İNSAN HÜQUQLARI, İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ İNSTİTUTU
Dünya təcrübəsi və Azərbaycan reallığı
Mətbuatın Avropa Şurasınanın illik hesabatına istinadən açığlamasına görə Azərbaycan adambaşına düşən məhbusların sayına görə Avropada dördüncü sıradadır. Cəzaçəkmə müəssələrində, həbsxanalarda saxlanılan məhbusların sayı 22579 nəfərdir. Bu fakt çox düşündürücüdür. Mövcud olan nəticələrin səbəbləri çoxşaxəlidir. Səbəblərdən biri məhkəmə və prokrorluğun praktikasında azadlıqdan məhrum etmə cəzasının geniş tətbiqi, alternativ, yəni həbslə bağlı olmayan cəzalardan istifadə edilməməsi və ya lazımı qaydada istifadə edilməməsidir.
Cinayət Məcəlləsinin 42-ci maddəsinə əsasən cəzaların növlərinin təsnifatı belədir:
Cərimə; Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; ictimai işlər; xüsusi və ya hərbi rütbətən, fəxri addan və dövlət təltifindən məhrum etmə; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma; Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma; inzibati xarakterli hərbi hissədə saxlama; müəyyən müddətə azadlıqdan məhrum etmə; ömrluk azadlıqdan məhrum etmə.
Сəzaların təsnifatından görünür ki, alternativ cəzaların və əlavə cəzaların təsnifatının əvvəlində və azadlıqdan məhrum etmə cəzasının təsnifatın sonunda göstərilməsi alternativ cəzalardan istifadə edilməsinin məqsədə uyğunluğunun göstəricisidir.
Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Cinayət Məcəlləsinin 58.3-cu maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olumasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.
Göründüyü kimi Cinayət Məcəlləsində alternativ cəzaların kifayət qədər geniş növləri mövcuddur və eyni zamanda cəzaların tətbiqinin diferensasiyasında fərdiləşdirlməsinin qaydaları CM-nin 41 və 58-ci maddələrində nəzərdə tutlmuşdur. Lakin çox təssüf ki, qanunda bu göstərilsə də məhkəmə təcrübəsində bunun əksi baş verir. Yəni azadlıqdan məhrum etmə cəzası geniş tətbiq edilir.
Dünyanın inkişaf etmiş demokratik ölkələrinin praktikasında azadlıqdan məhrum etmə cəzasını münimum, alternativ cəzalardan maksimum formada istifadə olunması təşəkkül tapmışdır və bu praktika təkmiləşməkdə davam edir. Bizdə isə bu proses əksinədir. Yəni alternativ cəzalardan minumum formada istifadə olunur, azadlıqdan məhrum etmə cəzasından maksimum formada istifadə olunur.
Rəqəmlərə müraciət edək; misal üçün, hüquq ədəbiyyatının məlumtlarına görə Yaponiyada azadlıqdan məhrum etmə cəzasına məhkum edilənlər cinayət məsuliyyətinə cəlb edilənlərin 3% təşkil edir. Böyük Britaniyada bu rəqəm 6%-dir, İsveçdə 8%-dir və s. Bütün demokratik ölkələrdə alternativ cəzalardan istifadə edilməsi tendensiyası üstünlük təşkil edir.
Birincisi, cinayət cəzasında alternativ cəzaların, həbslə bağlı olmayan sanksiyaların növləri genişləndirilir. Bəzən alternativ sanksiyaların sayı 20-yə çatır: Girovun müxtəlif növləri, zaminlik, məhkəmə xəbərdarlığı, şərti məhkum etmə, sınaq, ictimai sanksiyalar, azadlığın məhdudlaşdırlması, müəyyən öhdəliklər, söz vermək və s.
İkincisi, həmin ölkələrin Cinayət – Hüquq sistemində xüsusi sınaq xidməti yaradılmışdır. Sınaq xidmətinin funksiyasına hüquq pozuntusuna yol verən şəxsin qısa müddət ərzində sosial xarakteristkasını məhkəməyə təqdim etməkdən ibarətdir.
Bizdə isə bu sahədə vəziyyət acınacaqlıdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumatların təhlili göstətərir ki, misal üçün 2010-cu ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilənlər ümumi cinayət məsuliyyətinə cəlb edilənlərin 44,7 % təşkil etmişdir. İslah işləri 13,4%, şərti məhkum etmə 8,5%, cərimə 22,6%-dir. 2011-ci ildə bu rəqəmlər belədir; azadlıqdan məhrum etmə 46,1%, islah işləri 15,4%, şərti məhkum etmə 8,1%, cərimə 22,9%dir. 2012-ci ildə azadlıqdan məhrum etmə cəzasının tətbiqinin artması tendensiyası davam edir. 2012-ci ildə bu rəqəm 50,4%, 2013-cu ildə bu rəqəm 53,3%, 2014-cu ildə 55,1%dir.
Göründüyü kimi, dünyada təşəkkül tapmış təcrübənin, qanuna uyğunluğun əks prosesi baş verir. Bu isə aşağıdakı fəsadları yaradır;
Birincisi, cəzaçəkmə müəssələri və həbsxanalar yüklənir, ona görə də çoxlu sayda məhbusların saxlanması üçün dövlət büdcəsindən külli miqdarda vəsait xərclənir.
İkincisi, məhbuların saxlanılması ailələr üçün də ciddi problemlər yaradır. Nəzərə alsaq ki, hər bir məhbusun saxlaılması üçün ailələr böyük əziyyət çəkir, 300 manatdan 500 manata kimi ərzaq üçün vəsait xərcləyirlər. Bu ailələrə təkcə iqtisadi zərbə deyil, çox böyük pisxoloji sarsıntıdır. Bunun başqa bir ağır nəticəsi də var, yenə də kriminaloji ədəbiyyatın verdiyi məlumata görə azadlıqdan məhrum etmə çəzasına məhkum edilmələr nəticəsində ailələrin 30% qədəri dağılır. Övadlar valideyinsiz böyüməyə məhkum olur. Təsadüfi deyil ki, Britaniya hakimlərin belə bir ifadəsi var: Əgər şəxsi həbsxanaya göndərirsinizsə, o zaman onun bütün ailəsi də ora gedir.
Üçüncüsü, azadlıqdan məhrum etmə cəzası eyni zamanda təkrar cinayətkarlığı artırır və cinayətkarlığın residivisliyini gücləndirir. Həbsxanalar cinayətkarlığın epidemiyasının mənbəyidir. Xarici kriminaloji ədəbiyyata görə azadlıqdan məhrum etmə cəzasını çəkmiş şəxslərin 75% qədəri təkrar cinayətə meyilli olur, beləliklə cəmiyyətdə kriminaloji durumu gərginləşdirir.
Dördüncüsü, qadınlara qarşı azadlıqdan məhrum etmə cəzasının təyini məsələsi isə xususi həssaslıq tələb edir. Qadınlara qarşı münasibətdə alternativ cəzaların geniş tətbiqi xususi ilə vacibdir. Azadlıqdan məhrum etmə yerlərində qadınların sayının çoxalması təkcə hüquqi, iqtisadi məsələ deyil, həm də əxlaq məsələsidir.
Beləliklə, azadlıqdan məhrum etmə cazasının geniş tətbiqnin zərərlərini, fəsadlarını açmağa çalışdıq.
Əlbəttə, bu o demək deyil ki, azadlıqdan məhrum cəzasının ümumiyyətlə tətbiqinin əlehinəyik. Nə qədər ki, sosial təhlükəli hərəkətlər və şəxslər mövcuddur azadlıqdan məhrum etmə cazasının tətbiqi vacibdir və qaçılmazdır.
Lakin azadlıqdan məhrum etmə cəzasının tətbiqində də dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində təşəkkül tapmış, formalaşmış təcrübələrindən istifadə etmək çox zəruridir.
Cəza təyin edilməsi özündə ədalət, humanizm prinsiplərini ehtiva edir, bu təkcə hüquqi məsələ deyil, həm də iqtisadi, sosial, etik, tibbi, demoqrafik və s aspektlərə malik cəmiyyət üçün diqqət tələb edən önəmli məsələdir.
İstərdim ki, bu aktual mövzu dialoqa çevrilsin…