Nazirin keçmiş müşaviri 50 kq qızılı hansı pullara əldə edib?
Məlum olduğu kimi, aparılan islahatlar nəticəsində Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətləri azaldılıb, nazirliyin tabeliyindəki bir neçə əhəmiyyətli qurum alınaraq, müxtəlif dövlət orqanlarının sərəncamına verilib.
Bu və ya digər məsələlərlə bağlı unikal.org-un əməkdaşı Ziya Məmmədovdan açıqlama almaq istəyib. Lakin nazir telefonda jurnalistə bu formada cavab verib: “Bəsdirin, məni bezdirdiniz. Abrınız, həyanız olsun. Bir açıqlama verən kimi bütün mətbuat məndən yazır. Yorulmuşam artıq”.
Qeyd edək ki, Ziya Məmmədovun, demək olar, bütün səlahiyyətləri əlindən alınıb. Nəqliyyat Nazirliyinin də ləğvi barədə sənədlər artıq hazırdır. “Azadlıq” məlumat yaymışdı ki, yaxın günlərdə Nəqliyyat Nazirliyinin ləğv olunacağı rəsmən elan ediləcək. Ziya Məmmədovun hansısa vəzifəyə təyin olunub-olunmayacağı isə bəlli deyil.
Bu arada nazirin keçmiş müşaviri Çingiz Baxşiyevin qohumunu həbs etdirməsi barədə yeni məlumatlar əldə etmişdik. Qeyd edək ki, bir neçə gün əvvəl vəkil Adəm Məmmədov açıqlama vermişdi ki, müvəkkili Əhmədov Rövşən heç bir əsas olmadan 10 gündən artıqdir ki, Daxili Işlər Nazirliyinin müvafiq baş idarəsində saxlanılır. “Sifarişçi nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri və departament rəhbəri olub. Tutdurmağa cəhd etdiyi qohumunu 50 kq ağırlığında qızıl əşyanı ələ keçirməkdə ittiham edir. Ittiham olunan şəxsin öz çəkisi isə 50 kq-dan bir az çox olar”,- deyə vəkil bildirmişdi.
Sonradan bəlli olub ki, məlumatda adı keçən keçmiş müşavir Çingiz Baxşiyevdir. Dünən vəkildən aldığımız məlumata görə, Rövşən Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu məsələdə maraqlı məqamlardan biri Çingiz Baxşiyevin 50 kq qızılı hansı pullarla əldə etməsidir. Onun rəsmi maaşı buna imkan vermir. Onu da qeyd edək ki, Çingiz Baxşiyev vaxtilə nəqliyyat departamentinin rəhbəri olub. Bu departamentin sürücülərin başına hansı oyunları gətirdiyi barədə mətbuat çox yazıb.



