“Qarabağ atının izi ilə…”

saadet-cahangir-koseSəadət Cahangir

Həftəsonu Qarabağ atları haqqında sənədli filmin təqdimatına dəvət etmişdilər. Qəribədir, məmləkətin bu səsli-küylü, kədərli havasında “film” sözünü eşidəndə diksinən kimi olur adam. Yəqin ona görə ki, günlük yaşadıqlarımız ən təsirli film ssenarilərinə yetər də, üstəlik onları ötər də. Amma ağır-ağır dərdlərin üstümüzə endirdiyi dumanı aralayıb kənara baxanda görürsən ki, o tərəfdə başqa bir aləm də var. Baxarsan… duman pərdəsi qalxar və səhnədə tam fərqli bir mənzərə açılar. Bu tablo uzaqda qalmış lentlərin, yolların, xatirələrin izini təzələyib kədərləndirsə belə, gözünü çəkə bilməzsən. Bir həzin musiqi, bir şeir parçası və ya bir mənzərə rəsmi xəyalını alıb gedər eləcə?

Açığı, bu mövzuda film çəkildiyini eşidəndə həmən “Dərviş Parisi partladır” filmini xatırlamışdım. Hatəmxan ağanın fransız təbib Müsyo Jordana öydüyü atları, onun Qarabağ macəraları düşmüşdü yadıma. Nədənsə, bənzər təəssürat yaradacaq bir film düşüncəsi ilə də yollanmışdım “Nizami” kino evinə. Təbii, söhbət bədii filmdən deyil, sənədli filmdən gedirdi və tamam fərqli mənzərə ilə qarşılaşmağımda da gözlənilməz bir şey yox idi, əslində. Qırx beş dəqiqəlik sənədli filmin rejissoru alman Villi Neumann, ssenari müəllifi Martin Vagnerdir. Bizim kino sənətçiləri ilə birlikdə çəkilib. Çəkilişləri Ingiltərə, Almaniya, Isveçrə və Azərbaycanda aparılıb. Təqdimatdan əvvəl “Sarılar – Qarabağ atının izi ilə” filminin rejissoru onun yaranma tarixçəsindən danışdı. Dedi ki, belə bir ideyanın yaranmasına stimul verən əsas amil Azərbaycanda seyr etdiyi çövkan oyunu olub. Onun sözlərinə görə, çövkanda ən təsirləndiyi məqam atla atçının bir-birini inanılmaz şəkildə anlamaqla oyuna verdiyi harmoniya idi. Bu atların sirri nədir ki, sahibinin dilini insandan daha gözəl anlar belə? Bu maraq alman sənətçini aparıb başqa koordinatlara çıxarıb. Araşdırmaların içindən 1956-cı ildə Kraliça II Yelizavetaya hədiyyə edilmiş Qarabağ atının tarixçəsi çıxıb. Elə filmin əsas süjet xətti də “Qızılı Oğlan” adlı həmin atın izi ilə başlanan səyahət üzərində qurulub. Filmin qəhrəmanı olan gənc qız soraqlaşa-soraqlaşa gəlib Qarabağ atlarının məskunlaşdığı Ağcabədi rayonuna çıxıb-müharibədən əvvəl Ağdamda bəslənən yüzlərlə qızılı köhlənin məcburən köçürüldüyü “qaçqın düşərgəsi”nə…

Filmin bədii təsir  gücü haqqında yüksək fikirlər deyə bilməsəm də, onun ölkədən kənarda Azərbaycan və Qarabağ haqqında əsaslı faktlar verən bir yaradıcılıq nümunəsi kimi maraq doğuracağına inanıram. Fikrimcə, filmi daha dolğun və əsaslı işləmək olardı, amma bu istiqamətdə qiymətləndirməni yenə də kino peşəkarlarının ixtiyarına buraxmağı doğru sayıram. Bir də ki, Qarabağ mövzusunda, zatən, böyük boşluqlar var. Hələ qarşıda onlarla, yüzlərlə filmin çəkilməsinə ehtiyac var. O baxımdan, bizə bu işi yalnız və yalnız alqışlamaq düşür. Hələ bu filmin bir sıra xarici festivallarda və kino müsabiqələrində də nümayişi nəzərdə tutulursa?

Yaşadığımız mühit böyük problemlər üzündən bomboz olduğuna görə, sənətlə bağlı tədbirlər mütləq anlamda insana pozitiv impulslar ötürür. “Sarılar”ın təqdimatında da aldığım pozitiv enerjiyə görə dəyərli dostum, BP şirkətinin Mətbuatla əlaqələr şöbəsinin meneceri Tamam Bayatlıya minnətdaram. Bu nümayiş bir çox keçmiş həmkarlarımla yenidən görüşüb söhbətləşmək anlamında da göydəndüşmə bir fürsət oldu, gerçəkdən. Yeri gəlmişkən, filmin sponsoru  BP şirkətidir. Layihə isə Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanfilm” və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə işi hesab olunur.