“Post”da qalan sonuncu rəssam

 

sureyya-muganli«Rəssamlıq mənə azad düşüncələrimi ifadə etmək imkanı verir»

Sürəyya Muğanlı: «Sənət fədakarlar hesabına ayaqda dayanıb…»

Bir rəssam haqqında danışacağıq. Onun bu sənətdəki istiqamət, janr və mövzu seçimi kimi, həyat yolu da qeyri-adiliklərlə doludur. Üstəlik, illərlə yaratdığı əsərlər düz-əməlli “gün işığı” görmədiyindən, nə müəllifinə çörəkpulu qazandıra, nə də sənət taleyini yaşaya bilir…

“Böyük dünyaya babamın komasından baxmışam”

Sürəyya Muğanlı (Zeynalova) 1957-ci ildə Saatlı şəhərində doğulub. Həmin vaxt ekskavatorçu olan atası Mingəçevir SES-in tikintisinə cəlb olunub. Məktəb yaşınadək uşaqlığını Naxçıvandan Mingəçevirin “Incilli” adlanan yaşayış massivinə sürgün olunan babasının yanında keçirdiyini deyir:

“Böyük dünyaya çöllü-biyabanda tikilən komadan baxmışam. Babamla nənəm səhər ertədən çıxır, bir də axşam evə qayıdırdılar. Ətrafda sovxoz vardı, amma o qədər uzaqda idi ki, heç kəsi görə bilmirdim. Bütün günü təbiətlə üz-üzə qalırdım. Səhərlər pəncərə önündə dayanıb Bozdağdan dumanın çəkilməyinə baxırdım. Sonra həyətə düşüb inəklərin otlamağına, buzovların, quzuların dəlisov hərəkətlərinə tamaşa edirdim. Çöl quşları gəlib meyvə ağaclarının budaqlarında yuva qururdu. Quru otların arasından kiçik, rəngli quş yumurtaları tapırdım…”

Məktəbli qızın uzaqgörənliyi

Orta təhsilini Saatlı şəhərində alan Sürəyya Zeynalova yay tətilini Naxçıvanda yaşayan nənəsinin yanında keçirdiyini, orada da fərqli təbiət lövhələri və mədəniyyət gördüyünü deyir. Bütün bunlar onda rəssamlıq sənətinə meyl yaradır. 7-ci sinifdən başlayaraq onun çəkdiyi şəkillər əl-əl gəzir, müsabiqələrdə qalib olur.

O illərdə qazıntılar zamanı Saatlı ərazisindən müxtəlif dövrlərə aid əşyalar tapılırdı. Məktəbli qız atasının köməyi ilə onları toplayıb evlərində saxlayır. Bu əşyalar sonralar Saatlıdakı tarix-diyarşünaslıq muzeyinin ilk eksponatlarına çevrilir: “Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirəndən sonra məni Xarkova göndərmək istəyirdilər. Atam razı olmadı. Rayonda qalıb işlədim. Bu illərdə əyalətlərdə muzeylər təşkil olunurdu. Artıq mən tanınırdım – sərgim keçirilmiş, keçmiş SSRI üzrə festival qalibi olmuşdum. Saatlının 1-ci katibi Almaz Hacıyeva muzey yaratmağı mənə həvalə etdi. Gənc qız üçün bu, çox məsuliyyətli vəzifə idi. Evdəki kolleksiyamı daşıyıb muzeyə gətirdim. Bu vaxtadək eksponatlarımızın sayını 10 min ədədə çatdırmışıq”.

“Azad düşüncələrin ifadəsi…”

Sürəyyaÿ Muğanlıÿ işləyə-işləyə Incəsənət Universitetinin Mədəni-maarif fakültəsini qiyabiÿ bitirir. Indi o, mədəni irsin təbliği ilə yanaşı, tədrisi ilə də məşğuldur – orta məktəbdə təsviri incəsənət fənnindən dərs deyir. Mədəniyyət sahəsindəki çoxillik ÿfəaliyyəti nəzərə alınaraq 2015-ci ildə “əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Muzey işiÿvə pedaqoji fəaliyyət, çoxsaylı ictimai tədbirlər onu ilk “məhəbbətindən” – rəsmdən ayırmayıb. O, təbiətə, cəmiyyətə, qloballaşan dünyaya rəssam gözü ilə baxır. Dövrün narahatlıq və ağrılarını içindən keçirərək kətan üzərinə köçürür…

Amma o, həyatından, seçimindən narazı deyil, əksinə, özünü xoşbəxt sayır: “Başqa sənətlər sintezdirsə, rəssamlıq fərdidir. Bu sənət məni sirli-sehrli aləmə gətirməklə yanaşı,ÿcəmiyyətin qəbul və diktə etdiklərindən kənarlaşmaq, özümü, azad düşüncələrimi ifadə etmək imkanı verir”.

“Tanrı bütün yaratdıqlarının yaradıcı olmasını istəyir”

Nə qədər qəribə səslənsə də, Sürəyya Muğanlı təsviri incəsənəti də “dəqiq elm” kimi təqdim edir: “Bəzi tarixi faktlar salnamələrə düşməyə, yaxud təhrif edilə bilər. Amma rəsm əsərləri tarixə ən yaxşı bələdçilik edir”.

Onun düşüncəsinə görə, böyük rəssam Yaradanın özüdür:

“Götürək torpağı. Ətri yox, dadı yox, birrənglidir. Amma görün ondan nə qədər ətir, dad, rəng yaranır. Kiçik ölçüdə olan kətan üzərinə də beləcə tariximizin, təbiətimizin, həyatımızın, daxili aləmimizin böyük bir parçası köçürülür. Heç şübhəsiz, bunda Yaradanın razılığı var. Bir mövzu düşüncəni məşğul edir. Ta əlinə fırça alanadək o, içində üsyan edir. Böyük yaradan yaratdıqlarının da yaradıcı olmağını istəyir…”

“Ən güclü etirazımı sürrealizm və postimpressionizmdə ifadə edirəm”

Sürəyya Muğanlının çoxşaxəli, geniş diapazonlu yaradıcılığı var. Zəngin həyat müşahidələri,ÿtükənməz ideyalar “arsenalı”, fəlsəfi fikir dünyagörüşünü ustalıqla ifadə etmək bacarığı ona özünü təsviri sənətin bir çox növ və janrlarında sınamaq imkanı verib. Abstrakt metod və texnikasını yaxşı mənimsəyə bildiyindən sürrealizmə, impressionizmə, postimpressionizmə aid edilən çoxsaylı əsərlər yaradıb. O, bu cərəyanların təsiri altına düşməyindən danışır: “Mən ən mübhəm hislərimi, ən güclü etirazlarımı sürrealizm və postimpressionizmdə ifadə edə bilirəm.ÿAmma deyim ki, bizdə postimpressionizmlə məşhurlaşmaq çətindir. Xaricə gedəndən sonra Cavad Mircavadovun əsərləri tanındı.ÿDeyəsən, hazırkı vaxtda Azərbaycanda ”post”da təkcə mən qalmışam…”

“Bizdə rəsm əsərinə oyuncaq qədər dəyər verilmir”

Sürəyya Muğanlıÿ deyir ki, Azərbaycanda ÿrəsm əsərini hədiyyə etmək mədəniyyəti yoxdur: “Suvenirlər, oyuncaqlar, qab-qacaq bağışlanır, amma sənətə dəyər verilmir. Ən yaxşı rəsm əsərlərimiz xaricə daşınır. Baxaq evlərimizə, ofislərimizə, ictimai binalarımıza, onun divarlarından nə asılıb? Amma cəmiyyətin bu yanaşmasından asılı olmayaraq, sənət fədakarlar hesabına ayaqda dayanıb…”

“Azadlıq” radiosu