Rusiya qoşunları «sülhməramlı» adı altında Azərbaycana gəlir?
Rusiyanın Azərbaycandakı “5-ci kalonu”nun fəallaşmasından sonra bəzi ruspərəst qüvvələr cəmiyyətdə birmənalı qarşılanmayan açıqlamalar verir. Onlar Moskvanı “Bakının dostu” kimi qələmə verir, guya, Qarabağ məsələsində Rusiyanın Azərbaycanın yanında olması barədə yanlış rəy yaratmağa çalışırlar. Həmin qüvvələr Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini təhlükəli saymırlar.
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “moderator.az”a açıqlamasında deyib ki, daimi sülhün tətbiqi üçün lazım olan bütün addımları atmaq lazımdır: “6 rayon qaytarılsa, proseslər özü-özünə tənzimlənəcək. Camaatda da inam yaranacaq. Ermənilər isə razılığa gəlməyə məcbur olacaqlar. Kim nə deyir, desin, ermənilər məcburiyyət qarşısında qalsalar, məsələlər istər-istəməz öz həllini tapacaq. Sülhməramlılara gəlincə, vaxtilə 90-cı illərin əvvəllərində sülhməramlılar Dağlıq Qarabağda komendatura şəklində öz yerini tapmışdı. Doğrudur, hər iki tərəf narazılığını bildirirdi. Ancaq biz geniş miqyaslı müharibəyə yol vermirdik. Müəyyən məsələlər tənzimlənirdi. Əgər deyilənlər öz təsdiqini tapsa, yenə də elə olacaq”.
Professor Nurəddin Məmmədli isə bu məsələnin çox qorxulu tendensiya vəd etdiyini deyir. Qorxu da ondan qaynaqlanır ki, hakimiyyət öz fikirlərini deputatlar vasitəsilə çatdırır: “Belə bir fikrin irəli sürülməsi indiki məqamda yaxşı halda, yoxlama mərhələsi olaraq ictimai fikri sınaqdan keçirməyə xidmət edə bilər. Pis halda isə bu, artıq qərarlaşdırılmış siyasət ola bilər. Hesab edirəm ki, bunu kifayət qədər ciddi qəbul etmək lazımdır”.
Nurəddin Məmmədli əlavə edir ki, xalq bir toplum olaraq, bu gün hadisələrin inkişafının qarşısını almalıdır: “Əli Kərimlinin bu barədə yazdığı statusa olan ictimai maraq da bu məsələdə xalqımızın çox həssas olduğunu nümayiş etdirir. Sülhməramlıların burada yerləşdirilməsinə heç cür imkan vermək olmaz. Çünki konfliktin əvvəlindən Rusiyanın Ermənistandan nəsə qopara biləcəyinin mümkünsüzlüyünü Kremldə yaxşı başa düşürdülər. Qarabağın tərəf kimi iştirakı Azərbaycan üçün üçün çox təhlükəlidir, eyni zamanda, Rusiyanın da strateji maraqlarına uyğundur. Azərbaycanın suveren hüquqlarının təmin olunması, həm də müstəqilliyinin qorunması baxımından buna heç bir halda yol verilməməlidir”.
Nurəddin Məmmədli onu da qeyd edir ki, Ilham Əliyev başda olmaqla, hakimiyyətin Rusiyadan ifrat qorxusu da vəziyyəti xeyli çətinləşdirir: “Ona görə də hər cür çətin ssenarilərə hazır olmağa çalışmalıyıq”.
Nigar