Marketlərdən oğurluq edənlər çoxalıb

snickers-marsBu günlərdə virtualaz.org saytı Azərbaycanın ən iri supermarket şəbəkələrinin rəhbərləri devalvasiya və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətlə bağlı yazmışdı. Supermarket sahibləri şikayətlənirdi ki, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü, gəlirlərin kəskin azaldığı bir vaxtda vergi yükü artıb.

Nəticədə əsasən aztəminatlı təbəqənin çalışdığı supermarketlərin müflis olması, iş yerlərinin bağlanması prosesi başlayıb. Bu problem ictimailəşəndən sonra supermarket sahibləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək görüş istədi. Və nazir müraciətə operativ reaksiya verərək onları qəbul etdi, problemin araşdırılacağını bildirdi.

Saytımız sahibkarları narahat edən problemləri araşdıran zaman məlum oldu ki, onlar təkcə vergilərin sərtləşdirilməsi, devalvasiya ilə bağlı alıcı sayının azalmasından əziyyət çəkmirlər. Supermarketlərə həm də oğurluqlar üzündən xeyli ziyan dəyir. Xüsusən də  son vaxlar iri supermarketlərdən oğurluqların sayı artıb. Əvvəllər yalnız “çipsi”, meyvə şirəsi, saqqız və digər kiçik oğurluqlar olurdusa, artıq daha iri qabaritli mallar, əsasən ərzaq malları oğurluqları tez-tez baş verir. Çoxsaylı müşahidə kameralarına baxmayaraq belə halların qarşısını almaq mümkün olmur.

Oyuncaq oğurlayan həkim

“Bir dəfə kamera nəzarətçisi yaxınlaşıb alıcılardan birinin oyuncaq maşın oğurladığını dedi. Mağazadan çıxmağa macal tapmamış əməkdaşlarımız tərəfindən saxlandı. Həmin şəxsi tanıdıq, yaxınlıqdakı poliklinikada həkim işləyirdi. Əvvəlcə səs-küy salmaq istədi, başa saldıq ki, əlimizdə kamera görüntüləri var. Onda yalvarmağa, bir də etməyəcəyinə bizi inandırmağa başladı. Üzr istədi, biz də buraxdıq. O vaxtdan bir də marketimizin həndəvərindən keçmir”. 

Bunu virtualaz.org saytına “Araz” supermarketində nəzarətçi işləyən Elvin dedi. Bir ildən artıqdır ki, burada çalışdığını deyən əməkdaşın zarafatla dediyi kimi  onlarda satıcılardan başqa hər şey oğurlanır:

“Ən çox xanımlar oğurluq edirlər. Ən böyük oğurluq 200 manatlıq viski olub. Oğurluq olan kimi polisə müraciət edirik. Lakin heç də həmişə polis oğurluqların üstünü aça bilmir. Heç kimə də güzəşt edilimir. Kimliyindən asılı olmayaraq oğurluq edən düşünməlidir və öz məsuliyyətini dərk etməlidir. Bir də oğurluqlar təkcə kasıb adamlar arasında olmur. Bəzən əynində şuba gəlib sabun oğurlayanlar da olur. Onun əli öyrənib, qandan gəlir, bu kasıba, varlıya baxmır”.

 “Son 3 gündə 5 mağazamızda viski oğurluğuna cəhd olunub”

Öləkənin ən iri supermarketlərindən birinin təsisçisinin sözlərinə görə, kameralar oğurluqların çox cüzi faizinə kömək edir:

“Son 3 gün ərzində 5 mağazamızda viski oğurluğuna cəhd olunub. Bu hələ bizim tuta bildiyimizdir. Kameralar oğurluqların çox cüzi faizinə kömək edir. Biz hər gələn müştərinin arxasınca gəzə bilmirik. Son vaxtlar belə oğurluqların sayı artıb. Bir dəfə bir qadını tutmuşduq. Kənardan heç nə bilinmirdi, sadəcə qapıdan keçərkən siqnalizasiya işə düşdü və onun üzərinən nə çıxmadı?! 3-4 dezodorant, iki buzlu toyuq, çay, yağ, sosiska…”

“2-3 kartof, bir ovuc qoz götürənlər var…”

“Fresco” mağazalar şəbəkəsinin təhlükəsizlik departamentinin baş nəzarətçisi Orxan Heydərovun virtualaz.org-a bildirdiyinə görə, oğurluqlar ən çox tələb olunan zəruri tələbat mallarından olur.

“Ən çox cibə yerləşən əşyalar oğurlanır:  kiçik yağ və pendir, balaca ölçülü düyü, çay və ən çox da saqqız. Bəzən olur ki, meyvə-tərəvəz şöbəsindən 2-3 kartof, pomidor, hətta bir ovuc qoz oğurlayan da olur”.

Təhlükəsizlik əməkdaşının sözlərinə görə, axşam oğurluqları isə gündüzdən fərqlənir. Gecə quldurları daha çox içki – araq üçün gəlirlər. Həm də axşamlar oğurluq edənlərin əksəriyyəti kişilərdir.

O. Heydərovun sözlərinə görə, adətən oğurluq edənlər daimi müştərilər olmurlar. Çünki hər kəs həmişə getdiyi marketdən oğurluq etmir. İçki aludəçiləri isə arağın keyfiyyəti ilə maraqlanmırlar. Daha çox kiçik ölçülü içkiləri oğurlayırlar.

İçki şöbəsi xüsusi nəzarətdədir, çünki…

Elə ən böyük oğurluqlar da içki şöbəsində olur. Amma bahalı malları oğurlamaq bir qədər çətindir. Mağaza əməkdaşları belə malların tez-tez oğurlandığını bildiklərindən bu şöbə xüsusi nəzarət altındadır.

O. Heydərovun sözlərinə görə, əslində içki oğurluğu üçün gələn şəxsləri içəri girən kimi görünüşlərindən tanıyırlar. Amma 16-17 yaşlı gənclər və məktəblilər arasında da oğurluq halları olur. Azyaşlıların isə maraq göstərdikləri saqqızdır. Bütün bunlarla yanaşı bəzən illərin təcrübəsi də təhlükəsizlik əməkdaşına oğrunu tanımaqda kömək etmir. Yəni heç gözləmədikləri adamlardan da bəzən oğurluq edənlər olur. Amma “Araz” marketdən fərqli olaraq burada bəzən oğruya güzəşt də edilir:

“Oğurluq edən müştəri nəzrətlçilər tərəfindən yaxalanıbsa, o, polisə təhvil verilir. Polis tərəfindən izahatı alınır. Artıq 1-2 dəfə eyni mağazadan oğurluq edən adamı hamı tanıyır. Bəzən də oğurluq edən şəxsə güzəşt edilir. Bu çox zaman yaşlı şəxs olur və əksər hallarda imkansızlıqdan çörək oğurlayır. Onun üzünə baxanda görünür ki, imkansızlıqdan bunu edib. Bəzən də diqqətsizlik edərək hansısa malı çantasına qoyan insanlar olur ki, çıxanda cihaz səs salır və həmin şəxs səhvən hansısa malı çantasına qoyduğunu deyir. Amma oğurluqların 90%-i diqqətsizlikdən deyil, bilərəkdən edilir”.

Təhlükəsizlik əməkdaşları bizə oğruların bir çox sirlərini açdılar. Məsələn, çox alver getdiyi mağazalarda oğrular bəzən hədiyyəli malların hədiyyəsini dəyişərək əvəzində bahalı məhsul vurulur. Kassada oturan şəxslərin başı qarışıq olduğundan fikir vermir və hadisədən xeyli sonra xəbər tuturlar.

102-yə zəng və ya tənbeh

“Rahat market” də baş nəzarətçi işləyən Fərid Rəhimlinin sözlərinə görə, onlar mağazada oğurluq halları baş verdikdə 102-yə zəng edirlər. Amma hər oğurluq hadisəsinə görə polis çağırılmır. Lakin burada da yaşlı və qocalar, o cümlədən onların oğurladıqları zəruri tələbat malları, məsələn, çörəkdirsə, onlar polisə verilmir. Valideynindən xəbərsiz oğurluq edən uşaqlar olduqda da eyni rəftar edirlər.

Bu marketdə içki satılmadığından oğurlanan ən bahalı məhsullar ətirlərdir. F. Rəhimlinin sözlərinə görə, hər ay ərzində təxminən 3-4 belə oğurluq hadisəsi olur.

Təhlükəsizlik əməkdaşlarından onu da öyrəndik ki, mağazalardan oğurluqların qarşısını kameradan daha çox çıxışda quraşdırılmış cihaz alır. Kameradan yayınaraq oğurluq edənlər qapıdan keçərkən cihaz səs salır və dərhal nəzarətçilər həmin şəxsi tuturlar. Amma həmin cihaz heç də bütün məhsulları görə bilmir. Məsələn, kimsə çörək oğurlayıbsa və çəki ilə aldığı hansısa məhsulun üzərindəki kağızı cırsa və ya sallofanını dəyişsə, onu qapıdan asanlıqla keçirə bilər. Sözsüz ki, bunun üçün kifayət qədər peşəkar olmaq lazımdır.

6-cı mikrorayonda yerləşən “Bolmart” mağazasının direktoru Jalə Abbasovanın sözlərinə görə, bir çox hallarda məhsulların qablarının dəyişdiriliməsi və ya oğurluq edənin öz üzərinə bərkitməsi liftdə baş veri r:“Bizim mağazada oğurluqlar çox nadir hallarda baş verir.  Bu yaxınlarda süd şöbəsindən oğurluq olub, amma tuta bilməmişik. Bir müddət öncə bir qadın jiletinə altdan tikdiyi böyük ciblərə yerləşdirmişdi. Amma qapıdan çıxanda cihazlar cingildədiyinə görə onu tuta bildik. Bizim mağazada iki mərtəbədir, mərtəbələr arasında olarkən liftdə onları cibinə yerləşdirə bilmişdi”.

Beləliklə, görünən odur ki, supermarketlərə girib xırda oğurluq edənlərin bir çoxu üçün bu sadəcə “peşə vərdişi”dir, ancaq məsələnin daha ağır tərəfi budur ki, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən sonra ehtiyac üzündən ərzaq, hətta çörək oğurlamağı özlərinə rəva bilənlər də artır…

 

(virtualaz)