Yazıçı Əkrəm Əylislinin ittiham olunduğu xuliqanlıq maddəsi hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə maddəsinə tövsif olunub.
Bu barədə vəkil Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, həmin maddə ilə 3 ilə qədər azadlıqdan məhrumetmə cızası nəzərdə tutulur: “Bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olduq. Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə qaldırılmış cinayət işi Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, başqa cəza növü yoxdur”.
“Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi”, – deyə vəkil vurğulayıb.
İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı, 1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0×2,5 ölçüdə soğlun göyümtül qançır yaranıb.
Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirdi. İstintaq davam edir”.
Qeyd edək ki, Ə.Əylisli martın 30-da Heydər Əliyev Hava Limanında saxlanılmış və sonra sərbəst buraxılmışdı.
Yazıçı barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. (virtualaz.org)



