İqtisadçı ekspertdən hökumətə çətin sual
“İqtisadiyyata badalaq vurulur! Bunu sabotaj kimi də qiymətləndirmək olar. Ölkənin qeyri-neft sektoruna üç aylıq kapital qoyuluşu 80% azalıb.
Cari ilin I rübündə bütün maliyyə mənbələri üzrə bu sektora vur-tut 394 milyon dollar investisiya qoyulub. Halbuki, ötən ilin I rübündə bu göstərici 1,9 milyard dollar olub. Azalma 1,5 milyard dollar və ya 80%-dir”.
Bunu iqtisadçı ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev feysbuk səhifəsində yazıb. İqtisadçı statistik məlumatlara istinadla qeyd edir ki, neft sektoru da daxil olmaqla bütün istehsal və xidmət sahələrinə kapital qoyuluşu kəskin şəkildə azalıb. Buna görə də ölkənin rüblük makroiqtisadi göstəriciləri təsirli dərəcədə pisləşib:
“Daha betəri budur ki, yerli müəssisə və təşkilatların, əhalinin, büdcədən kənar fondların, xarici investorların investisiya yatırımından, biznes fəaliyyətindən çəkindiyi bir zamanda ölkənin Maliyyə Nazirliyi operativ məlumat yayaraq bildirir ki, dövlət büdcəsində 1 milyard manatdan çox pul artıqlığı yaranıb. Yəni bu üç ayda hökumətin 1 milyard əlavə yatırım etmək imkanı olub. Lakin bunu etməyib. Odur ki, büdcədən kapital qoyuluşu 82% azalıb.
Bu cür fəaliyyətsizliyin nəticəsində iqtisadi fəallıq süni şəkildə zəiflədilib, istehsal düşüb, təlabat ödənilməyib. Xüsusən də indiki zamanda investisiya vəsaitlərinə ölkəmizin hava-su qədər böyük ehtiyacı var. Bu zərurəti dərk etdiyi halda Maliyyə Nazirliyinin milyarddan artıq pul vəsaitini investisiya fəaliyyətindən yayındırıb “anbarda” – “kilid altında” saxlamağa üstünlük verməsinə haqq qazandırmaq əsla mümkün deyil. Ölkənin maliyyə vəsaitlərinə bu cür qeyri-peşəkar münasibət investisiya fəaliyyətinin təşviq olunması yolunda bir sıra əlavə problemlərə də meydan açır”.