Səudiyyə ilə Iran arasındakı ziddiyyət danışıqları necə pozdu?
Neft istehsal edən ölkələrin iştirakı ilə Qətərin paytaxtı Dohada keçirilən görüşə yekun vurulub. Iştirakçılar neft hasilatının “dondurulması” ilə bağlı razılığa gələ bilməyiblər. Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirələr nəticəsiz qalıb.
Elə ehtimal olunurdu ki, neft hasil edən ölkələrin nümayəndələri Qətərə gəlməyə qərar veriblərsə, razılaşma da olacaq. Lakin elə ilk andan qəribəliklər sezilməyə başlayıb. Əvvəlcə görüş bir neçə saatlığa təxirə salınıb. Daha sonra bir neçə saat qapalı şəraitdə söhbət gedib.
Hansı ölkələr qatılmadı?
Görüşün asan keçməyəcəyi əvvəldən məlum idi. Bununla belə, ümid var idi ki, iştirakçı ölkələr dünya bazarında neftin qiymətinin artması naminə kompromisə gedəcəklər. Norveçin, Iranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının Iran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.
Səudiyyə Ərəbistanı təkidlə razılaşma sənədinə əlavə maddə artırmağı tələb edib. Həmin maddədə göstərilir ki, Neft Ixrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan bütün dövlətlərin neft hasilatını “dondurmaq” haqqındakı razılaşma sənədini imzalaması mütləqdir.
Lakin Iran OPEC üzvü olsa da, Doha görüşündən əvvəl bəyan etmişdi ki, hasilatı “dondurmayacaq”. Iranın neft naziri Namidar Zəncənə Doha görüşü ərəfəsində bildirmişdi ki, Iran hasilatı “dondurmaq” haqqındakı sənədi imzalamayacaq. Ona görə də Iranın Doha görüşlərinə qatılmasına ehtiyac yoxdur.
Səudiyyə şahzadəsi: ”Bu bizim problemimiz deyil”
Səudiyyə Ərəbistanını Doha görüşündə təmsil edən şahzadə Məhəmməd bin Salman jurnalistlərə müsahibəsində krallığın neft qiymətlərini yüksəltməyə çalışmıdığını bildirib: “Bu, iqtisadiyyatı neftdən asılı olan dövlətlərin problemidir. Bunun bizə aidiyyəti yoxdur. Bizim dövlət proqramında neftin qiymətinin yüksəldilməsi nəzərdə tutulmayıb”.
Şahzadə onu da vurğulayıb ki, əgər OPEC-ə üzv olan bütün ölkələr, ilk növbədə, Iran hasilatı “dondurmağa” razılıq versə, onda Səudiyyə Ərəbistanı da bu təşəbbüsə qoşular. Səudiyyə Ərəbistanının belə mövqe nümayiş etdirməsi müzakirələrin uzanmasına səbəb olub.
Iordaniya, Ekvador, Küveyt, Venesuela kimi neft istehsal edən ölkələr isə dünya bazarında neftin qiymətini yüksəltmək ümidi ilə Rusiyanın təklifini hələ Doha görüşündən əvvəl qəbul etmişdilər.
Rusiyanın energetika naziri Aleksandr Navak deyir ki, əvvəlcə razılığa gəlinəcəyini düşünüblər: “Mənə elə gəlirdi ki, bura razılıq əldə etməyə gəliblər. Görüşə qatılmayan hansısa ölkənin bu prosesdə iştirak edib-etməməyini müzakirə etməyə yox”.
Novak hesab edir ki, şərtlərlə bağlı fərqli yanaşmalar olub. Razılaşma da bu səbəbdən baş tutmayıb: “Hasilatın “dondurulmasına” gəlincə, Səudiyyə Ərəbistanı başda olmaqla, bütün ölkələr bunun məqsədəuyğun addım olduğunu təsdiqlədi. Irana qarşı ittihamlar isə tam əsassızdır. Ən azı ona görə ki, buÿ ölkə danışıqlarda iştirak etmirdi”.
Doha “effekti”: qiymət dərhal ucuzlaşdı
Analitiklərin fikrincə, Doha görüşünün nəticələri neftin qiymətlərinə dərhal öz təsirini göstərib. Və qiymət ucuzlaşmağa başlayıb. Lakin o da qeyd olunur ki, Küveytdə neftçilər tətilə başlamasaydı, qiymətlərdəki azalma daha qabarıq olacaqdı. Neftçilər əməkhaqlarının azalması və imtiyazlarının ləğvinə etiraz edirdilər. Qətərdəki sammitlə eyni vaxta təsadüf edən tətil ölkədə neft hasilatını 2,8 milyondan 1,1 milyon barrelə endirdi.
Doha görüşündə danışıqların növbəti turunun iyunda keçirilməsinə qərar verilib.
30 dollardan aşağı düşə bilər
Nigeriyanın energetika naziri Emmanuel Ibe Kaçikvunun sözlərinə görə, həmin vaxta qədər əsas məsələ ABŞ-ın neft ehtiyatları və hasilatı ilə bağlı rəqəmləri ortaya çıxarmaqdır. Nazir hesab edir ki, Birləşmiş Ştatlar xam neft hasilatını azaltmayacağı təqdirdə neftin bir barreli 30 dollardan aşağı düşəcək.
Qeyd edək ki, neft hasilatının “dondurulmasına” tərəfdar olan Azərbaycanı Doha görüşündə energetika naziri Natiq Əliyev təmsil edirdi. Doha görüşünün əsas məqsədi dünya bazarında neftin qiymətini optimallaşdırmaqdan ibarətdir. Mütəxəssislərin fikrincə, Dohada razılıq əldə edilsəydi, neftin qiyməti yüksələcəkdi