Rusiyanın Qarabağ fəallığı Azərbaycana nə vəd edir?

ilham-putin-astanaYenidən Bakıya dönən Lavrov hansı təkliflərlə gəlir?

Azərbaycan rəhbərliyi Qarabağdakı son döyüşlərin əslində Rusiyanın əli ilə baş verdiyini etiraf etdi. “Yaxın günlərdə Qarabağ nizamlanması üzrə danışıqların intensiv mərhələsi başlanacaq”. Bunu dövlət başçısının köməkçisi Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, Azərbaycan danışıqların intensivləşdirilməsini və torpaqların azad olunmasını tələb edir. Dağlıq Qarabağdakı son gərginliyə toxunan prezidentin köməkçisi vurğulayıb ki, ermənilər yalnız Rusiya prezidenti Vladimir Putinin çağırışından sonra atəşi dayandırmağa razılaşıblar.

“Turan” xəbər verir ki, tanınmış moskvalı politoloq, Rusiya prezidenti yanında Ictimai Palatanın üzvü Sergey Markov münaqişə ilə bağlı ehtimal olunan sazişdən danışıb. Oÿbildirib ki, gələcək saziş Qarabağ ətrafında, ən azı, 5 rayonun azad edilməsini nəzərdə tutur.ÿBu, cari ilin sonunadək baş verməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu ay Bakıda olarkən Qarabağ ətrafında rayonların azad edilməsindən və regionun statusunun müəyyən olunmasından danışmışdı.

Bundan başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya səfər edəcək.ÿBunu ANS PRESS-ə açıqlamasında Rusiyanın Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, səfər bu həftənin sonuna planlaşdırılır.

Lavrov regiona səfəri çərçivəsində Yerevana da gedəcək.

Əslində son zamanlar Rusiyanın danışıqlar prosesində aktivləşməsi təsadüfi qiymətləndirilmir. Rusiya hazırda formalaşan əlverişli məqamdan maksimum istifadə etməyə çalışır. Çünki bu il ABŞ-ın əsas diqqəti daxildə seçkilərə qarışıb, Fransanın hazırkı hakimiyyəti də Qarabağ danışıqlarında bir o qədər fəal deyil. Bir sıra ekspertlərə görə, Rusiya problemin həllinə məhz ilin sonuna qədər nail olmağa çalışır.

Regionda nə baş verir?

Siyasi şərhçilərin fikrincə, son dövrlərdə Qarabağla bağlı problemin həlli məsələsində Rusiyanın fəallaşması bu ölkənin Cənubi Qafqazda mövqeyini daha da möhkəmləndirmək məqsədi güdür. Suriya məsələsi əsasında beynəlxalq aləmdə mövqelərini qismən bərpa etmiş Rusiya əlində müəyyən imkanlar olduğu şəraitdən yararlanmağa çalışır. Rusiyanın planına görə, nizamlanma ilə bağlı real addımlar atılacağı halda regiona sülməramlı missiya yeridilməlidir. Bu isə onlara faktiki Azərbaycan ərazisində hərbi qüvvə saxlamağa şərait yaradacaq. ABŞ-da bu il prezident seçkilərinin keçirilməsi onların beynəlxalq problemlərə adətən diqqətinin azalması ilə nəticələnir. Fransa həmsədr ölkə olsa da, adətən mühüm məsələlərdə ABŞ və Rusiyanın mövqeyi daha həlledici olur. ATƏT-ə sədrlik edən Almaniyanın missiyasına uyğun olaraq bu məsələdə fəallıq göstərməsi və təkliflər verməsi, Rusiyanın istəklərinin həyata keçməsinə müəyyən maneələr yarada bilər. Qeyd etmək vacibdir ki, ABŞ-ın regiona kifayət qədər ciddi marağı var və Vaşinqtonun seçkiyə nə qədər başı qarışsa da, çətin ki, Rusiyaya Qarabağ nizamlanmasını istədiyi kimi aparmağa imkan versin.

Xəyal