Azərbaycanın Kim Çen Irləri

ilham-huseynİlham Hüseyn

Yaxud, Şimali Koreyada yeri görünənlər

Əgər əvvəllər yalanın ömrü 40 gün olurdusa, 21-ci əsrdə yalan 4 dəqiqə də yaşaya bilmir. Bəli, informasiya texnologiyaları o qədər inkişaf edib ki, hökumətin gecə-gündüz hazırladığı plan bir neçə dəqiqənin içində iflasa uğrayır. Bu mənada AXCP sədri Əli Kərimlinin evinin qarşısındakı “qladiator üsyanları” əyani vəsait sayılmalıdır. Bu aksiyaları təşkil edənlər, aksiyanın icraçıları ifşa edildi və birmənalı şəkildə cəmiyyətin nifrəti ilə əhatələndi. Ümumiyyətlə, bilərəkdən və ya bilməyərəkdən bu aksiyaya qoşulanlar ictimai rəydən elə böyük zərbə aldılar ki, “tövbə” etməyə məcbur oldular. Son günlər ərzində onlarla tələbədən üzrxahlıq məktubu almışıq. Universitetlərdən məcburi şəkildə, yaxud aldadılaraq Əli Kərimlinin evinin qarşısına gətirildiklərini, vicdan əzabı çəkdiklərini, fotolarının sosial şəbəkədə yayılmasından utandıqlarını bildirirlər. Hökumət öz iyrənc planlarına bu gəncləri də ortaq etdi və onlara bütün ömürləri boyu daşıyacaqları vicdan əzabı yüklədi. Bir daha sübut olundu ki, bu hökumətlə əməkdaşlığın mükafatı lənətdir, nifrətdir.

Təbii ki, Əli Kərimli bu “qaydasız döyüş”ün bütün raundlarını uddu və cəmiyyət qalibin əlini qaldırdı.

Sonrakı reaksiyalar da təsdiqlədi ki, bu aksiyalar hansısa gənclərin özfəaliyyəti deyil, “yekələr”in planları əsasında həyata keçirilib. Həm də aydın şəkildə göründü ki, heç bir ifşa, cəmiyyətin lənəti bu planları quranlarda utanc hissi yaratmadı. Əksinə, bu əqidə itkisi vermiş adamlar məlum aksiyalara haqq qazandırdılar.

Məsələn baş nazirin müavini Əli Əhmədov Əli Kərimlini xəyanətdə, milli maraqları satmaqda, ordumuzun uğurlarına kölgə salmaqda ittiham edib və evinin qarşısında keçirilən aksiyaların təbii hal olduğunu vurğulayıb.

“Yeni Azərbaycan” qəzetinin redaktoru, deputat Hikmət Babaoğlu isə Əli Kərimlini ermənilərlə işbirliyində ittiham edib, sosial şəbəkələrdə antiAzərbaycan təbliğatı aparmaqda suçlayıb, “Əli Kərimli ölkəni tərk etməlidir” şüarının haqlı olduğunu bildirib və “Azadlıq” qəzetini, “Azadlıq radiosu”nu, “Meydan TV”ni Azərbaycan əleyhinə fəaliyyətdə günahlandırıb.

Deputat Qüdrət Həsənquliyev də Əli Kərimlinin evinin qarşısındakı aksiyaları haqlı sayıb, sərbəst toplaşma azadlığının göstəricisi kimi qiymətləndirib, Əli Kərimlinin xarici dairələrdən sifariş aldığını, insanların vətənpərvərlik hissindən istifadə etdiyini bildirib.

Göründüyü kimi bu “sülhpərvər” oğlanlar Əli Kərimliyə müharibə elan ediblər. Heç bir kompleks keçirmədən, vicdan əzabı çəkmədən rahatlıqla şər-böhtan səpirlər. Müxalifət liderinə qarşı bu iyrənc əməllərə haqq qazandırırlar. Əlacları olsa Əli Kərimlinin evini raketlə vurarlar, maşınına bomba qoyarlar, ömürlük həbsə atarlar və s. Əli Kərimlinin orduyla bağlı yazdıqları “facebook” səhifəsində qalır və oxumayanlar indi də gedib tanış ola bilərlər. O, ilk gündən ordunun yanında olduğunu, Azərbaycan ordusuna inandığını və müharibə davam etdiyi müddət ərzində iqtidar-müxalifət dartışmasını kənara qoyduğunu bildirdi.

Amma sən saydığını say, gör şərə könül vermişlər nə sayır. Əli Kərimlinin bu qədər sağlam mövqe ortaya qoymasına baxmayaraq, hökumət çirkin xislətindən əl çəkmədi. Əli Kərimlinin ortaya qoyduğu mövqe onminlərlə insan tərəfindən dəstəkləndi. Belə çıxır ki, onminlərlə vətəndaş da xaindi,  ermənipərəstdi, yalançıdı? Əli Kərimliyə qarşı ittiham irəli sürənələrin hansı birinin mövqeyi 100 nəfər tərəfindən dəstəklənib? Belə bir statistika varmı?

Göründüyü kimi bu adamlar Kim Çen Ir təfəkküründədilər. Həqiqəti deyəni, haqqın yanında olanı, prinsiplərini satışa çıxarmayanları öldürməyə, ləkələməyə, sürgün etməyə, şərləməyə hazırdılar. Bunlar uzun müddət Azərbaycanı Şimali Kareyaya çevirmək istəyiblər. Bunların düşüncəsi Şimali Koreya standartlarına uyğundu. Amma başa düşmürlər ki, Azərbaycanı Şimali Koreyaya çevirmək mümkün olmayacaq. Çünki, bu ölkəni Kim Ir Senlər, Kim Çen Irlər qurmayıb. Bu ölkəni Rəsulzadələr, Elçibəylər qurub. Onlar insanları  öldürmək üçün deyil, yaşatmaq üçün vuruşublar.

Yuxarıda adını sadaladığım “vətənpərvər”lərə cəmiyyətin münasibəti də göstərir ki, Kim Çen Ir təfəkkürünün daşıyıcıları bu ölkədə qalib ola bilməzlər.