«Həyat yoldaşımın harda işlədiyini aydınlaşdırın»
Kəlbəcər rayonundan məcburi köçkün düşən Arifə Hətəmova Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edir. “Azadlıq” vasitəsilə nazir Səlim Müslümova üz tutan şikayətçi yazır:
“22 ildir ki, Kəlbəcər rayonunun məmurları icra başçısı başda olmaqla mənim və 2012-ci ildə dünyasını dəyişən həyat yoldaşım Tofiq Hətəmovun hüquqlarını pozub. Mən həyat yoldaşımın varisiyəm və bu məsələ notariusda təsdiq edilib. Mən və yoldaşım 1977-ci ildən 1993-cü ilədək Zülfüqarlı xəstəxanasında işləmişik. Işğaldan sonra Nazirlər Kabinetinin qərarıyla məcburi köçkün statusu almışıq. Məcburi köçkünlər işləmədiyindən iş yerini itirdiyi üçün onlara kompensasiya verilməlidir. Biz də 36 nəfər kompensasiya siyahısına alınmışıq və üç ay da kompensasiya almışıq. Üç aydan sonra bizə xəbərdarlıq edilmədən adımızı siyahıdan çıxarıblar. 2012-ci ildə saxta bir arxiv sənədi təqdim ediblər ki, guya biz başqa yerdə işlədiyimiz üçün azad edilmişik.
Cənab nazir, həyat yoldaşımın harda işlədiyi barədə mənə kömək edin. Yerli məmurlar mənə heç bir kömək etmir və aldadırlar. Sizdən dönə-dönə xahiş edirəm, həyat yoldaşımın 2012-ci ilədək harada işlədiyini məmurlardan soruşub aydınlaşdırasınız”.
Sosial şöbə
Redaksiyadan: Məsələ barədə qarşı tərəf də öz mövqeyini bildirə bilər.



