Hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı başlatdığı kampaniyaya etirazlar səngimir. Dünən də “Hüquqşünaslar qanunçuluq uğrunda” qrupunun üzvləri, tanınmış hüquqşünaslar Mətləb Mütəllimli, Namizə Səfərov, Qurban Məmmədov və Elçin Qəmbərov Əli Kərimliyə qarşı kampaniyanı pisləyən bəyanat yayıblar.
Bəyanatda deyilir: “AXCP sədri Əli Kərimliyə qarşı bu iyrənc kampaniyanı pisləyirik. Onun evinin qarşısında toplaşaraq ünvanına mənəvi çərçivəyə sığmayan ifadələr işlədilməsini qanuna və milli dəyərlərə zidd hərəkətlər kimi qiymətləndiririk. Bu məzmunda və həcmdə basqılar idarəolunan, məqsədyönlü hərəkətlər əksinə olaraq hakimiyyət dairələrində Əli Kərimli probleminin olduğunun bariz nümunəsidir. Keçirilən aksiyalar Əli Kərimlinin nüfuzunu daha da artırır və onun Qarabağda aparılan döyüşlərlə bağlı çıxışları həqiqəti əks etdirir. Əli Kərimlinin tənqidi çıxışına bu qaydada hücumların təşkil edilməsi yolverilməzdi. Hesab edirik ki, belə bir çirkin kampaniyanın aparılmasının əsas səbəbi hakimiyyətin torpaqlarımızı işğaldan azad etmək qabliyyətinin olmaması və xalqın gözünə kül üfürmək istəyidir”.



