Demokartik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Toplantıda son günlər döyüş bölgəsində baş verənlər geniş müzakirə mövzusu olub. Əsgər və zabitlərimizin torpaqlarımızın bütövlüyü uğrunda savaşda sərgilədiyi yüksək vətənpərvərlik, xalqımızın torpaqlarımızı işğalçılardan azad etmək əzminin çox yüksək olması təqdir olunub. Son döyüşlərdə həlak olan əsgərlərimizin adının və sayının bu günə qədər xalqdan gizlədilməsinin yol verilməz olduğu vurgulanıb.
İclasda şəhidlərin xatirəsinin əbədləşdirilməsi, onların ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, yaralılara kompensasiyaların verilməsinin vacibliyi qeyd edilib.
İclasda son günlər hakimiyyət tərəfindən davamlı şəkildə bir qrup öyrədilmiş gənclərin AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiyalar keçirməsi pislənilib. Bu addımın xalq arasında dayaqlarını itirən hakimiyyətin acizliyi və qorxaqlığı kimi qiymətləndirilib.
Toplantıda “Panama sənədləri”ndə dövlət başçısı İlham Əliyevin və onun ailə üzvlərinin ağır korrupsiya cinayətlərində ittiham olunmasına aydınlıq gətirilməsi tələb olunub.
Koordinasiya Mərkəzinin toplantısında həbsdən yeni çıxmış keçmiş siyasi məhbus Tofiq Yaqublu iştirak edib. O Milli Şurada fəaliyyətini davam etdirdiyini bildirərək həbsdə olduğu müddətdə qurumun ona göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Koordinasiya Mərkəzinin üzvləri T. Yaqubluya həbsdə olduğu müddətdə nümayiş etdirdiyi prinsipial mövqeyə görə təşəkkür edib, ona bundan sonrakı fəaliyyətində ugurlar arzulayıblar.