5 suala cavab verə bilməyən alimlər

tehsil-magistrTəhsil probleminin kökü daha dərində imiş

Biz həmişə təhsilimizin bərbad vəziyyətindən danışmışıq və bu məsələdə real faktlara əsaslanmışıq. Xüsusən orta məktəblərdə keçirilən imtahan nəticələri bunu deməyə əsas verib ki, gələcəyimiz savadsızlaşdırılır. Amma məlum olur ki, vəziyyət düşündüyümüzdən də ağır imiş. Sən demə müəllimlərin də bilik səviyyəsi aşağı imiş. Yəni, təhsil alanla yanaşı, təhsil verən də formada deyilmiş. Artıq vəziyyət o həddə çatıb ki, savadsızlıq müəllimlərə çatıb. Bəli, gələcəyə savadlı kadr yetişdirməli olanların özlərinin savada ehtiyacı var imiş.

“Məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllim var. Ona görə də müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi bu məsələdə kömək edəcək”. Bunu Təhsil Nazirliyi informasiya şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6 500-ü ibtidai sinif müəllimi olub: “Elə o zaman da ən böyük problemimiz həmin müəllimlərlə yaranıb. Çünki onlar arasında təhsil səviyyəsi aşağı insanlar çox idi. Hətta elə olub ki, elmi dərəcəsi olanlar yalnız 5-6 suala cavab yaza bilib. Qiymətləndirmə zamanı bütün bu problemlər aşkara çıxıb. Imtahan nəticələrindən narazı qalan 3 000 müəllimlə görüşüb əsas məqsədi onlara başa saldıq. Başa saldıq ki, sizinlə yanaşı, digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir”.

Rəsmi şəkildə etiraf olunur ki, diplomlu müəllimlərin böyük bir hissəsi yararsız imiş. Əgər elmi dərəcəsi olanlar cəmi 5-6 suala cavab yaza bilibsə, deməli təhsilmizi oturub ağlamaq lazımdı. Faktiki olaraq təhsilin bünövrəsi çatlayıb,  gələcək nəslin yetişdirilməsi etibarsız əllərdədi, hətta müəllimlik də saxkarlığın, korrupsiyanın güdazına gedib.

Deməli, diplom, dioqnostik qiymətləndirmə heç bir məna kəsb etmir. Müəyyən yollarla diplom almaq da, imtahandan keçmək də mümkündür. Reallıq budur ki, bu illər ərzində təkcə neft milyardları talan edilməyib, həm də dövlətin gələcəyi təhlükəyə atılıb, ən ali dəyərlər çirkaba bulaşdırılıb.  Görünən budur ki, problemin kökü daha dərində imiş. Təhlükə sinifə girən andan başlayırmış.

Samir