Krımoğluyla görüşün inkar edilməsi müstəqil olmamağın etirafıdır
Hökumətimizin “macəra”ları davam edir. Elə bir gün olmur ki, bu hökumətin qeyri-ciddi, bərbad, acgöz, yaramaz fəaliyyətinin şahidi olmayaq. Gah korrupsiya faktları ortaya çıxır, gah hansısa nüfuzlu mətbuatda hökumətin anti-demokratik əməllərindən yazırlar, gah beynəlxalq hesabatların “qara siyahı”sına düşürük, gah da hökumət sözçülərinin biabırçı açıqlamalarını eşidirik.
Bu dəfə biabırçılıq Türkiyə səfəri zamanı baş verdi. Belə ki, ölkə başçısı Ilham Əliyevin Istanbulda Krım tatarlarının liderləri Mustafa Cəmil Krımoğlu və Krım-tatar Xalq Məclisinin sədri Refat Çubarovla görüşü barədə məlumat yayıldı. Məlumatı Çubarov fotoşəkillə birlikdə Facebook səhifəsində paylaşıb. Amma bu faktlara baxmayaraq Ilham Əliyevin mətbuat katibi Azər Qasımov açıqlama verərək görüşü inkar edib. O deyib ki, Ilham Əliyev çay içəndə Krımoğlu ilə Çubarov ona yaxınlaşaraq özlərini təqdim ediblər və bunu görüş adlandırmaq olmaz.
Bəli, hökumət başa düşüb ki, Krım tatarlarının liderləri ilə görüş Rusiyanın xoşuna gəlməz və buna görə də israrla təkzib etməyə başlayıblar. Axı, qorxunun da bir həddi olar. Bir ölkənin prezidentinin bəlli görüşünü bu qədər təlaşla inkar etmək qeyri-ciddiliyin, cılızlığın göstəricisidir.
“Bizim daxili işimizə heç kim qarışa bilməz”, “Biz müstəqil siyasət yürüdürük” deyən hökumət əməlli-başlı gərginlik yaşayıb.
Bəs, sabah vacib islahatlar həyata keçirmək, Qarabağı müharibə yolu ilə azad etmək zərurəti yarananda necə olacaq? Belə çıxır ki, hökumət bütün prinsipial məqamlarda Rusiya səddinə ilişib qalacaq. Bəli, Krımoğlu ilə görüşün israrla inkar edilməsi qeyri-müstəqil siyasətin, iradəsizliyin göstəricisidir.
O qədər təlaş keçiriblər ki, normal yalan da fikirləşə bilməyiblər. Bildiyiniz kimi, Krımoğlu Poraşenkonun müşavirdi, Çubarov isə Ali Radanın üzvüdür. Hökumət belə açıqlama verə bilərdi ki, Ilham Əliyev bu şəxslərlə Ukrayna rəsmiləri sifətində görüşüb.
Yəni qorxunu, qeyri-müstəqilliyi daha abırlı şəkildə təqdim etmək olardı.
Bu görüşün inkar edilməsi həm də Qarabağ münaqişəsinin uzun illər ərzində niyə həllini tapmamasına aydınlıq gətirir. Hökumətimiz Rusiyadan elə asılı vəziyyətə düşüb ki, 5-ci kolon ölkədə elə kök salıb ki, heç kim Rusiyadan Qarabağı tələb edə bilmir, bu ölkədən ermənipərəstliyin hesabı sorulmur.
Təbii ki, bu qədər ürkək hökumətlə ölkəni işıqlı sabahlara aparmaq olmaz. Nə monolit komanda, nə siyasi iradə, nə də qətiyyətli lider yoxdur. Hökumətin bütün siyasəti ölkə sərvətlərini talan etməyə və prinsipial məqamlarda Rusiyanı dəstəkləməyə hesablanıb.
Indi siz deyin, Krım tatarlarının lideri ilə görüşünü tirajlamaqdan çəkinənlər, ölkənin milli maraqları uğrunda ölüm-dirim savaşına girə bilərmi?
Heç Ermənistan, Belarus, Qazaxıstan prezidentləri Putin rejimindən belə çəkinmir. Hətta Rusiyanın hesabına yaşayan Ermənistanda Rusiya əleyhinə yürüş-mitinqlər keçirilir.
Işğala məruz qalmış ölkənin prezidenti isə işğalçının qorxsundan başqa bir işğala məruz qalmış ölkənin lideri ilə görüşünü gizli saxlamaq istəyir. Hansıki, torpaqları işğal edilmiş ölkənin prezidenti belə bir görüşə daha çox ehtiyac duymalıy və bunu tirajlamalıydı. Amma Azərbaycan xalqını təhqir edən, tüklərə nifrət bəsləyən Jirinovskini ən hörmətli qonaq kimi qarşılamaqdan çəkinmirlər. Əminliklə demək olar ki, sabah Krımoğlu Azərbaycana səfər etmək istəsə, onu ölkəyə buraxmamaq üçün çeşidli bəhanələr tapacaqlar.
Bəli, bu komanda hökumətdə olduqca ölkənin müstəqilliyi təhdid altındadır. Çünki, komanda özü müstəqil deyil.
Samir