Hakimiyyət Valeh Ələsgərovla bağlı ittihamlar barədə susur
Maliyyə naziri Samir Şərifovla bağlı “agent qalmaqalı”nda olduğu kimi Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov barəsində səslənən ittihamlara da hakimiyyət düşərgəsindən heç bir reaksiya verilmədi.
Xatırladaq ki, Avstraliyada çıxan “The Age” qəzetinin saytında “Huffington Post” müxbirləri Riçard Baker və Nik MkKenzie Azərbaycanda səlahiyyətli şəxslərdən birinin “V1″ kod adı ilə neft sirlərini əcnəbilərə ötürdüyü barədə material dərc olunub. Riçard Baker və MkKenzie yazır: ”Unaoil” şirkətinin serverlərindən sızmış e-maillərdən bəlli olur ki, V1 Azərbaycanın dövlət neft şirkəti SOCAR-da mühüm vəzifə tuturmuş. Raein yazıb ki, “V1″ onu maraqlandıran informasiyanı ölkə xaricinə səfər edəndə verə biləcək.
Bunlar ölkənin Xəzər qaz yataqlarına dair layihə ilə bağlı informasiyalar idi. Raein 2002-ci ildə “Unaoil” şirkətinin icraçı rəhbərliyinə yazıb: “Mən nəhayət ”V1″lə danışdım və o dedi ki, informasiyanı yalnız Londona gedəndə verə biləcək”.
Ötən il isə “Unaoil” şirkətinin rəhbərlərindən biri yazırdı ki, Raein V1-ə informasiya almaq üçün “mümkün qədər güclü pressinq” edəcək”.
Məqalədə deyilir ki, “V1″in kimliyi uzun illərdən sonra, nəhayət ”Unaoil”un icraçı direktorlarından biri Peter Uillimontun 2006-cı ildə Azərbaycandakı siyasi gediş-gəlişlər barədə e-mailində yol verdiyi ehtiyatsızlıqdan faş olmuşdu: “V1″ hələ də SOCAR-dakı vəzifəsindədir, lakin bildiyiniz kimi o artıq parlamentə üzv seçilib (əgər buna seçilmək demək mümkündürsə) və spikerin müavini kimi ekologiya sahəsinə kurasiya edir”.
Məqalədə deyilir ki, bu e-mail “V1″in əslində Azərbaycan parlamentinin spiker müavini Valeh Ələsgərov olduğunu deməyə imkan verir, çünki o həm də ekologiya və təbii ehtiyatlar komitəsinin rəhbəridir. Valeh Ələsgərov SOCAR-da xarici investorlarla əlaqələrə cavabdeh idi.
Nədənsə Azərbaycan hakimiyyəti bu iddialara cavab vermək istəmir. SOCAR və Valeh Ələsgərovun özü də susur. Susmaq isə razılıq əlamətidir.



