Onu siyasi məhbus problemilə əlaqədar Əliyevin ünvanına səsləndirdiyi tənqidlərə görə prokurorluqda hədələyiblər
“İlham Əliyev sənə yaxşılıq edib, sən isə…”
Müsavat Partiyası başqanının müavini, təxminən bir ay əvvəl həbsdən buraxılan Tofiq Yaqublu mətbuatdakı müsahibələrinə görə Baş Prokurluğa çağırılıb. O, prokurorluqdan çıxandan sonra bu barədə açıqlama verib.
“Həbsxanaya qayıtmağa hazıram…”
Tofiq Yaqublunun sözlərinə görə, təxminən yarım saatlıq söhbətdən sonra sərbəst buraxılıb. Görüşdə Baş prokurorun müavini Rüstəm Usubov və daha iki nəfər iştirak edib.
“Mənimlə çox mədəni davrandılar, amma dedilər ki, ”görürük, sən hələ ağıllanmamısan. Ilham Əliyev sənə yaxşılıq edib həbsdən buraxıb, sən isə onun haqqında doğru olmayan sözlər deyirsən”. Onlara bildirdim ki, qətiyyən belə şey yoxdur, mənim azad olunmağımla bağlı Avropa Məhkəməsinin də qərarı var idi. Ilham Əliyev zəhmət çəkib, mənim günahsız həbsimlə bağlı qərar verənləri cəzalandırsın, o halda, mən onun haqqında xoş sözlər danışacam. Dedilər ki, “bu vəziyyət davam etsə, prokurorluq barəmdə ölçü götürəcək, təkrar həbsə düşə bilərəm”. Mənə xəbərdarlığa qol çəkdirdilər. Amma mən sənədi əlavə şərh yazmaqla imzaladım. Yazdım ki, “mən bu sənədlə tanış olmuşam”.
Tofiq Yaqublunun sözlərinə görə, ona mətbuata müsahibələrində dini ədavətə çağırış etdiyini deyiblər. O isə bu barədə deyilənlərlə razılaşmayıb: “Dedim ki, əksinə, mən çıxışlarımda həmişə demişəm ki, dini ədavətə yol vermək olmaz”.
Tofiq Yaqublu onu da qeyd edib ki, bu cür addımlarla onu haqq bildiyi yoldan çəkindirmək mümkün deyil: “Həbsxanaya bir də qayıtmağa hazıram”.
***
Baş Prokurorluq da Tofiq Yaqublu ilə görüş haqda açıqlama yayıb.
“Tofiq Yaqublu ”facebook” sosial şəbəkəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazıb. Müsahibələrində Azərbaycanda guya, mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən məlumatlar yayıb”, – deyə açıqlamada bildirilir.
Prokurorluğun məlumatına görə, qeyd olunanlarla əlaqədar Tofiq Yaqublu dəvət edilərək onunla müvafiq söhbət aparılıb. O, söhbət zamanı mediada fikirlərinin təhrif olunduğunu bildirib: “Tofiq Yaqubluya milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlərin mediadan istifadə olunmaqla törədilməsi əməllərinə görə xəbərdarlıq edilib”.
Xatırladaq ki, Tofiq Yaqublu 2013-cü ildə Ismayıllıda baş verən etirazların təşkilində ittiham olunaraq həbs edilmişdi. 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi.
Novruz bayramı öncəsi dövlət başçısının əfv sərəncamı ilə azadlığa buraxılan Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra da hökumətin ünvanına tənqidlərini davam etdirib. O, həbsdən çıxandan sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “Azərbaycanda siyasi məhbuslar probleminin arxasında şəxsən prezident Ilham Əliyev durur”.
Aytən Məmmədova




