Onun işi ilə bağlı ekspertiza rəyi niyə gecikdirilir?
Fuad Qəhramanlı 4 aydan artıqdır həbsdədir. Amma onun işi ilə bağlı, demək olar, istintaq hərəkətləri aparılmır. Bir neçə gün əvvəl vəkil Nemət Kərimli onun istintaq işinin aparılmasında ciddi nöqsanlara yol verildiyi barədə məlumat vermişdi. Fuadın Qəhrəmanlının həbsi barədə qərarda onun fikirləri sadalanır, sonda qeyd edilir ki, o, insanları “bu yolda şəhid adı altında ölməyə” səsləyir.
Lakin sübut kimi təqdim edilən və Fuad Qəhrəmanlının istintaqa cəlbetmə qərarında ittiham üçün əsas gətirilən, CM-in 281.1 maddəsi ilə ittiham olunmasına əsas yaradanÿbu cümlə onun heç bir yazısında yoxdur. “Sadəcə olaraq prokurorluq orqanları qərarı saxtalaşdırıb, yəni rəsmi sənədin məzmununa yalan məlumat daxil edib və məhz bu yalanla da Fuad Qəhrəmanlıya qarşı ittiham irəli sürülüb”.
Bu məsələylə bağlı Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur bildirdi ki, əslində, Fuad Qəhrəmanlının oğurlanmış profilindən yazılarına bundan sonra bəlkə də istədiklərini əlavə edə bilərlər, çünki həbs olunduğu gündənÿonun FB profili mütəmadi aktiv olur. Bunu dəfələrlə müşahidə etmişik. Amma Zümrüd Yağmur onu da qeyd edib ki, “bunu etsələr belə, əhəmiyyəti yoxdur, çünki onun ittiham olunduğu bütün yazıları ”skrinşot” edib saxlamışam”.
Fuad Qəhrəmanlının digər vəkili Fəxrəddin Mehdiyev isə bildirib ki, Baş Prokrorluğun Ağır Cinayətlərə dair Istintaq Idarəsində aparılan istintaq işinin materiallarına Fuad Qəhrəmanlının həbs olunana qədərki bəzi feysbuk yazıları əlavə olunub. Istintaqı aparan orqan həmin yazıların linqvistik ekspertizaya təqdim olunması barədə qərar verib.
Qeyd edək ki, 2015-ci ilin dekabr ayının 8-də həbs olunan Fuad Qəhrəmanlının istintaq müddəti mart ayının 8-də uzadılıb. Uzadılma da onunla əsaslandırılıb ki, istintaq hərəkətləri və araşdırma başa çatmayıb. Amma vəkili qeyd edib ki, həbs olunduğu vaxt, dekabr ayının 8-də, ibtidai istintaqa ifadə verən Fuad Qəhrəmanlıdan bundan sonra bir dəfə də olsun ifadə alınmayıb. Bu da o deməkdir ki, Fuad Qəhrəmanlının işində heç bir ciddi istintaq əməli keçirilmir.
“Heç bir araşdırma və istintaq hərəkəti aparılmadığı halda həbsdə saxlanılan və istintaq müddəti uzaldılan Fuad Qəhrəmanlının istintaq müddəti may ayının 8-də başa çatır. Amma yəqin bundan sonra da istintaq müddəti uzadılacaq və bu dəfə də bu onunla əsaslandırılacaq ki, ekspertiza rəyi hazır deyil”,- deyə Vəkil Fəxrədin Mehdiyev qeyd edib.




