muzeffer baxis

“Məhkəmə hakimiyyəti deyilən bir qurum yoxdur”

muzeffer baxis«Ədaləti bərpa etmək üçün ya hakimiyyətdə dayağın, ya da ki, yaxşı pulun olmalıdır»

«Prokurorluq sifarişlər əsasında araşdırmalar aparır»

Müzəffər Baxışov: «Vəkillər Kollegiyasının əksər üzvləri sadəcə olaraq «maklerliklə» məşğul olurlar»

Son zamanlar Vəkillər Kollegiyası ətrafında müzakirələr artmaqdadır. Müstəqil, prinsipial mövqeyə sahib vəkillərlə sözügedəm qurum arasında ciddi problem yaşanmaqdadır. Müstəqil vəkillər kollegiyanı hakimlərlə vətəndaşlar arasında “maklerlik” edən vəkillərə geniş meydan verməkdə ittiham edir. Müsahibimiz “Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti, tannmış hüquqşünas Müzəffər Baxışovdur. M.Baxışovla müsahibəmizin ilk sualı Vəkillər Kollegiyası ətrafında baş verənlərlə bağlı oldu.

– Ümumiyyətlə, Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olmaq məsələsi düzgün qurulmayıb. Dünyanın bütün ölkələrində vəkillik müstəqil bir fəaliyyət növüdür. Vəkillik kiminsə hüquqlarını məhkəmələrdə, dövlət orqanlarında, digər yerlərdə qorumaq kimi müstəqil fəaliyyət olmalıdır. Əfsuslar olsun ki, Azərbaycanda “Vəkillik və Vəkillər Haqqında” Qanuna görə, yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər cinayət prosesində təqsirləndirilən şəxsləri müdafiə edə bilərlər. 17 oktyabr 2014-cü il tarixdə qanuna bir dəyişiklik etdilər. Nəticədə zərərçəkmişin nümayəndəsi vəkil və ya onun yaxın qohumu ola bilər. Belə əsassız məhdudiyyətlər nəzərdə tutuludğuna görə, hüquqşünaslar məcburiyyət qarşısında qalırlar ki, Vəkillər Kollegiyasının üzvü olsunlar. Məcburiyyətdən Vəkillər Kollegiyasının üzvü olursan ki, cinayət prosesində təqsirləndirilən şəxsi müdafiə edə biləsən. Mülki Prosessual Məcəllənin tələblərinə görə, Ali Məhkəməyə şikayət edən şəxslər yalnız vəkilin tərtib etdiyi ərizə ilə müraciət edə bilərlər. Ali Məhkəmədə yalnız vəkil ilə iştirak edə bilərlər. Vəkil ilə iştirak etməyəndə onlara, ümumiyyətlə, danışmağa söz də vermirlər. Əslində bu, qüsurlu bir təcrübədir. Bunun üçün çox mübarizə aparsaq da, nəticə əldə edə bilmədik. 1999-cu ildə “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” qanun qəbul edildi. Bu qanun hələ də qüvvədədir. Əgər insan müstəqildirsə, onun qarşısını nə Vəkillər Kollegiyası, nə bu qurumun Rəyasət Heyəti ala bilməz. Hərənin bir əxlaqı, düşüncəsi, məsələlərə baxışı var. Mən bunu bir dəfə də demişəm, Vəkillər Kollegiyasının əksər üzvləri sadəcə olaraq “maklerliklə” məşğul olurlar. Azərbaycanda məhkəmə hakimiyyətinin, dövlət orqanlarının, digər səlahiyyətli hüquqi şəxslərin real vəziyyətini nəzərə alıb, özlərini ağıllı hesab edən vəkillər maklerliklə məşğul olurlar. Bu da əslində o adamlar üçün çox ciddi problemlər yaradır. Bu ilin aprelin 1-də, məsələn, Vəkillər Kollegiyasının Rəyasət Heyətində müzakirə olunanda, məndən və vəkil Bəhruz Bayramovdan başqa, digər vəkillərlə bağlı bütün şikayətlər konkret vətəndaşlardan daxil olmuşdu. Vətəndaşlar da şikayətlərində qeyd edirdilər ki, həmin vəkillər onların pulunu yeyib, işinə çıxmayıb, pulu hakimə verib, indi də həmin pulu geri almaq olmur və sair. Bizim işimizlə bağlı isə Ali Məhkəmənin hakimləri şikayət etmişdilər. Amma vətəndaşların şikayət etdiyi vəkillərə heç bir söz deyilmədi.

“Məhkəmələrdə ədalət varmı?”

– Indiyə qədər yüzdən çox məhkəmə prosesinə çıxmısınız. Məhkəmələrdə ədalət prinsipi nə dərəcədə qorunur? Necə faiz işlərdə Siz ədalətli qərarın çıxarılmasının şahidi olmusunuz?

– Bu suala konkret cavab vermək həddindən çox çətindir. Mövqeyim ondan ibarətdir ki, Azərbaycanda qanunda nəzərdə tutulan Məhkəmə Hakimiyyəti deyilən bir qurum yoxdur. Bizim Cinayət Prosessual və ya Mülki Məcəllədə, digər qanunlarda məhkəmələrə konkret səlahiyyətlər verilir. Bu səlahiyyətlər çərçivəsində məhkəmələr normal fəaliyyət göstərməlidirlər. Belə qənaətə gəlmişəm ki, istər cinayət, istərsə də mülki işlər üzrə olsun, kiminsə əgər hüquqları pozulursa və onlar ümid edirsə ki, məhkəmələrə müraciət edəcək, onun hüquqları bərpa olunacaq, bu düzgün düşüncə deyil. Belə bir düşüncə ilə Azərbaycanda yaşamaq qeyri-mümkündür. Azərbaycanda məhkəmələr vasitəsilə ədaləti bərpa etmək üçün ya siyasi hakimiyyətdə möhkəm dayağın, ya da yaxşı pulun olmalıdır və onu hakimə çatdırmalısan. Həmin pul vasitəsilə ədalətə nail olmalısan. Bu şərtlərdən kənar hansısa ədalətə nail olacağını düşünmək bir az çətindir. Bir-iki ədalətli hakimə sənin işin düşə bilər və əgər qarşı tərəf Azərbaycanda real olan vasitələrdən istifadə etməyibsə, ola bilsin ki, həmin hakim qanuna söykənib hər hansı ədalətli qərar verə bilər. Digər hallarda isə mütləq Azərbaycanda məhkəmələrə təsir vasitələrindən istifadə etməlisən ki, ədalətli qərar qəbul olunmasına nail ola biləsən.

Hakimlərin seçim proseduru Avropaya “nümunədir”

– Dünya Bankının Azərbaycana kredit verilməsiylə bağlı irəli sürdüyü şərtlərdən biri də məhkəmə sistemində islahatların aparılması idi. Hazırda Azərbaycan məhkəmələri sahibkarlara hansı problemləri yaradır?

– Bu söhbətlər çoxdan gedir. 10 iyun 1997-ci il tarixdə Azərbaycanda Məhkəmələr Haqqında qanun qəbul edilib. 2000-ci ildən sonra bu qanunun tətbiqinə başlayıblar. Bu sahəyə rəhbərlik edən insanlar qəzetlərdə, digər KIV-də bəyan edirlər ki, guya Azərbaycanda ciddi məhkəmə islahatları həyata keçirilir. Hətta onlar utanmadan bəyan edirlər ki, Azərbaycanda hakimlərin seçim prosedurları Avropanın bir sıra dövlətlərinə tövsiyə edilir. Bu bəyanatlar daxili auditoriyaya hesablanıb. Bu çox qüsurlu məsələdir. Hakimlərin seçim prosedurunda iki dəfə iştirak etmişəm. 2005 və 2006-cı illərdə ən yüksək nəticəni göstərmişəm. Amma şifahi mərhələdə seçki komitəsinin üzvlərinin hər biri mənə yüksək cavab verdiyimi bildirsə də, mən bu mərhələdən keçə bilməmişəm. Bu, tamamilə qüsurlu prosedurdur. Siyasi hakimiyyət kimlərisə istəmirsə, onlar hakim ola bilməz.

Hətta bir qrup millət vəkili Azərbaycanda ciddi hüquqi islahatların keçirilməsini istəyir. Hakimlərin seçki prosedurunu dəyişmək lazımdır. Elə bir qrum yaradılmalıdır ki, hakimlərin seçilməsi kimdənsə asılı olmasın. Bütün bunlar son nəticədə həm sahibkarlar, həm də sadə vətəndaşlar üçün öz hüquqlarını məhkəmədə müdafiə etməsi üçün ciddi problemlər yaradır. Sahibkarlarla bağlı ən ciddi problemlər Vergilər Nazirliyinin yaratdıqlarıdır. Vergilər Nazirliyinin müvafiq qurumları istədiyi sahibkarla bağlı heç bir əsası olmadan yoxlamalar həyata keçirə bilərlər. Həmin yoxlamaların nəticəsində verginin alınmasıyla bağlı akt tərtib olunur. Bu aktın heç bir əsası yoxdur. Vergi Məcəlləsinin mahiyyətinə görə, vergi orqanı hesabladığı vergini sübut etməlidir. Amma son nəticədə məhkəmələrə verilən göstərişlə bütün bu qərarlar əksər hallarda vergi orqanlarının xeyrinə qəbul edilir. Sonra sahibkar bütün məhkəmə instansiyalarına müraciət etməsinə baxmayaraq, ədaləti bərpa edə bilmir. Bu problemin kökü ondan ibarətdir ki, məhkəmələrə konkret göstəriş var. Onlar hökmən dövlət orqanının mövqeyini üstün tutmalıdırlar. Digər tərəfdən, məhkəmələrdə məruzə məsələsi var. Hakim icraatına verilən işlə bağlı qərar qəbul etməmişdən əvvəl həmin məhkəmənin sədrinə iş barəsində məruzə etməlidir. Sədr hansı göstərişi verirsə, ona uyğun qərar qəbul edilməlidir. Bu o deməkdir ki, hakim üç ay ərzində işə baxır, prosesdə müxtəlif fikirlər söylənilir, formal da olsa araşdırma aparılır, amma bütün bunların son nəticədə hüquqi əhəmiyyəti yoxdur. Sonda məhkəmə sədrinin verdiyi konkret göstərişə əsasən, konkret qərar qəbul edir. Iddianın qəbul və ya rədd ediləcəyi, məhkəmənin sədrindən asılıdır.

“Apelyasiya Şurası effektsiz bir qurumdur”

– Yeni yaradılan Apelyasiya Şurasının fəaliyyətini necə qiymətləndirirsiniz? Bütün nazirlik, icra hakimiyyəti strukturlarının nümayəndələri bu qurumda təmsil olunub. Belə olan halda şura həmin nazirlik, icra hakimiyyəti haqqında necə qərar verə bilər?

– Apelyasiya Şurası yaradılanda mən buna əhəmiyyətsiz qurum kimi baxmışdım. Apelyasiya Şurasının bir neçə növü var. Icra orqanlarının nəznində və Prezident Admnistrasiyasında yaradılan Apelyasiya Şurası. Icra hakimiyyətində yaradılan Apelyasia Şurasının sədri icra başçısının müavinidir. Belə çıxır ki, icra başçısının qəbul etdiyi qərar başçının müavinin rəhbərlik etdiyi qurumda ləğv edilə bilər. Hətta belə deyilirdi ki, bu Apelyasia şuraları məhkəmə funksiyasını həyata keçirəcək. Bu biabırçı bir ifadədir. Deməli, bunlar hər şeyi yaratmağa hazırdılar, amma təki Azərbaycanda müstəqil məhkəmə olmasın. Azərbaycanda bütün məsələlərin yeganə çözüm yolu müstəqil məhkəmələrin yaradılmasıdır. Buna da imkan verilmir. Mən hətta deyərdim ki, Milli Məclisə seçkilərə o qədər önəm vermirlər, nəinki hakim seçkisinə. Bir nəfər olsa belə müstəqil şəxsin hakim olmasına imkan vermirlər. Əgər Azərbaycanda həqiqətən də hüquqi dövlət qurulması istənilirsə, bunun yolu müstəqil məhkəmənin yaradılmasıdır”.

– Hesablama Palatası milyonlarla manat mənimsəmə faktını ortaya çıxardı. Amma bu faktlarla bağlı heç bir tədbir görülmür?

– Bu çox ciddi bir məsələdir. Hətta Ilham Əliyev Amerika Ticarət Palatasının üzvləri ilə görüşündə çıxışı zamanı dəfələrlə qeyd edb ki, həqiqətən korrupsiya Azərbaycanda ciddi bəladır. Çıxışın məzmunundan belə çıxır ki, bu insanlarla bacarmaq qeyri-mümkündür. Azərbaycanın hansı dövlət orqanına, təşkilatına büdcədən pul ayrılırsa, orada çox ciddi oğurluğa yol verilir. Düzdür, arada istədilər ki, bunu inzibati xəta ilə yola versinlər. Yəni büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi inzibati xəta kimi dəyərləndirilsin. Bu da həmin şəxslərə oğurluq imkanlarını daha da genişləndirmək fürsəti yaradır. Əgər səsi çıxacaqsa, həmin vəsaitləri büdcəyə bərpa etsinlər, bununla da məsuliyyətdən kənarda qalsınlar. Amma hazırda məcburiyyət qarşısında qalaraq Cinayət Məcəlləsinə yeni bir maddə 308-1-ci maddə təklif olunur. Bununla büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyənlər cinayət məsuliyyətinə cəlb edilə bilər. Əslində isə büdcə vəsaitlərinin təyinatdan kənar xərclənməsi deyil, bu əməllər büdcə vəsaitlərinin mənimsənilməsidir. Bu şəxslər bu yolllarla büdcə vəsaitlərini təyinatdan kənara xərcləmək adı altında onları sadəcə olaraq mənimsəyirlər. Bütün bu şəxsləri Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edib, cəzalandırmaq lazımdır. Amma əfsuslar olsun ki, başqa adlar altında bunların ağır cinayət əməlləri ört-basdır edilir. Fikirləşirlər ki, guya bu yol ilə hakimiyyətlərini möhkəmləndirirlər. Bu insanlar guya hakimiyyətə xidmət etdiyinə görə onları cəzalandırmaq istəmirlər. Amma normal dövlətlərdə hər bir cinayət törədən şəxs vaxtında cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Çünki hər bir oğurluğu ictimaiyyət görür və bu hakimiyyətə böyük zərbə vurur. Amma çox təəssüf ki, hakimiyyət bunu dərk etmir.

“Prokurorluq KIV-də dərc edilmiş faktları araşdırmalıdır”

– Azərbaycan məmurlarının adı beynəlxalq mətbuatda müxtəlif əməllərdə hallanır. Məmurlardan birinin adı 3 dövlətə işləməkdə, digərinin adı isə ofşor zonaya maliyyə çıxarmaqda çəkilir. Bu məsələlər araşdırma perdmeti olmalıdırmı?

– Normal dövlətlərdə bütün bu faktlar araşdırılmalıdır. Həmin vəzifəli şəxslər barəsində cinayət işi açılmalıdır. Bu ittihamların səbəbləri, onların həqiqətə uyğun olub-olmaması araşdırılmalıdır. Məmur ictimai fiqurdur. Konstitusiyaya görə dövləti xalq təsis edir. Dövləti xalq təəsis etdiyinə görə məmurlar xalq qarşısında hesabat verməlidirlər. Prokurorluq KIV-də dərc edilmiş belə faktları araşdırmağa borcludur. Amma bizdə prokurorluq siyasi hakimiyyətin verdiyi sifarişlər əsasında araşdırmalar aparır. Dövlət büdcəsindən prokurorluğa nə qədər vəsait ayrılır. Bunların borcudur ki, bu faktları araşdırsınlar. Amma prokurorluq elə iflic vəziyyətə salınıb ki, yalnız siyasi hakimiyyətin verdiyi göstərişlər əsasında araşdırmalar aparır.

“Azərbaycan hüquqa söykənən dövlət deyil”

– Son zamanlar baş verən intiharların səbəbi vətəndaşların kredit borcunu qaytara bilməməsidir. Bu problem necə həllini tapmalıdır. Vətəndaşın bu halı fors-macor kimi dəyərləndirilə və kreditin yenidən hesablanması aparıla bilərmi?

– Əslində Mülki Məcəllə bu məsələləri borclunun, kredit götürənin xeyrinə həll etmişdi. Mülki Məcəllənin 439-cu maddəsi borcluların xeyrinə idi. Amma bu məsələ Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarıldı və bu instansiya hüquqa söykənən deyil, siyasi qərar qəbul etdi. Mən o zaman hələ bunu bildirmişdim. Bu bir daha təsdiq etdi ki, Azərbaycan hüquqa söykənən dövlət deyil. Ona görə digər orqanlar kimi, Konstitusiya Məhkəməsi tərəfindən də hüquqa söykənməyən qərarların qəbul edilməsi mümkündür. Məhkəmənin qərarı insanları pis vəziyyətə saldı. Mülki Məcəllənin 439-cu maddəsinin müddəaları bankların xeyrinə şərh edildi. Vətəndaşların vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir tədbir görülmədi. Nəticədə bütün yük kredit götürən vətəndaşların üzərinə düşdü. Düşünürəm ki, bu məsələlər təbii yol ilə kredit götürənlərin xeyrinə həll olunacaq. Banklar çökəcək və insanlar o kreditləri qaytarmayacaq.

– Vətəndaşları intihar həddinə çatdırılmasına cinayət işi açılmalıdırmı?

– Bizim hazırkı Cinayət Məcəlləsi ilə bank işçilərini cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil. Amma bank əməkdaşlarının hədə-qorxu ilə pul tələb etməsiylə bağlı hüquq mühafizə orqanlarına müraciət olsa, müraciətin araşdırılması mümkündür.

Xəyal