“Sağlam ruh” mifi

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Dünən Qırğızıstanın baş naziri haqqındakı korrupsiya ittihamlarına görə istefa verib. Bəli, söhbət hansısa Qərbi Avropa ölkəsinin hökumət rəhbərindən getmir! Söhbət bir neçə il əvvələdək haqqında “üçüncü dünya ölkəsi” kimi bəhs edilən Qırğızıstanın baş nazirindən gedir. Azərbaycanlıların əksəriyyətinin Sovet dövründəki əsgərlik xatirələrində mütləq fağır, maymaq “qırğız” obrazı olardı, onlar həmin qırğızın pişiyini necə ağaca dırmaşdırmalarından, tualet təmizlətdirmələrindən, canım sizə desin, ayaqlarını yudurtmalarından basıb-bağlayardılar.

Bax indi həmin qırğızların baş naziri barəsində korrupsiya şübhələri yarandığına görə vəzifəsində qalmağı etik saymır, siyasi mədəniyyət nümayiş etdirir və istefa verir! Necə deyərlər, “kiminin əvvəli, kiminin axırı”. Ya da belə deyək: “Əvvəl gülən axır gülər”. O qırğızlar, bu da biz.

Dünyanın korrupsiya, rüşvət reytinqlərinə liderlik edən ölkəmizdə belə bir istefa faktını hətta yuxuda görmək belə mümkün deyil. Yeri gəlsə, buna heç gərək də yoxdur. Aydın məsələdir ki, problem Sistemin özüdür, hansısa vintciyinin, təkərciyinin dəyişməsi ilə heç nə yaxşılığa doğru dəyişə bilməz. Əksinə, Azərbaycan təcrübəsi göstərir ki, bu ölkədə vəzifəyə gələn gedənə rəhmət oxutdurur.

Açığı, mənə qırğızların baş nazirinin istefası bir az da səfehlik kimi göründü. Adam da korrupsiyaya görə işdən çıxar, kreslosundan qalxar? Nə qədər axmaq olasan, bilməyəsən ki, korrupsiya dünyanın hər yerində var. Dünyanın hər yerində olan bir şeyə görə istefa etmək, əlbəttə, gülməlidir. Sən ki, vəzifədən ikiəlli yapışmadın, öləndə tabutun kabinetindən çıxmadı, daha bunun nə ləzzəti?!

Ləzzət demişkən, dünən bir xəbər oxudum, əməlli-başlı kef elədim. Bilirsiniz, rejim diqqəti həm üçgünlük müharibənin ağır nəticələrindən, həm də təzə açıqlanan Panama sənədlərində hakim ailə barədə yer alan çoxsaylı faktlardan  yayındırmaq üçün Əli Kərimlinin evinin qarşısında piketlər təşkil etdirir. Açığı, piket demək də olmaz, bu, toplaşmaq azadlığına təhqir olardı, orada baş verənlər ürəkbulandıran mənzərədir. Adam 21-ci əsrdə yaşadığına, təqvimin 2016-cı ili göstərdiyinə şübhə edir.

Sözüm onda deyil, dünən bir xəbərdə deyilirdi ki, Əli Kərimlinin evinin qarşısına son gətirilənlər Idman Akademiyasının tələbələri imiş. Sonra da deyirlər, “sağlam bədəndə sağlam ruh olar”. Buyurun, bu da sizə “sağlam ruh”, di gedin kef edin. Neçə yüzillik, bəlkə də neçə minillik müdrik fikir bu ölkədə bir göz qırpımında görün necə də çürüyüb, tar-mar olub gedə, havaya buxarlana, filfiloya çevrilə bilir.

Ümumiyyətlə, Azərbaycanda idman sözün həqiqi mənasında karikatura şəklini alıb. Gah görürsən, idmançılardan qoçu dəstələri düzəldir, xalqı döydürürlər. Gah idmançıların səsi Suriyadakı döyüşlərdən gəlir, məlum olur, cihad edirlər. Gah hansısa idmançının restoranda qız üstündə dava salıb adam öldürdüyü xəbəri yayılır, gah da kiməsə pul atıb həbsə düşdüyü məlum olur. Indi də Idman Akademiyasının tələbələrindən çirkin, çağdışı bir “tamaşa”da alət, oyuncaq kimi istifadə edilir.

Həm idman oyunları keçirməyə, idman-olimpiya kompleksləri tikməyə yüz milyonlarla, milyardlarla pul xərcləyib, həm də idman və idmançı sözlərini toplumun qulaqlarında mənfi assosiasiya etdirmək üçün hər yola baş vurmaq – vallah da, billah da, tillah da mən bundan bir şey anlaya bilmirəm. Kimsə mənə bu işin məntiqini izah etsin. Əlbəttə, əgər bunda doğrudan da məntiq-filan varsa!