Analoqsuzluq beləmi olur?

akarimli-yeni5AXCP sədri Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvü Seymur Həzi və Sabirabad şöbəsinin fəalı Murad Ədilovun şikayətlərinin Ali Məhkəmədə təmin edilməməsinə münasibət bildirib. AXCP lideri feysbuk səhifəsində yazıb:

Analoqsuzluq beləmi olur? Dünyanın hər yerində vergilər nazirinin bir nömrəli işi vergidən yayınmalarla, ofşor şirkətlərlə mübarizədir. Bizdə isə vergilər naziri ofşor şirkət açıb, səhmlərini də hakim ailə ilə bölüşür, bundan sonra da bütün sahibkarlara barmaq silkələyir ki, heç kim vergidən yayına bilməz, varidatını gizlədə bilməz. Milli təhlükəsizlik nazirinin dövlətdən, millətdən oğurladığı milyardlarla hesablanır, komandası adam oğurluğundan gizli həbsxana yaratmağa qədər cinayətlərlə məşğul olur, amma ona gözün üstə qaşın var deyən olmur. Lakin bir gənc siyasətçinin, jurnalistin tənqidi yazı və çıxışları dəhşətli cinayət hesab olunur və onun azadlığa çıxmasına heç cür imkan verilmir. AXCP sədrinin müavini Seymur Həzinin “Azadlıq” qəzetindəki yazılarına və “Azərbaycan saatı”ndakı çıxışlarına görə həbs edildiyini kim bilmir? Bu gün Ali Məhkəmə onu da, qardaşı Natiq Ədilova görə girov götürülmüş AXCP üzvü Murad Ədilovu da həbsdə saxladı. Millətin mərd, mübariz, həqiqətpərəst övladları ilə də bir atəşkəs imzalansaydı…