Bənzər filmləri internetdən kim silir?

saadet-cahangir-koseSəadət Cahangir

Qarabağ torpaqlarında gedən “üçgünlük müharibə”dən sonra “sülhməramlı” donunu geyən Rusiyanın riyakarlığı bir filmi yadıma saldı. Rejissor Ziya Şıxlinskinin çəkdiyi “Ruslar müharibə istəyirmi?” filmini. Internetdə axtarış verib yenidən baxmaq istədim, tapılmadı. Bütün axtarış sistemlərini işə salsam da, faydası olmadı. Hansı ki, film son zamanlara kimi bircə axtarışla asanca üzə çıxırdı, həm də fərqli mənbələrdə. Məsələ aydın oldu, filmi, ümumiyyətlə, sistemdən siliblər. “Siliblər” desəm az olar, lap kökünü qazıyıblar. Çünki aradığım mənbələrin birində film video şəklində qarşıma çıxdı çıxmağına. Amma seyr etmək üçün vurduğum zaman “bu film mənbədən silindiyi üçün göstərilə bilmir” mesajı gəldi. Düşünürəm, izaha ehtiyac yox. Kimlərin hansı məqsədlə sildiyi üzərində də uzun-uzadı baş sındırmadım heç. Əgər məsələ müəllif haqları ilə bağlı olsaydı, film uzun zamandan bəri internetdə açıq-açığına dolaşıb durmazdı. Bir də, bütün dünyada belə filmlər geniş kütlə üçün açıqdır. Inanmayan, girsin internet sisteminə bir daha baxsın. Demək ki, onu yalnız bir məqsədlə siliblər – rusların işğalçı siyasətini ən peşəkar şəkildə ifşa etdiyinə görə…

On dörd dəqiqəlik bu sənədli film haqqında dəfələrlə yazmışam. 1990-cı ildə qanlı yanvar hadisələri əsasında çəkilib. Bizim sənədli filmlər fondunda ən peşəkar və uğurlu çəkilmiş nümunələrdən biridir, fikrimcə. Filmÿişğalçı rus qoşunlarınınÿ1956-cı ildə ÿBudapeştdə,ÿ1968-ci ildəÿ Praqada,ÿ 1979-1989-cu illərdəÿ Əfqanıstanda,ÿ1986-cı ildə ÿAlma-Atada,ÿ1989-cu ildəÿTbilisidə,ÿ1990-cı ildə ÿBakıda ÿtörətdiyi qanlı hadisələrdən bəhs edir. Ötən köşələrin birində Ziya müəllimə müraciətlə yazmışdım ki, bəlkə, bu ssenarini genişləndirib bədii film çəkmək ideyası üzərində də düşünsün. Tanınmış rejissorun bu potensialı 14 dəqiqəlik sənədli filmin bədii təsir gücündən açıq-aşkar görünür. Hələ üstəlik, filmin ssenari müəllifi də onun özüdür. Hərçənd mən Şıxlinskinin bu mövzuları davam etdirmək, daha əsaslı işlər görmək, həmçinin bədii film çəkmək ideyasından da xəbərdaram. Rejissor müsahibələrində də bu məsələlərə dəfələrlə toxunub. Məsələn, onun Nuru Paşanın Bakını xilas etməsi haqqında film ssenarisini Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsində həmən geri çevirmişdilər. Ancaq rejissor inad edərək öz qohumunun maliyyə dəstəyi ilə  “Nuru Paşa: yazıldı tarixə qızıl xətlə” filmini çəkmişdi. Sonra isə daha absurd və ağılalmaz şeylər olmuşdu. Bizim əlaqədar qurumlar və Türkiyənin ölkəmizdəki səfirliyi qorxu içində filmi yaxına buraxmadığına görə, onun təqdimatı Rus Mədəniyyət Mərkəzində keçirilmişdi. Əlavə şərhə ehtiyac varmı?

Xülasə, qayıdım “Ruslar müharibə istəyirmi?” filminə. Yuxarıda qeyd etdiyim məsələləri bildiyimə görə, onun internetdə geniş kütlə üçün nədən yasaqlandığını da təxmin edirəm. Onu da bilirəm ki, belə filmlər yeni gələn nəslə göstərilib yaddaş təzələnmədikcə, bənzər hadisələrin xronologiyası davam edəcək. Bundan başqa, belə şərtlər altında Ziya müəllimin ideya və planlarının da asanlıqla həyata keçməyəcəyinə inanıram. Rejissorun “hələ mənim şah əsərim qarşıdadır, məsələn, 20 Yanvardan bəhs edən ”Ruslar müharibə istəmir” filmim yaxşı alınıb, bundan sonra bədii film də çəkə bilərəm…” sözlərindən yola çıxıb, ideyanın reallaşması üçün ona güc və sağlıq arzulayıram. Əllərindən bir iş gəlməyən və ya rus simpatizanlığı üzündən bu işlərə badalaq vuranları da ilahi ədalətə həvalə etməkdən başqa çarəm qalmır…