Milli Şuranın sədri, professor Cəmil Həsənli Facebookda Azərbaycan hökumətinin xaricdə təhsil üzrə dövlət proqramından imtina etməsinə münasibət bildirib:
Dostlar! Xaricdə təhsillə bağlı dövlət proqramının dayandırılmasının anonsu verilmişdir. Bu proqram 2007-ci ildə qəbul edilmişdi və 2007-2015-ci illər ərzində 5000 min azərbaycanlı gəncin xarici ölkələrdə təhsil almasını nəzərdə tuturdu. Bəri başdan deyim ki, Xaricdə təhsil proqramı ölkə iqtisadiyyatı, sosial həyatı üçün gərəkli olan gənc kadrların hazırlanması məqsədilə qəbul edilmişdi.
Bir sıra istedadlı gənclərin qeyd edilən proqram çərçivəsində dünyanın qabaqcıl təhsil müəssisələrində oxuması mütərəqqi hadisə olsa da, dövlət vəsaiti hesabına mükəmməl təhsil almış bu gənclərin böyük əksəriyyətindən ölkə iqtisadiyyatı, sosial həyatı, bank-maliyyə şəbəkəsində istifadə etmək mümkün olmadı. Bunun öz səbəbləri var. Ədalət naminə demək lazımdır ki, bir sıra yubanma faktları olsa da, proqramın maliyyə təminatı yüksək səviyyədə idi. Bu da gənclərimizin təhsil haqqı və yaşayış xərclərindən azad olması, mükəmməl peşə qazanmaları üçün əlverişli təminat yaradırdı. 2015-ci ilin dekabr ayının 31-də proqram başa çatdı və Azərbaycan hakimiyyəti onun vaxtını uzatmaqda maraqlı olmadı. Vaxt tamam olsa da, əslində, proqram yarımçıq qaldı.
Niyə? Məlum olduğu kimi qeyd edilən proqram üzrə 5000 nəfərin hazırlanması nəzərdə tutulsa da, həmin çərçivədə xarici universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin sayı 3283 nəfərdən artıq olmadı. Onlardan 1027-i nəfəri 2015-ci ilin dekabrına qədər təhsilini başa vurub məzun statusu qazana bildi. Qalanları isə qarşıdakı illərdə universitetləri bitirəcəklər. Deməli, 1717 nəfər proqram üzrə maliyələşdirmədən və təhsildən kənarda qaldı. Proqramın fəaliyyət göstərdiyi bütün dövr ərzində (2007-2015) heç vaxt xaricə göndərilən tələbələrin sayı illik planda nəzərdə tutulan həddə çatmadı. Əvvəl proqrama düşmək üçün bəzi məhdudiyyətlər qoyulmuşdu. Bu yaş həddi və Azərbaycan ali məktəblərində oxuyan gənclərin orta bal həddi ilə bağlı idi.
Məsələn, orta bal göstəricisi 4-dən aşağı olan gənclər ilk illərdə proqramda iştirak imkanından məhrum edilmişdilər. Halbuki, Azərbaycan ali məktəblərində verilən qiymətlərin şübhə doğurduğu hər kəsə bəlli idi. Lakin yaş və orta bal göstəricisinin aşağı olması proqramda seçimə mane olan yeganə hallar deyildilər. Burada ən böyük mane xarici təhsilə göndəriləcək gənclərin seçiminin keçmiş MTN vasitəsi ilə aparılması idi. Proqramda iştirak arzusu olan və bu məqsədlə müvafiq dövlət orqanlarına müraciət etmiş hər bir gəncin sənədləri MTN anti-terror idarəsinə göndərilir və yalnız onların rəyindən sonra müraciət etmiş gəncin taleyi barədə qərar verilirdi. Əgər Azərbaycan ali məktəblərində oxuduğu dövrdə kimsə mitinq, nümayiş, küçə yürüşləri və etiraz aksiyaları, sosial şəbəkələrdə fəallıq nümayiş etdirmişdisə MTN həmin gənclərin xarici təhsil proqramından yararlanmasının qarşısında stop qoyurdu. Əlbəttə, belə yoxlamalar yalnız ərizəçilərin deyil, onların valideyinləri və yaxın qohumları ilə bağlı da aparılırdı.
Xüsusilə, müxalifət partiyalarının üzvü olan vətəndaşların övladlarının üzünə dövlət hesabına təhsil proqramı qəti şəkildə bağlanmışdı. Əgər kimsə bundan yararlanmağa cəhd göstərsəydi bu yalnız müəyyən öhdəliklər hesabına ola bilərdi. Fikrimizcə, MTN yoxlamaları xaricdə təhsil proqramının nəzərdə tutulan sayda təmin edilməməsinin ən mühüm amili idi. Digər tərəfdən proqrama düşmək şansı proteksiya hallarından sığortalanmamışdı. Ona görə də bir sıra yüksək vəzifəli şəxslərin övladları və yaxın qohumları, YAP funksyonerlərinin cocuqları, deputat və diplomat uşaqları da proqramdan yararlandılar.
Onların içərisində təhsil göstəriciləri yaxşı olanlar da, eyni zamanda təlabata cavab verməyib 1-2 ildən sonra geri qayıdanlar da var idi. Proqramda xarici universitetlərin geniş bir spektiri əhatə edilirdi. Çünki rəsmi bu prosesə kadr hazırlığı ilə yanaşı statistik göstəricilər baxımından da yanaşırdılar. Nə qədər çox ölkə və nə nə qədər çox universitet seçilməsi işin təbliğatı tərəfi ilə bağlı idi. Sonda deyilməli idi ki, Azərbaycan hökuməti dünyanın filan qədər universitetində bu qədər tələbə oxutmuşdur. Bu yanlı yol idi. Bu yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, belə proqramlar üçün dünyaynın 10-15 qabaqcıl universitetlərinin təcrübəsindən istifadə etmək həm peşə hazırlığı, həm də iqtisadi baxımdan sərfəlidir. Məsələn, Harvard, Kembric, Oksford, Humbolt, Sarbon, Yel, Stanford, UCLA, Prinston və bu qəbildən olan digər universitetlərdə verilən təhsilə kimin şübhəsi ola bilər? Bu universitetlərin imkanlarından axıra qədər yararlanmayıb, dövlət təminatı ilə Avstraliyada 82, Litvada 18, Rusiyada 125 tələbənin hazırlanmasının anlamı nədir? İndi ruslar özləri normal təhsil üçün xaricə axışırlar.
Yaxud dövlət proqramı ilə Avstraliyada oxuyan azərbaycanlı tələbələrin sayı Avstriyada oxuyan tələbələrin sayından 3 dəfə çoxdur. Kenquru üzrə mütəxəssisi çıxmaq şərti ilə hansı peşə üzrə Avstraliya Avstriyadan daha yaxşı mütəxəssis hazırlaya bilər? Bununla yanaşı qeyd edilən Proqram çərçivəsində 949 nəfər gəncin Böyük Britaniya universitetlərində təhsilə cəlb edilməsi müsbət meyl kimi qiymətləndirilə bilər. Dünyanın ən qabaqcıl universitetlərinin böyük əksəriyyəti ABŞ-da olduğu halda, proqramın əhatə etdiyi 3283 nəfərin vur-tut 97 nəfəri Amerikaya göndərilib. Rusiyaya 125 nəfər, Birləşmiş Ştatlara 97 nəfər. Bunun başlıca səbəbi Azərbaycan hakimiyyət başında duranların ABŞ təhsilindən ehtiyatlanması ilə bağlı idi.
Xüsusilə, 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra rəsmi Bakı ABŞ-a tələbə göndərməkdən çəkinməyə başladı. Onlar ehtiyat edirdilər ki, Amerika universitetləri “bizim uşaqların beynini yuyur və gələcək etirazçılar” hazırlayırlar. Bu yanlış yanaşma dövlət proqramı üzrə çoxlu istedadlı gəncin hələ ki, dünyada birinciliyin qoruyan Amerika təhsilindən kənarda qalmasına gətirib çıxardı. Xarici təhsil proqramının yerinə yetrilməsində maraqlı məsələlərdən bir də artıq təhsilini başa vurmuş 1027 məzunun neçə nəfərinin Azərbaycanda işlə təmin edilməsidir. Dövlət indiyə qədər bu məqsədlə 156 829,30 min manat xərcləmişdir və belə böyük vəsait hesabına hazırlanan gənclərin neçə faizi ölkəmizdə işlə təmin edilmişdir? Bax bu sual xüsusi araşdırma tələb edir.