Xaricdə oxuyub qəfəsə dönməyənlər

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Tomas Hobss Leviafan-da yazırdı ki, hədsiz sayda çox adamın bir yerə toplaşması, bir yerdə olması və yaxud bir ölkədə yaşaması çox yaxşıdır, amma onlar bir qəfəs içində olanda özlərini yaxşı hiss etməyəcək, özlərini yaxşı aparmayacaq. Ölkəmiz qəfəs olduğundan adamlardan nə desən gözləmək olur. Oxumuş adamı nadan görürsən, namərdi vətənpərvər, varlını acgöz, kasıbı zalımın müdafiəsində. Yeddi ana lazımdı bu günümüzü ağlasın… Ona da əminəm ki, keçəcək bu günlər, amma adam qorxur unudula, gələcək nəsillərə dərs kimi qalmaya.

Illərdir ölkənin qəfəs olmasından, bu səbəbdən də talan edilməsindən, xalqın gələcəyini qurmaq üçün böyük şans olan resursların göyə üfürülməsindən, mənimsənilib dağıdılmasından danışanda hökumətin öyrətdiyi adamlar deyirdi ki, dörd yanımız düşməndir, Qarabağ boyda dərdimiz var.

Biz də deyirdik ki, bəs onda siz niyə beşinci düşmən kimi davranırsınız? Niyə ölkə sərvətlərini oğurlayırsınız? Niyə yalan danışırsınız? Niyə içdən çürüdürsünüz ölkəni? Məgər dörd yanımız düşmən olanda bunu eləməyə hüququnuz yaranır?  Yazıların birində bu “beşinci düşmən”i təsvir edəndən sonra tanınmış bir adam mənə zəng etmişdi ki, bu dediklərin beşinci yox, elə birinci düşməndir, çünki xaricdən heç kim bu qədər zərbə vura bilməzdi ölkəmizə.

Indi vəziyyət o qədər ağırlaşıb ki, həqiqət çatışmazlığı sindromuna, rasional düşüncə iflici əlavə edilib. Bir oxumuşa, intellektuala başa sala bilmirsən ki, ay kişi, övladını bağçasına etibar etmədiyin bir hakimiyyətə ordu, ölkə, müharibə, sülh etibar etmişik. Vətənpərvərlik damarın tutanda bunu unutmamaq lazımdır. Bizi bilirsinizmi kimlər idarə edir? Rəhbərlik etdiyi səhiyyəmizə özlərini etibar etməyib xaricdə müalicə olunanlar – ən sadə şəkildə bu cür ifadə etmək olar. Bura onlar üçün qapalı qazanc yerdir, sadəcə.

Qəfəsin yaratdığı sıxıntılar isə, təəssüf ki, çox ağır şəkildə düşüncələrə də sirayət edir. Hopur. Qəfəsləyir insan düşüncəsini. Onu aldatmağa bəzən ehtiyac olmur, o özü aldanmışdır artıq…

Bu günlərdə ASAN Xidmətin qabağından keçirdik. Rayondan süründürməçiliyə görə Bakıya gəlmiş tanışım oturub yanımda və deyir ki, “…amma bu ASAN xidməti çox gözəl qurdular, çox yaxşı işləyir”. Baxın, illərdir bu adamlara izah edirik ki, bu ASAN xidmət bir düttülüdür. Ölkədə hər sahədə vəziyyəti çətinləşdirib, bir-iki arayışı asan verib şou yaratmaq hiylədən başqa bir şey deyil. Nə dəyişdi? Həyatınız hara gedir indi? Məsələn, böhranın qabağını aldımı ASAN? Əslində, bu, vətəndaşı ələ salmaqdan başqa bir şey deyil, amma vətəndaş özü bundan xoşbəxt olub, deyəsən.

Təzəlikcə xaricdə təhsillə bağlı proqramın dayandırıldığı elan olunub. Indiyədək qədər hər zir-zibilə olmazın pulları dağıdan, hazırda isə “Formula-1″ yarışları üçün ağlasığmaz vəsaitlər sərf edən hökumət bu proqramın elə də böyük olmayan xərclərini dondurdu. Çoxlu suallar yarandı. Soruşurlar ki, hakimiyyət niyə hər mənasız tədbirə böyük pullar ayırdığı halda, xalqın balalarının xaricdə oxumasına imkan vermir. Hökumətin təmsilçilərinə və öyrətdiklərinə də xeyli ağıllı adam da qoşulub bağırdılar ki, bəs gənclər bu proqramla gedib xaricdə oxuyur və geri qayıtmırlar.  Doğrudur, doğrudur, tamam doğrudur. Ay kişilər, kim qayıdar bura? Niyə qayıtsınlar bura? Ölkəni qəfəs eləmisiniz, istəyirsiniz oxumuş adam sizin qəfəsə çevirdiyiniz ölkəyə dönsün. Nəinki gedənlər qayıtmaq istəmir, qalanlar hərə bir bəhanə ilə aradam çıxmağa çalışır, hətta.  Şəxsən mən də istəyirəm dönsünlər, yığışıb bu qəfəsin dəmir çərçivələrini dağıdaq, adam kimi yaşayaq öz yurdumuzda. Amma görürsünüz ki, əksəriyyət geri dönmür, dönənin də neçəsi ölkəni bu günə qoyan hökumətin çörəyinə yağ sürtür. Qəfəs burada da öz işini görür.