Qarabağ qazilərindən Asif Yusifli xahişi

asif-yusifli-yeniOnlar qazinin azad olunması xahişi ilə prezidentə müraciət etdilər

Qaziler.az saytı xəbər verir ki, “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri həbsdə olan Qarabağ qazisi Asif Yusiflinin azadlığa çıxması ilə bağlı Azərbaycan prezidenti, Ali Baş Komandan Ilham Əliyevə müraciət ünvanlayıb. Müraciətin bir surəti də Ali Məhkəmənin sədri Ramiz Rzayevə göndərilib. Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Azərbaycan torpaqlarının müdafiəsi zamanı yaralanıb sağlamlığını itirən Qarabağ qazilərini öz ətrafında birləşdirən təşkilatlar olaraq dövlətimiz üçün ağır və şərəfli bir vaxtda – ordumuzun qəhrəman döyüşçülərinin aprelin əvvəlində işğalçı ermənilərə zərbələr vurduğu bir ərəfədə – Sizə müraciət edirik.

Xalqımızda ordumuza, dövlətimizə böyük inamın yarandığı, insanlarımızda ruh yüksəkliyinin artdığı bir məqamda ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 5 ay həbs cəzası verilən Qarabağ qazisi Asif Yusiflinin azad olunmasında Sizin köməyinizə ümid edirik!

Açığı, hələ keçən il məhkəmənin bu qərarından çox təəssüfləndik. Çünki məhkəmə qərar verərkən Asif Yusiflinin 1-ci qrup Qarabağ qazisi olmasını, himayəsində azyaşlı uşaqların olmasını, iddia edilən ittihamın cəmiyyət üçün elə də təhlükə törətmədiyini, eləcə də vətəndaşa dəymiş ziyanın da ödənildiyini nəzərə almayıb.

Onu da qeyd edək ki, onsuz da ağır yaralı olan Asif Yusiflinin sağlamlıq durumu həbsxana divarları arasında daha da pisləşib.

Bu və digər səbəblərdən vəkilləri Asif Yusifliyə verilmiş cəzanın ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Cənab Prezident!

Azərbaycana rəhbərlik etdiyiniz illərdə humanizm prinsiplərinə sadiq qalaraq mütəmadi olaraq əfv fərmanları imzalamısınız. Onlarla keçmiş döyüşçü Sizin imzaladığınız əfv fərmanları ilə azadlığa çıxaraq ailəsinə qovuşub. Dövlət və şəxsən Sizin Qarabağ qazilərinə (əlillərinə), şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğını hər birimiz öz həyatımızda hiss edirik.

Biz Qarabağ qaziləri böyük ümidlə Asif Yusiflinin azadlığa çıxmasına yardımçı olmağınızı xahiş edirik”.

Müraciəti “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov və “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov imzalayıb.