaryan qutudan bir butulka çıxardı və: “Bu, Molotov kokteylidir. Kimsə torpaq təhvil versə, bu, tək səfirliyə yox, Bağramyan 26-ya (Ermənistan prezidentinin iqamətgahı yerləşir – red.) və torpaq təhvil verənin üstünə atılacaq”, – dedi.
Gur alqış sədaları altında bir qrup nümayişçi “hədiyyəni” səfirliyin darvazası önünə qoymağa buraxıldı.
Sergey Lavrovun Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri planlaşdırılıb.
Bu gün Ermənistan və Rusiya XİN rəhbərlərinin birgə mətbuat konfransı da gözlənilir. (BBC azeri)







