Disleksiya –uşaqlarda zəka geriliyi, yoxsa…?

ushaqYunancadan tərcümədə “sözlərdə çətinlik çəkmək” mənasını verən disleksiya termini ilk dəfə 1896-cı ildə ingilis həkimi  W.Pringle Morgan tərəfindən kəşf edilmiş və “British Medical Journal”da  yayımlanmışdır.

Disleksiya zəka geriliyi və ya beyinlə əlaqəli bir xəstəlik deyildir. Bu, öyrənmə çətinliyidir. Disleksiya diaqnozunu təyin etmək çox çətin və diqqət tələb edən prosesdir. O, anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:

–    danışmada gecikmə
–    yeni sözləri gec öyrənmə
–    hərəkət və koordinasiya pozuqluğu
–    istiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bu gün, sabah, əvvəl, sonra) anlayışlarını müəyyənləşdirməkdə çətinliklər
–    danışarkən düzgün sözlərdən istifadə etməmək.

Disleksiya müşahidə olunan uşaqlarda məktəb vaxtında hərfləri öyrənmədə, sözləri hecalamada çətinlik, xatırlamada, yazıları oxumada çətinlik, oxşar səsləri və hərfləri fərqləndirə bilməmək, oxuyarkən sözləri, sətirləri buraxmaq, sözlərin düzgün mənalarını bilməmək, yazmağı və oxumağı bacarsalar belə yazıda çoxlu  hərf səhvləri buraxmaq və çox gec oxumaq kimi xüsusiyyətlər qabarıq şəkildə nəzərə çarpır. Əslində beyinin sol ön payının işlənməsi lazımkən disleksiya problemi olan uşaqlar bunda çətinlik çəkirlər. Belə uşaqlar oxşar  hərfləri, rəqəmləri qarışdırır. Məsələn, b-d, ə-e, p-q, 12-21, 96-69 və s.

Disleksiyası olan uşaqlar gec danışır, gec oxuyur, gec cümlə qururlar. Bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Soruşa bilərsiniz ki, o zaman nə etməli?

Sadəcə disleksiyalı uşaqlar xüsusi təhsil almalıdırlar. Onların zəkası digər uşaqlardan daha güclu olur. Sadəcə onlar oxumaqda, yazmaqda, fikir söyləməkdə əziyyət çəkirlər. Belə uşaqlar diqqət problemi də yaşayırlar. İmtahan suallarını oxuyub anlamaqda çətinlik çəkdikləri üçün şifahi imtahanda daha uğurlu olurlar.

Disleksiyası olan uşaqlar normal intellekt səviyyəsinə malikdirlər.

Bu problemi yaşayan uşaqların valideyinləri uşaqlarını olduğu kimi qəbul etməli, onlara dəstək olmalıdırlar. Onları dərnəklərə aparmalıdırlar (rəsm, musiqi, rəqs və s.). Bu, onların çox xoşuna gələcək. Onların hər bir bacarıqlarını mükafatlandırmalı, gözəl sözlər  söyləməlidirlər. Bacarmadığı işdə onları ruhdan salmamalı, onlarla bu cür davranmamalıdırlar. “Bu dəfə belə oldu, amma inanıram ki, sən bunun öhdəsindən gələcəksən” kimi sözlər deməlidirlər. Onları başqalarının yanında utandırmamalı, özlərinə inanmalarına kömək etməlidirlər. 

Bir məqamı vurğulayaq ki, disleksiya diaqnozu psixoloq tərəfindən müəyyənləşdirilir. Və bu problemin zamanında aşkar edilib mütəxəssislə işlənməsində fayda var. Sonda valideyinlərə demək istəyirəm ki, övladlarınıza dəstək olun, onların buna çox ehtiyacı var….

Alidə Əhmədova

Əlifba Tədris Mərkəzinin baş psixoloqu