Bəs Mahir Məmmədovla Faiq Həsənovun həmin suallara ağlabatan cavabları varmı?
Dörd il öncə – 2016-cı ilin sentyabrında məlum oldu ki, 2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Türkiyənin Istanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunmuşdu.
Maraqlıdır ki, elə həmin tədbirdə olimpiadanın Bakıda keçirilməsi ilə bağlı təklif səsləndirilmiş, Azərbaycanın namizədliyi irəli sürülmüş və qəbul edilmişdi.
Həmin vaxt Azərbaycanın hökumətyönümlü mediası yazırdı ki, tədbirə qatılan Ermənistan Şahmat Federasiyasının təmsilçiləri olimpiadanın Bakıda keçirilməsi ilə bağlı müzakirələrə mane olmağa cəhd göstəriblər. Bununla belə, Azərbaycan tərəfi olimpiadanın təşkilatçılığının ən yüksək səviyyədə olacağını, tədbirə qatılacaq Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə dövlət səviyyəsində tam təminat veriləcəyini bildirib.
Bununla da 2016-cı il Şahmat olimpiadasının Bakıda keçirilməsi yönündə qərar qəbul olunub.
Beləliklə, Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Olimpiada günlərində paytaxtımızda həm də FIDE konqresinin növbəti iclası olacaq.
***
Hələ o vaxtr şübhə doğurmurdu ki, belə bir qərarın qəbulunda həlledici səbəb Azərbaycan hökumətinin ciddi maliyyə dayaqlarına səbəb olması və bu tip beynəlxalq tədbirlərin keçirilməsinə xüsusi marağıdır.
Ancaq daha vacib məqam ondan ibarətdir ki, bizim yerli Şahmat Federasiyası (AŞF), özəlliklə də onun iki aparıcı fiquru – vitse-prezidentlər Mahir Məmmədovla Faiq Həsənovun “cəfakeşliyi” xoş olmayan mənzərə yaradıb.
Əvvəla, istər komanda, istərsə də fərdi hesabda Azərbaycan şahmatı son illər sürətlə geriləyir. Bunu FIDE-nin açıqlanan reytinqləri açıq şəkildə gözlər önünə sərməkdədir. Aydın görünür ki, son zamanlar istər ölkədə, istərsə də onun hüdudlarından kənarda – xüsusi ilə Batumi (Gürcüstan) və Londonda (Böyük Britaniya) bir sıra nüfuzlu şahmat turnirlərinin keçirilməsinə ciddi məbləğdə pul ayıran dairələr indi susublar. Belə məlum olur ki, biz bir ətək pul xərcləyib turnirlər düzəldirik, həmin turnirlərdə isə bir qayda olaraq, qeyri-azərbaycanlılar uğur elan edirlər.
Belə olmasaydı, son illər beynəlxalq miqyaslı şahmat turnirlərinə ev sahibliyi etdiyimiz, maliyyə dəstəyi verdiyimiz halda, niyə FIDE-nin reytinqlərində istər şəxsi, istər komanda hesabında geriləyirik? Vaxtilə öz şahmat ənənələri ilə məşhur olan Azərbaycanın indi keçmiş uğurları gündüz vaxtı çıraqla axtarmasına hansı izah vermək olar?
***
Bir neçə gün öncə KIV-lər yazdı ki, FIDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib və haqqında danışılan yarışın hazırlıq işləriylə tanış olub. 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi “Crystal Hall”da olan qonaqlar AŞF vitse-prezidentləri – Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov və Faiq Həsənovla görüşüblər, arenadakı vəziyyətlə tanış olan Makropulos görülən işlərdən razılığını bildirib. Hazırlıq işlərinin həlledici mərhələyə yaxınlaşdığını söyləyən Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Məmmədov isə yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüləcəyini deyib.
Buna şübhə etmək çətindir. Hökumət belə turnirlərin “yüksək səviyyədə təşkili üçün” səxavətini heç vaxt əsirgəmir. Bununla belə, AŞF-nin aparıcı fiqurları Məmmədov və Həsənov üçün vacib suallarımız var. Məsələn:
Azərbaycanın çətin maliyyə durumunda Şahmat Olimpiadasının vəd edilən səviyyədə təşkilini reallaşdırmaq həqiqətən mümkün olacaqmı? Ümumiyyətlə, FIDE-nin keçmiş prezidenti, adı daim qaranlıq işlərdə hallanan və elə bu səbəbdən də Beynəlxalq Şahmat Federasiyası rəhbərliyindən uzaqlaşdırılan, hazırda barəsində araşdırmalar gedən Illümjinovun istəyi ilə bu turnirə ev sahibliyi etməyə razılaşmaq bizə gərək idimi?
Sualı bir az da konkretləşdirək: Illümjinov bir neçə ildir yaxın dostları Həsənov və Məmmədov sayəsində bir sıra nüfuzlu beynəlxalq şahmat turnirlərini Azərbaycanın maddi dəstəyi ilə keçirməyə nail olub. Həmin turnirlərdə hətta işğalçı Ermənistan şahmatçıları belə iştirak edir və qalib gəlir, mükafatlandırılır.
Olmazmı, AŞF başbilənləri FIDE-nin müxtəlif ölkələrdəki turnirlərinə, o cümlədən, elə Bakıda keçiriləcək Şahmat Olimpiadasına pul xərcləməkdənsə, ölkənin dağılan şahmat təsərrüfatını nizama salsın, böhran keçirən Azərbaycan şahmat məktəbinin dirçəldilməsinə, yenidən əvvəlki şöhrətinə qovuşmasın nail olsun?!
Mahir Məmmədov və Faiq Həsənov desinlər görək: Bir halda ki, Azərbaycan şahmatı istər komanda, istərsə də fərdi hesablarda dünya reytinqi üzrə sürətlə geriləyəcək, bir zamanlarkı uğur epopeyasından sürətlə uzaqlaşacaq, onda yalnız başqalarının qalib olduğu hansısa turnirlərə ev sahibliyi və sponsorluq etməklə öyünmək, qürurlanmaq hansı məntiqə sığır, nə qədər doğrudur?
Ümid edirik ki, AŞF başbilənlərininin bizim bu suallara obyektiv, ağlabatan cavabı var. Odur ki, buyursunlar…
***
Sonda daha iki məqam.
Birinci: Illümjinov çirkli işlərdə ittiham edildikdən sonra FIDE rəhbərliyindən kənarlaşıb və Olimpiada günlərində keçiriləcək FIDE konqresinin növbəti iclasında həm də ali şahmat qurumunun yeni rəhbəri müəyyənləşəcək. Istisna deyil ki, hətta Illümjinovu geri qaytarsınlar. Belə qalmaqallı prosesin məhz Bakıda baş tutması nəyə lazım idi ki?!
Ikinci: əldə etdiyimiz məlumata görə, AŞF Olimpiadada Azərbaycan şahmat yığmasının tərkibində mübarizə aparacaq yeni legioner axtarır. Bundan əvvəl alman şahmatçısı Arkadi Naydiç milliyə dəvət edilib, beləliklə, yığmanın heyətində bir yer yerli şahmatçılarımızın üzünə bağlanıb. Yeni legioner isə yerli şahmatçılarımızın millidə daha bir yerdən məhrum olması deməkdir.
AŞF-nin legioner həvəsi həm Azərbaycan şahmatının necə dərin böhrana sürükləndiyini göstərir, həm də artıq onun yaxşı gələcəyinə olan ümid işartılarını da məhv edir.
İlkin



