Hakimiyyət Jirinovskiyə niyə cavab vermir?

jirinovski-bakiAvropadan gələn tənqidləri süngü ilə qarşılayanlar, Rusiyadan gələn təhdidlərə səssiz qalıb

Hökumətimizin saxta vətənpərvərliyi  hər kəsə məlumdur.  “Qarabağ boyda dərdimiz var”, “milli maraqlar bizim üçün önəmlidir”, “müstəqilliyimiz bizim sərvətimizdir” kimi şüarlara həmişə daxili auditoriyanı aldatmağa çalışıblar. Amma prinsipial məqamlar yetişəndə, konkret mövqe tələb olunanda hakimiyyət anti-milli qərarlar qəbul edib.

Dəfələrlə müşahidə etmişik ki, Avropadan, ABŞ-dan Azərbaycan hakimiyyətinin ünvanına haqlı tənqidlər səslənəndə,  hakimiyyət dərhal reaksiya verib və bu ölkələri qərəzdə, ikilstandatlarda suçlayıb. Yaxud, Avropa Birliyinin hansısa yetkilisi, ABŞ-ın hansısa senatoru hökumətimizi tənqid edəndə həmin adamlarla bağlı palaz-palaz yazılar dərc olunub, bu adamların ermənipərəst olduğu bildirilib, onlar “qara siyahı”ya salınıb. Hətta işğal altında ərazilərimizə icazəsiz gedən Avropalı jurnalistlər, siyasətçilər “persona non qrata” elan edilib.

Amma nə hikmətdirsə eyni təəssübkeşlik, adekvat reaksiya Rusiyaya qarşı sərgilənmir. Nəinki Rusiya hökumətinin erməni sevgisinə etiraz edə bilmirlər, hətta Rusiyalı siyasətçinin Azərbyacanla bağlı separatçı mövqeyinə də səs çıxara bilmirlər. Belə ki, tanınmış Rusiyalı siyasətçi Vladimir Jirinovski bugünlərdə mətbuata açıqlama verdi və Azərbaycanın Rusiyanın tərkibinə qaytarılmasını təklif etdi.   Faktiki olaraq bu türk düşməni Azərbaycanın müstəqilliyini təhdid edən bəyanat verir və bütün mətbuat bunu tirajlayır. Amma “vətənpərvər” hökumətimizdən səs çıxmır. Sanki, Azərbaycanın bunlara aidiyyatı yoxdur, bunlar Mozambikin hökumətidir.

Bəli, Jirinovski açıq şəkildə Azərbyacanın müstəqilliyi ilə oynayır, amma XIN-dən səs çıxmır. Hansıki, Jirinovskinin bu sayıqlamasına “tərs şillə” ilə cavab verilməli, ona qarşı kampaniya başladılmalıydı. Əgər söhbət ofşorlardakı pullardan getsəydi, indi Milli Məclis dağılardı. Yaxud, müxalifətin hər hansı təklifindən söhbət getsəydi, saxta vətənpərəvərlər od püskürərdi.

Deməli, Jirinovski 1-2 dəfə hökuməti, şəxsən Ilham Əliyevi təriflədiyinə görə onun sərsəmləmələrinə hamı səssiz qalıb. Yəni, milli maraqlar həmişəki kimi şəxsi maraqlara qurban verilib. Həm də Rusiyanın xətrinə dəyməmək üçün  Jirinovskinin Azərbaycanı müstəmləkəyə çevirmək arzusuna  səs çıxarmırlar.

Bəli, bu hakimiyyətin mahiyyəti bundan ibarətdir. Müstəqillik bunlar üçün o qədər önəmsizdir ki, Jirinovskinin çağırışına cabav vermək zərurəti hiss etmirlər.

Akif