Deyirlər, guya xalqımız başına gətirilən bütün bu pis oyunlara, zülmə layiqdir. “Hər bir xalq layiq olduğu şəkildə idarə olunar”, “Hər bir xalq öz hökmdarına layiqdir”, Hegelin bu cümləsini də sitat gətirirlər.
Necə yəni mən belə idarə olunmağa layiqəm.. Axı mən, siz, biz neyləmişik? Hansı günahların sahibiyik? Əgər məktəbə gedən az yaşlı övladlarımız beli qırılmış təhsilin qurbanına çevirilirsə deməli o uşaq belə savadsız böyüməyə layiqdir? Və ya hər hansı birimiz xəstələndiyi zaman səhiyyə ocaqlarında naşı bir həkimin hesabına şəfa tapmaq əvəzinə daha da beş-betər dərd tapırıqsa o zaman biz buna layiqik?!
Bu nə məntiqdir?! Əgər siz ağrıdan zövq alan sadistlərsinizsə bu başqa məsələ. Bioloji cəhətdən yanaşsaq sadistlik insanın uşaq vaxtı aldığı psixoloji travma ilə bağlılıq daşıyır.. Hə, yoxsa bu Cumhuriyyətimiz dağılandan sonra və hətta 1937-ci illərin ağır günlərinin travmasının təzahürüdür?! Yetkin, formalaşmış şəkildə indi də bu cür ağrıları bir növ bədən tələb edir.
Bəs niyə bu gün Alman xalqı elə ağrılar yaşamaq istəmir? Alman xalqının dürüstlüyü, dəqiqliyi, işini vicdanla yerinə yetirməsi çox vaxt bizə nümunə kimi göstərilir. Bəs heç düşündünüz ki, belə nümunəvi xalq çox yox 70-75 il öncə qan içən, zalım bir diktator olmuş Adolf Hitlerin amansızlıqlarına və qeyri insani davranışlarına necə boyun əymişdilər?! Milyonlarla insanları bu xalqın göz önündə diri-diri yandıranda, güllələyəndə onlar bu cür şeylərə necə alət olub və həmin rejimə beyət edirdilər?!
Amerikada orta məktəb şagirdləri üzərində tarix müəllimi Ron Cons keçirdiyi psixoloji eksperimentlə bu suala aydınlıq gətirməyə çalışıb. O bu eksperimentə “Üçüncü dalğa” adını verib.
1967-ci il aprelin əvvəllərində Cons Alman xalqının repressiv milli sosializm altında davranışlarını anlamaq üçün Palo-Alto məktəbinin siniflərindən birində bir həftəlik təcrübə aparmışdır. Məktəblilər üçün sərt qaydalar tətbiq edib, gənclər qruplaşmasının yaradıcısı olmaqla o, təxminlərinin tam əksinə olaraq nə tələbələrin, nə də böyüklərin müqaviməti ilə rastlaşmışdır. Beşinci gün Cons tələbələrə onların asanlıqla manipulyasiyalara boyun əymələrini və bu sakit davranışları ilə Üçüncü Reyx vətəndaşlarından heç bir şeylə fərqlənmədiklərini izah edərək təcrübəni
dayandırmışdır.
Eksperiment
Ron Cons Kaliforniyada, Palo-Altoda “Ellvud Kabberl” orta məktəbində tarix fənnini tədris edirdi. İkinci Dünya müharibəsinin tədrisi zamanı şagirdlərdən biri Consdan Almaniyanın sıravi sakinlərinin ölkələrindəki toplama düşərgələrini və insanların kütləvi şəkildə qətlə yetirlmələrini necə göz ardına vura bildiklərini soruşmuşdu. Sinifin məktəb proqramını qabaqlamasını nəzərə alaraq, Cons bu suala
həsr olunmuş bir həftəlik eksperiment keçirməyə qərar vermişdi.
Bazar ertəsi o, şagirdlərinə nizam-intizamın gücünü izah etdi. Cons intizamlı olmaq üçün şagirdlərə “səssiz” oturmağı əmr etdi. Daha sonra isə o, şagirdlərə bir neçə dəfə ayağa qalxıb yeni vəziyyət almağı, səssizcə auditoriyanı tərk edib sonra qayıdıb yerlərini tutmağı əmr etmişdi. ”Oyun” uşaqların xoşuna gəldi və onlar tapşırıqları həvəslə yerinə yetirməyə davam etdilər.
Çərşənbə axşamı Cons “səssiz” oturmuş sinifə icmanın gücünü izah etdi. O, sinifə xorla “Güc nizam-intizamdadır, güc icmadadır” deməyi əmr etdi. Şagirdlər qruplarının gücünü görərək ruh yüksəkliyi ilə ona itaət edirdilər. Dərsin sonunda Cons şagirdlərə Üçüncü dalğanın “salam” jestini (çiynə doğru yönəlmiş sağ əl) göstərdi və onlara bu cür salamlaşmağı tapşırdı. Növbəti günlərdə şagirdlər bu yolla salamlaşırdılar.
Çərşənbə günü təcrübə altında olan sinifə daha 13 nəfər könüllü qoşuldu və Cons üzvlük biletlərinin verilməsinə qərar verdi. O, hərəkatın gücündən danışdı.Onun sözlərinə görə ayrı-ayrı fərdlərin rəqabəti məyusluğa, qrup işi isə təhsildə böyük nailiyyətlərin əldə edilməsinə yol açır. Cons şagirdlərə qonşu sinifin şagirdlərini “səssizlik” prinsipinə inandırmağı və onlardan bir nəfər etibarlı tələbəni öz sınaqlarına cəlb etməyi tapşırdı. Üç şagird qayda pozuntularını və “Üçüncü dalğanın” tənqidçiləri haqda Consa xəbər vermək tapşırığını aldı, lakin təcrübədə təxminən 20 nəfər könüllü “xəbərçiliklə” məşğul oldu. Öz bədən quruluşuna görə fərqlənən şagirdlərdən biri Robert, Consa onun cangüdəni olacağını bildirdi və bütün gün məktəbdə onun ardınca dolaşdı.Yeni şəraitdə qabiliyyətlərinə ehtiyac duyulmayan, ən yaxşı üç şagird valideynlərinə təcrübə haqda danışdı. Nəticədə yerli ravvinlərdən (yəhudi ruhanisi) biri Consa zəng vurdu. Consun alman şəxsiyyətini müyyənləşdirmək üçün sinifdə təcrübə apardığını eşidən ravvin kifayət qədər məmnun qalmış və vəziyyəti şagirdlərin valideynlərinə izah edəcəyinə söz vermişdi. Cons hətta böyüklərin bu işə müqavimət göstərməməsindən dərin məyusluq keçirdi.
Cümə axşamı eksperimenti bitirməyə tələsən Cons şagirdlərə qürurun gücünü izah etdi. O, sinifdə toplanmış 80 nəfərə onların xalqın rifahının yüksəldilməsinə yönələn milli gənclər proqramının üzvü olduqlarını dedi. Sonra isə o, ölkənin digər regionlarında Üçüncü Dalğanın yüzlərlə şöbəsinin olduğunu, cümə günü günorta isə prezident postuna namizədliyini irəli sürmüş hərəkat liderinin onların yaranması haqqında mətbuata məlumat verəcəyini bildirdi.
Cümə günü günorta təhsil məsələləri ilə maraqlanmayan qruplaşmalar da daxil olmaqla 200 nəfər şagird kabinetə toplanmışdı. Consun dostları otaqda o yan-bu yana gedərək özlərini fotoqraf və mətbuat işçisi kimi göstərirdilər. Cons heç bir hərəkatın olmadığı etiraf etdi. Şagirdlər isə asanlıqla öz fikirlərindən imtina edərək manipulyasiyalara boyun əymişdilər. Onun sözlərinə görə onların bu davranışı çətin vaxtlar keçirən alman xalqının davranışlarından heç bir şeylə fərqlənmirdi. Şagirdlər məyus olmuş halda dağılışır,bəziləri isə göz yaşlarını saxlaya bilmirdi.
Nəticə- Təcrübə, üzvlərinin davranışlarına görə keçirdiyi xəcalətlə bağlı olaraq uzun bir müddət gizli qalmışdır. 1970-ci ilin sonlarında Cons özünün pedoqoji kitabında bu eksperimenti işıqlandırmışdır.
1981-ci ildə bu təcrübə əsasında “Dalğa” romanı və filmi işıq üzü görmüşdür. 2008-ci ildə isə “Eksperiment 2-Dalğa” adlı alman filmi lentə alınmışdır.
Baxın, sistem insanları meymuna da çevirə bilər. Sağlam və ədalətli sistem insanların içindəki pis duyğuları boğur və ortaya çıxmağa qoymur. Bura hər hansı milləti qatmaq yanlış fikirdir. Hər bir xalqı, cəmiyyəti düzgün idarəçilik, nizam, nəzarət mexanizmi və bütün bunları əhatə edən sistemlə inkişaf etdirmək mümkündür.
ASAN xidmətdə bu günə kimi rüşvət almaq-vermək hadisəsinə rast gəlinməyib. Bunu prezident də öz çıxışında vurğuladı. Bununla bizim xalqın adına çıxmış “rüşvət qanımızdadır” mifi avtomatik dağıldı. Camaatın başı xarab deyil ki, gedib harasa, nəyəsə görə rüşvət versin. Deməli müəyyən bəlli yerlərdə insanları belə şeylərə vadar və təhrik ediblər.
Aydın və vicdanlı insanlarımız hesabına gözəl günlər görəcəyik. Yetər ki, biz də üzərimizə gələn bu çılğın dalğaya qarşı üzərək, müqavimət göstərək. Qələbəmiz labüddür!




