
ABŞ-ın Manhattan prokuroru Preet Bharara Panama sənədlərini dərc və təhlil edən Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumuna (BTJK) məktubunda bildirib ki, qalmaqalın mərkəzində olan Mossack Fonseca hüquq firmasından əlavə materialların təqdim edilməsi tələb olunub.
Bundan əvvəl prezident Barack Obama sənəd sızmasının “çox mühüm məsələ” olduğunu bildirmişdi. O demişdi ki, beynəlxalq vergidən yayınma “nəhəng problem”dir.
Obama həmçinin bəyan etmişdi ki, sızmış sənədlərdən baş verənlərin “əksəriyyətinin qanunsuz əməl olduğu” görünür. ABŞ prezidenti bunu da vurğulamışdı ki, qanunlardakı çatışmazlıqlardan yaranan bu cür problemlər orta sinfə mənsub olan ailələrin yaşayış səviyyəsinə ağır zərbə vurur.
“The Guardian” yazır ki, ABŞ baş prokurorluğu sözü gedən cinayət işlərinin başa çatmaması ilə bağlı hələlik geniş açıqlama verməyib. Məqalədə deyilir ki, New York ştatının cənubu üçün baş prokuror sayılan cənab Bharara maliyyə sektorundakı cinayətlərə qarşı özünün amansızlığı ilə ad çıxarıb.
Qəzet yazır ki, Panama sənədlərində 200-dək ABŞ vətəndaşının adı çəkilir. Bunların arasında Wall Street maliyyəçisi Benjamin Wey də var. O ailə üzvlərinin köməyi ilə milyonlarla dollar çirkli pulların yuyulmasında, “balıqqulağı” tipli ofşor şirkətlərinin yaradılmasında ittiham edilir.
Liderləri haqq-hesaba çəkən sənədlər
Məqalədə deyilir ki, Panama sənədləri Mossack Fonseca firmasının dünya boyunca fərdlər üçün ofşor şirkətləri yaratdığı bəlli olub. “The Guardian” yazır ki, Panama sənədləri bütün dünyada ictimaiyyətin hiddətinə, İslandiyada baş nazirin, İspaniyada sənaye nazirinin istefalarına səbəb olub.
Habelə Britaniya baş naziri David Cameron özünün və ailəsinin gəlirləri və vergi ödənişləri barədə hesabat verməyə məcbur edilib. Qəzet yazır ki, bütün bunlar dünya tarixində misli görünməmiş hadisələrdir. Məqalədə deyilir ki, ötən həftə Mossack Fonseca-nın Panamadakı ofisinə polis reydi keçirilib. Bu reydlər üçün sanksiyanı Panamanın baş prokuroru verib.
Mossack Fonseca dünyada 4-cü böyük ofşor hüquq firmasıdır. Bu firma müxtəlif fərdlər üçün ofşor zonalarda şirkətlərin qeydiyyatına kömək etməklə məşğul olur.
Pul gizlədənlər başqalarının “cibinə giriblər”
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu bəyan ediblər ki, böyük pulların vergidən gizlədilməsi qlobal yoxsulluqla bağlı vəziyyətin pisləşməsinə birbaşa səbəb olur.
Dünya Bankının prezidenti Jim Yong Kim deyib ki, dünyanın ən qüdrətli və ən zəngin adamlarının ofşorlarda külli miqdarda pulları gizlətməsi dünyada yoxsulluğa son qoyulması missiyasına ciddi zərbə vurur.
O deyib ki, vergilər ödənməyəndə və dövlət aktivləri mənimsənəndə “yoxsulluğa son qoyulması və firavanlığın bərqərar edilməsi” missiyasına mənfi təsir göstərir.
BVF-in icraçı direktoru Christine Lagarde deyib ki, Panamada vergidən qlobal yayınmalarla bağlı törədilən əməllər çoxdan həyəcan doğurmuşdu, lakin bununla əlaqədar heç bir tədbir görülmürdü.
Xanım Lagarde bildirdib ki, qlobal zənginlər beynəlxalq qanunların zəifliyindən sui-istifadə ediblər.
(bbc azəri)