Azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar Hollandiyaya gediblər. Hollandiya mətbuatının yazdığına görə, aprelin 19-da onları Sxipxol hava limanında qızları Dinarə Yunus qarşılayıb.
Hüquq müdafiəçiləri bundan sonra Niderlandın xarici işlər nazirliyində qəbulda olublar.
Nazirliyin sözçüsü Koenders onların bu ölkədə müalicə olunacaqlarını bildirib.
Ölkədə nə qədər qalacaqlarına gəldikdə isə, o qeyd edib ki, bu onların özündən aslıdır və onlar Hollandiyadan sığınacaq da istəyə bilərlər.
Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunmuşdular. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.
2015-ci il avqustun 13-də Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi sonradan onlara verilən cəzanı şərti hesab edərək azadlığa buraxdı.
Amma üzərlərində şərti cəza olduğundan ölkədən çıxmalarına qadağa qoyulmuşdu.
Azərbaycan hökumətindən barələrində məhkəmə hökmü olan Yunusların Azərbaycanı tərk etmələri ilə bağlı hər hansı açıqlama verilməyib.
Hüquq müdafiəçilərinin vəkillərindən Elçin Sadıqov da bu haqda məlumatsız olduğunu deyib. Vəkil martın sonunda Yunusların ölkədən müvəqqəti çıxışına icazə verilməsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti göndərdiyini deyib. Amma hər hansı qərarla bağlı onda məlumatın olmadığını söyləyib.
Ali Məhkəmədən isə “Azadlıq” radiosuna bildiriblər ki, Yunusların kassasiya şikayətinə aprelin 18-də baxılıb və şikayət təmin edilib. “Ali Məhkəmə işə baxılmasıyla bağlı məni məlumatlandırmayıb. Məhkəmə ilə dəqiqləşdirmə aparacağam”,- deyən vəkil bir neçə gün öncə Yunusların həkimi Kristian Uittin Bakıya gəldiyini xəbər verib.





