Yaşar Türkazərin bir zəngi

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Mənə tez-tez zəng vuranlardan biri, bəlkə də, birincisi Yaşar Türkazərdir. Zəng vurur, səsimi eşitmək istədiyini bildirir, sonra da danışır, danışır, danışır… Ən çox da o mənə dillə bağlı tapıntılarından, fonetik araşdırmalarından danışır. Yaşar bəy dilimizin qanunlarını yaxşı bilir, ən çox da fonetikanı. Boynuma alıram, fonetikanı o məndən yaxşı bilir; bircə elə buna görə Yaşar bəyə ayrıca sayğı ilə yanaşmağa dəyər.

Yaşar bugünlərdə mənə yenə zəng vurmuşdu. Sən demə, aprelin 17-də 60 yaşı olur. Yubiley yaşı ilə bağlı yazı yazmağımı istəyirdi. Mən Yaşara sifarişlə yazı yazmadığımı deyə bilərdim, ancaq… demədim. Demədim, onsuz da bu balaca ölkədə hamı kimin nə işlə uğraşdığını yaxşı bilir – kimlərinsə əxlaqsızcasına Məhəmməd Əmin adı arxasında gizlənərək Məhəmməd Əminə, Məhəmməd Əmin ideyalarına yağı rejimə pullu qulluq yolu tutduqlarını da, rejimdən irili-xırdalı aldıqlarını da: deyək, ofisdən tutmuş, Badamdardakı, Novxanıdakı, Sumqayıt bağlar massivindəki villalaradək. Bir də var eləcə, səssiz-səmirsiz Məhəmməd Əmin Yolu gedənlər, Məhəmməd Əmin ideyalarına qulluq edənlər! Xalq hərəkatının o başından gələn Yaşar da, bir çoxları kimi, bütün bunları görməmiş, bilməmiş deyil.

Dünya tarixində xalq hərəkatları çox olub. Bunlardan ən parlağı Bastiliya türməsini yıxmış Fransa Xalq hərəkatıdır. 1988-ci ilin Azərbaycan xalq hərəkatı böyüklüyü, genişliyi, enerjisi baxımından Fransa Xalq hərəkatından geri qalmayan fenomenal bir görsəniş idi. Istəsəniz, arada çoxlu oxşarlıqlar da tapıb göstərmək olar. O oxşarlıqlardan biri də Azərbaycan Xalq hərəkatındakı Yaşar Türkazər faktıdır. Bastiliyanı yıxmış Fransa Xalq hərəkatına ayrıca parlaqlıq gətirmiş, bu hərəkatı unudulmaz personajları ilə dünyanın sevimlisinə çevirmiş ünlü bir yazar var – Viktor Hüqo! Bizim Hərəkatımızın başlıca, ola bilsin, bədii-ideoloji, çatışmazlıqlarından biri ortaya hələlik Hüqo kimi yazarın çıxmamasıdır. Hüqo kimi yazar olmaq isə olduqca çətindir. Hüqo özündə nələri birləşdirirdi: yazar, ideoloq, siyasətçi, filosof. Onun Fransa Xalq hərəkatı ilə bağlı yazdıqları, dəyərləndirmələri buna görə indi də olduqca dəyərlidir. Mən Hüqonu Fransa Xalq hərəkatının ən gözəli, ən etkili-öyrədici tarixçisi sayıram.

Bəlli olduğu kimi, Hüqo özü də Fransa Xalq hərəkatına bütünlüklə bağlı yazar idi. Onu dəyərləndirib parlamentə seçmişdilər. Bizdəki bir sıra satqın yazarlar kimi o, mandat alıb rejim qulluqçusuna çevrilməmişdi. Hüqo parlamentdə ardıcıl demokratikləşmə yolu tutan, demokratiya ideyalarından azacıq da geri çəkilməyən, belə desək, parlament Robespyerinə çevrilmişdi. Kralın onu yüksək yaşayış payları, ünlü ödüllərlə özünə yaxınlaşdırma istəkləri Hüqonun Xalq hərəkatı ideyalarına bağlılığı, – demokratiya yolundan dönməzliyi üzündən boşa çıxmışdı. Buna görə çox keçmədən Hüqo öldürülmək qorxusu ilə üzləşmişdi. Dostları onu gizlincə ölkədən çıxarmış, Hüqo 20 ildən artıq Fransadan uzaqlarda yaşamalı olmuşdu – sonadək Xalq hərəkatına – Demokratiya ideallarına bağlı qalmaqla!

Yaşarla mənim tanışlığım Xalq hərəkatından az öncə başlayıb. Bu, bəlkə, “Çənlibel” yığıncaqlarından başlayıb, bəlkə də, çayxana yığıncaqlarından. Daha çox yadıma gələn “Nu, poqadi” çayxanasıdır. Yaşarı hər yerdə bəlli bir kimsəylə görmək olardı – Xalq hərəkatının başlıca təkanvericilərindən olan Məhəmməd Hatəmi ilə. Məncə, Yaşarın hərəkatçı dönməzliyində Hatəmi tək önəmli rol oynayan başqa birisi olmayıb. Görünür, elə bu üzdən Yaşar indi də Məhəmməd bəylə sıx ilişki saxlayır, ondan böyük sevgiylə danışır.

Bilirəm, Yaşara başqa cür, açıq desək, sayğısız yanaşanlar var. Ancaq hamı bilməlidir: istər Fransa Xalq hərəkatı olsun, istərsə də Azərbaycan Xalq hərəkatı – Yaşar kimi adamlar hərəkata ayrıca boya qatır, özümlü milli kolorit verir. Onlar elə bil Hərəkatın dadını-duzunu atrtırır, onu xalqa daha da yaxınlaşdırır, daha çox sevdirirlər. Bu üzdən yubileyin qutlu olsun, Yaşar bəy!