Nazim Ağabəyov: «Həbsimin səbəbi Emin Millinin qohumu olmağımdır, amma mən hökuməti, prezidenti dəstəkləmişəm…»
Meydan TV-nin direktoru Emin Millinin qaynı, ötən ilin iyulundan həbsdə olan Nazim Ağabəyov məhkəmə zalında azadlığa buraxılıb. Bu barədə dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.
Hökmdən əvvəl isə Nazim Ağabəyovun vəkili Adil Ismayılov məhkəmədə müdafiə nitqilə çıxış edib. Nazim Ağabəyova qarşı ittihamın saxta olduğunu deyən vəkil bildirib ki, bu cinayət işində çoxsaylı qanun pozuntularına yol verilib və həmin pozuntular da məhkəmə prosesi boyunca diqqətə çatdırılıb.
“Ekspertin səviyyəsini gördük…”
“Ittihamda yazılıb ki, Nazim Ağabəyov narkotiki guya, satış məqsədilə əldə edib. Nə vaxt, harada, kimdən?
Nazim Ağabəyov narkotikdən uzaq bir adamdır. Onun həbsi sadəcə, əvvəlcədən quraşdırılmış oyunun tərkib hissəsidir. Biz məhkəmə prosesində bunu sübut elədik”, – deyə Adil Ismayılov bildirib.
Müdafiəçi deyir ki, saxlanılarkən Nazim Ağabəyova guya, təqdim olunmuş vəkillərin siyahısında hadisədən altı ay əvvəl vəfat etmiş vəkilin adının olması da bu işin saxtalığından xəbər verir: “Ağabəyovdan tapıldığı iddia olunan narkotikin əslində, ona heç bir aidiyyəti yoxdur. Məhkəmədə gəlib ”bir kisə unun içinə bir çimdik heroin atılsa, onu bir kisə heroin kimi qiymətləndirəcəyik” deyən ekspertin də, ekspertizanın da səviyyəsini burada gördük. Müstəntiq materiallar daxil olmadan cinayət işi başlayıb – bu da daha bir qanunsuzluq…”
Adil Ismayılov çıxışının sonunda Nazim Ağabəyov barəsində bəraət hökmü çıxarılmasını istəyib.
“Mən cinayətkar deyiləm”
Nazim Ağabəyov özü də son sözündə günahsız olduğunu bildirib: “Mən cinayətkar deyiləm. Narkotiklərin dövriyyəsi ilə də heç vaxt məşğul olmamışam. 20 ilin mütəxəssisiyəm. Evdə xəstə uşağım var, mən heç vaxt ailəmi qoyub narkotiklə məşğul olmaram. Mən nə spirtli içki içirəm, nə siqaret çəkirəm. Ekspertizadan keçəndə də gördülər ki, qanım təmizdir. Həbsimin səbəbi Emin Millinin qohumu olmağımdır. Amma demək istəyirəm ki, mən heç vaxt müxalifətçi olmamışam, hökuməti, prezidenti dəstəkləmişəm. Işləyib vergi vermişəm, normal adi vətəndaş olmuşam. Hökumətdən də heç bir narazılığım yoxdur”.
Qısa müşavirədən sonra hökm elan olunub. Məhkəmə hökmdə Nazim Ağabəyovun satış məqsədi olmadığı nəticəsinə gəlib. Bu səbəbdən də CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik) maddəsilə ona verilən ittiham CM-nin 234.1-ci (şəxsi istehlak miqdarından artıq narkotik saxlama, daşıma) maddəsinə tövsif edilib. Bu maddə ilə Nazim Ağabəyova 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun ötən il iyulun 23-dən bəri həbsdə saxlanıldığı müddət çıxılmaqla, qalan cəza şərti hesab olunub. Ağabəyov iki il sınaq müddəti olmaqla, şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.
IT mütəxəssisi olan Nazim Ağabəyov eyni zamanda, Xalq rəssamı Mais Ağabəyovun oğludur. O, məhkəməyə ifadəsində narkotikin onun cibinə və maşınına polislər tərəfindən atıldığını bildirmiş, həbsinin səbəbinin isə Emin Millinin qohumu olmasıyla əlaqələndirmişdi.
Onu da qeyd edək ki, bugünlərdə mediada Nazim Ağabəyovun həm həyat yoldaşının, həm də atasının prezidentə müraciəti yayımlanmışdı. Həmin müraciətdə Emin Millinin fəaliyyətilə bağlı sərt ifadələr işlədilmiş, Nazim Ağabəyov və ailəsinin daim bu hökuməti dəstəklədiyi vurğulanmışdı.
Aytən