İri supermarketləri kim çökdürür?

bosh-vitrin

Nemət Əliyev: «Ya növbəti bahalaşma olmalı, ya da vergi dərəcələri kəskin şəkildə aşağı salınmalıdır»

Samir Əliyev: «Neftin qiyməti düşənə qədər supermarketlər kifayət qədər vergidən yayınıb»

Xəbər verdiyimiz kimi, Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək xahiş ediblər.

Belə ki, manatın devalvasiyasına qədər supermarketlərdən dövriyyənin 2 faizi qədər vergi tutulurdusa indi bu faiz dərəcəsi 6-ya qalxıb. Habelə Vergilər Nazirliyi apardığı xronometraj yoxlamalarından sonra marketlər şəbəkəsinin 18 faizlik ƏDV ödəməli olduğunu da bildirib. Analoji vəziyyət digər iri supermarketlər şəbəkələrində də hökm sürür. Nəticədə müflis olma təhlükəsi qarşısında qalan supermaketlər şəbəkələrinin rəhbərləri bir araya gələrək problemi ictimailəşdiriblər və hökumətdən vergi yükünün azaldılması üçün bəzi güzəştlər xahiş edirlər.

Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətlərində bildiriblər ki, 2015-ci ilin fevralın 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub.

Müraciəti “Bizim” market, “FRESKO”, “SƏBƏT”, “Rahat”, “Makromart”, “Araz”,”Neptun”, “Bolmart”, “Favorit”, “Mega store” və “Sarı” market şəbəkələrinin nümayəndələri imzalayıblar.

Bəs, iri marketlərin biraraya gələrək müraciət ünvanlanması başqa hansı səbəblərdən irəli gəlir? Belə bir addımın atılması nəyin görsənişidir?

Dünən Ş.Mustafayev ona müraciət edən sahibkarları qəbul edib və onların məsələsi müzakirə olunub. Vergilər Nazirlyi isə onlara güzəştin tətbiq olunmayacağını vurğulayıb.

“Belə davam etmək mümkün deyil”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, hazırkı şərtlər çərçivəsində ticarət şəbəkələrinin duruş gətirmək imkanları tükənmək üzrədir. Növbəti bahalaşmanın qapının ağzını kəsdiyini deyən N.Əliyev məhz bu üzdən iri supermarketlərin rəhbərləri bir araya gələrək həyəcan təbili çalmağa başlayıb: “Market rəhbərləri bildiriblər ki, indiki şəraitdə biznesin rentabelliyini və şəbəkələrdə çalışan işçi sayını qoruyub saxlamaq mümkün deyil, maddi sıxıntılar marketlərin bağlanmasını və işçilərin ixtisarını labüd edib və hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələr qiymətləri stabilÿsaxlamağa imkan vermir. Şəbəkə marketlərin rəhbərləri Iqtisadi Inkişaf Nazirinə ünvanladıqları müraciətdə vəziyyətdən çıxış yolu kimi bir sıra kütləvi istehlak mallarının yerli istehsalına və satışına tətbiq olunan 18%-lik ƏDV-nin ”0″ dərəcə ilə əvəz olunmasını istəyiblər. Deməli, artıq belə davam etmək mümkün deyil. Belə demək mümkünsə, yol ayrıcına gəldik. Ya növbəti bahalaşma olmalı, ya da vergi dərəcələri kəskin şəkildə aşağı salınmalıdır. Yollardan biri əhalini daha da müflis edəcək, digəri isə sosial, iqtisadi, infrastruktur layihələrin həyata keçirilməsini məhdudlaşdıracaq. Vergilərin düşəcəyini gözləmək sadəlövhlük olardı. Bu olmayacaqsa, bahalaşma qaçılmazdır. Deməli, yerində saymaqla, real islahat çağırışlarını gözardı etməklə daha ağır vəziyyətə düşdük. Belə bir şəraitdə korrupsiya, rüşvətxorluq, monopoliya hələ də meydan sulayır”.

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev bildirdi ki, supermarketlər uzun müddət vergidən yayınıb. Əvvəlki qanunvericiliyə görə əgər marketin dövriyyəsi 120 min olardısa, sadə, 120 mindən çox olardısa ƏDV ödəycisi olardı. S.Əliyevin sözlərinə görə, elə supermarketlər var idi ki, ən azı 4-5 şəbəkəsi var idi, amma onların dövriyyəsi 120 mini keçmirdi. Bu isə reallığı əks etdirmirdi. Çünki bu supermarketlərin əksəriyyəti ƏDV-yə düşürdü: “Nəticədə qanunvericilikdə dəyişiklik edildi. 120 min rəqəmi 200 minə qaldırıldı. Iki yüz minə qədər hesablanan vergi dörd faiz, iki yüz mindən yuxarı isə artıq seçim edilməlidir. Ya dörd faizdə qalmalıdır, ya da ƏDV-yə keçilməlidir. Yəni supermarketlərə belə bir seçim verildi. Faktiki olaraq reallıq bundan ibarətdir ki, neftin qiyməti düşənə qədər supermarketlər kifayət qədər vergidən yayınıb. Indi isə vergi qurumu ticarət şəbəkələrinə sərt rejim tətbiq edib. Indi məlum olur ki, onların dövriyyəsi iki yüz mindən çoxdur. Belə dövriyyə ilə işləmək isə marketlərə sərf etmir və bu rejim onların vergi yükünü artırır. Hesab edirəm ki, ona görə müraciət olunub ki, ƏDV aradan qaldırılsın”.

Hazırda əsas mübahisə predmetinin marketlərin aldığı maldan getdiyini deyən S.Əliyev bildirdi ki, Azərbaycanda ƏDV-nin 3 forması var. Birinci 18, ikinci sıfır faiz və sonda bu vergidən azad olunma. Bir çox ölkələrdə diferensial verginin tətbiq olunduğunu deyən S.Əliev hesab edir ki, bu tip verginin bizdə də tətbiqinə ehtiyac var. “Əgər ölkə yerli istehsalı inkişaf etdirmək, ölkəni idxaldan aşağı salmağa çalışırsa, ƏDV ölkə üzrə aşağı salınmalıdır. Amma mən hesab edirəm ki, milli istehsalı təşkil edən istiqamətlər dəstəklənməlidir”, deyə S.Əliyev.

Xəyal