Səudiyyə İranla çəkişsə, neft 30 dollara düşəcək

neft“The Daily Telegraph” qəzetində Jillian Ambrose yazır ki, neft qiymətlərinin bir günün içərisində aşağı-yuxarı oynaması artıq adi hal alıb.
Son birja satışında səhər neft qiymətləri 2 faiz ensə də, axşam çağı yenidən 2016-cı il üçün ən yüksək həddinə dırmanıb.
Buna iki xəbər səbəb olub. Küveytdə neftçilərin tətilinin nəhayət dayanması barədə xəbər neftin qiymətini salıb, lakin günün ikinci yarısında ABŞ-da neft təchizatına dair son hesabatın gəlməsi ilə qiymətlərin yüksəlməsi bir olub.
Beləliklə, neftin qiyməti səhər 43 dollara düşüb, axşam 45 dollara qalxıb.

“Axşam bazarı”

Neft qiymətlərinin “axşam bazarında” dirçəlməsinə səbəb olmuş ABŞ enerji hesabatında deyilirdi ki, Amerika neft anbarlarının dolması

gözlənildiyindən daha az həcmdə olub. Neft qiymətlərinin aşağı-yuxarı oynaması artıq adi hal alıb.

“The Telegraph” yazır ki, neft qiymətlərinin təlatümü ötən həftə OPEC və qeyri-OPEC üzvləri Qətərdə keçirilən görüşdə hasilatın dondurulması barədə razılığa gələ bilməyəndən sonra başlanıb.
Həmin iclasın ertəsi günü neft qiymətləri az qala 40 dollardan aşağı enmişdi, lakin üç gün sürən Küveyt tətili qiyməti nəinki bundan aşağı düşməyə qoymadı, hətta bir az qaldırdı da.
Lakin Saxo Bankın neft təhlilçisi Ole Hansen “The Telegraph” qəzetinə deyib ki, Küveytin hasilatı tətildən əvvəlki səviyyəyə qaldırmağa çalışdığı bir vaxtda diqqəti yenidən qiymət dəyişmələrinin başqa göstəricilərinə yönəltmək lazımdır.

Dohanın səsi sonra çıxacaq

Xanım Hansen xəbərdarlıq edib ki, ötən həftəsonu Dohada iflasa uğramış iclasın təsirləri hələ tam üzə çıxmayıb.
Onun sözlərinə görə, əslində, bu görüşdə razılığa gəlinməməsi qarşıdan gələn aylarda hasilatın gözlənildiyindən daha çox artmasına yol aça bilər. Bu isə neft qiymətlərini yenidən üzüaşağı dartmaq iqtidarında olan faktordur.

Təhlilçi deyir ki, Səudiyyə Ərəbistanının siyasi hakimiyyət strukturundakı dəyişiklik neftin qiymətlərinə siyasi təsir göstərə bilər.
Əgər Səudiyyə hasilat silahını İranın əleyhinə çevirib neft çıxarılmasını artırarsa, bir barrelin 30 dollara düşəcəyi istisna olunmamalıdır.
Bura öz növbəsində İranın da neft hasilatını artırmağa çalışmasını, Liviyadakı siyasi vəziyyətin yaxşılaşacağı ehtimalını əlavə etmək lazımdır.
Xanım Hansen deyib ki, Liviyanın bazara qayıtması günə əlavə olaraq 1, 6 milyon barrel neft deməkdir.

Saxo Bank inanır ki, Brent markasından olan neftin qiyməti yay aylarında 35-45 dollar arasında ləngər vurmaqda davam edəcək.
Bundan sonra qiymətlərin 50 dollara yüksəlməsini də gözləmək olar. (bbc azeri)