İtkin düşən azərbaycanlı dənizçilər tapıldılar

denizciEgey dənizində iki aydan artıqdır ki, itkin düşən azərbaycanlı dənizçilər tapılıblar.

Dənizçilərin hər üçü sağ-salamatdır və hazırda Liviyanın paytaxtı Tripolidə Tacura prokurorluğunda dindirilirlər.

Bu barədə Liviyanın Azərbaycandakı səfirliyi itkin düşənlərin ailəsi ilə bugünkü görüşü zamanı məlumat verib. Səfirlikdən bildiriblər ki, dənizçilər 3 dəfə icazəsiz şəkildə Liviya sularına daxil olduqları üçün gəmi ilə bərabər saxlanılıblar. Üstəlik, Türkiyənin “Kalkanlar 1” gəmisinin adı neft qaçaqmalçılığında da hallanır. Amma bu məsələ tam təsdiqini tapmadığından hələlik araşdırılır.

Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdul Rzaq Şakahai isə dənizçilərin ailəsini əmin edib ki, bu məsələdə birbaşa şirkət məsuliyyət daşıyır. Heyət dindirildikdən sonra sərbəst buraxılacaq. Bunun üçün o, həm rəsmi, həm şəxsi kanalları ilə əlaqə saxlayır.

“Gəmi Liviya sularına daxil olarkən yanacağı bitib. Üstəlik, onlar suya icazəsiz daxil olublar. Gəmidə nə olub, nə aparılıb bu barədə məlumat yoxdur. Ona görə də Liviyanın Tripoli şəhərindəki porta aparılıb. Amma mən onların hər birinin ailə üzvlərinə bildirmək istəyirəm ki, narahat olmasınlar, ən qısa zamanda bu məsələni həll edəcəyik. Bunun üçün aidiyyəti orqanlar araşdırma aparacaq və ən qısa zamanda onlar azad olunacaq və ölkəyə geri qaytarılacaqlar. Bunun üçün əlimizdən gələni edəcəyik” – deyə Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili bildirib.

İtkin düşən həmyerlilərimizin yaxınları isə bugünkü görüşün tezliklə müsbət nəticələnəcəyinə ümid edirlər.

“Əsas odur ki, onların sağlamlığı yerindədir. Bir az ürəyimiz rahatlıq tapdı. Bizə söz veriblər ki, tez bir zamanda onlar ailələrinə təhvil veriləcəklər”, – deyə dənizçilərdən birinin yaxını bildirib.

Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir. Dənizçilərin ailələrinə qaytarılması üçün bütün lazımi prosedurlar görüləcək.

 

(ans)