Zərdabda daha bir polis özbaşınalığı
Zərdab rayon sakini, iş adamı İntiqam Ağalarov Zərdab rayon Yol Polis Şöbəsinin rəisi Rəşad Xəlilov tərəfindən döyülüb.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan İ.Ağalarov gecə saat 1 radələrində evinə gələrkən maşını saxlanılıb. Ona şöbəyə getməsi, şəxsən R.Xəlilovun onunla söhbəti olduğu deyilib. Sahibkar getmək istəməyəndə qoluna qandal vurulub təzyiqlə şöbəyə aparılıb. Orada şöbənin əməkdaşları tərəfindən möhkəm döyülüb. İddiaya görə, şöbədə ondan xeyli miqdarda rüşvət tələb olunub.
İ.Ağalarov açıqlamasında faktı qismən təsdiqləyib və Zərdab Rayon Yol Polis Şöbəsinin rəisi Rəşad Xəlilovun bu əməllərindən aidiyyəti orqanlara şikayət etdiyini: “Bu saat Zərdab Rayon Polis Şöbəsindən çıxmışam. Ona hər şeyi bildirdim. Mənə qarşı qanunsuzluq və dələduzluq edən polis əməkdaşlarını cəzalandırmasını istədim. Heç kəsdən qorxmuram, gözləmə mövqeyindəyəm. Bu gün məsələ ilə bağlı Zərdab rayon Polis Şöbəsinin rəisi ilə görüşdüm. Prezidentin sahibkarlarla bağlı sərəncamı var və biz onu daima xatırladırıq. Mən qanuna əməl edən vətəndaşam. Yol qaydasını da pozmamışam. Mənə saxla əmri verildi, mən də maşını kənara çəkib dayandım. Bildirdilər ki, sizi rəis Rəşad Xəlilov görmək istəyir. Gecdir deyə etiraz etdim. Apardılar şöbəyə, orada sözümüz düz gəlmədi. Aramızda söz-söhbət yarandı və məsələ elə də qalmaqdadır”.
İ.Ağalarov məsələ ilə bağlı ölkə prezidentinə, Daxili İşlər naziri və Baş prokurora teleqrama vurduğunu deyib.
Qeyd edək ki, bir müddət əvvəl də Zərdabda iş adamına qarşı polis təzyiqinin olması barədə məlumat yayılmışdı. (AzNews.az)
Məsələyə DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə münasibət bildirib:
“13.04.2016-cı il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda Zərdab rayon sakini İntiqam Ağalarovun yol polisinin əməkdaşları tərəfindən döyülməsi, guya ondan xeyli miqdarda rüşvət tələb olunması barədə bu şəxsin səsləndirdiyi iddialar tamamilə əsassız, qərəzli, olmaqla yanaşı, polisin yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa yönəlmiş aşkar böhtan və şantaj xarakterli fikirlərdir.
İndi qanunları sevməsindən, yol hərəkəti qaydalarına riayət etməsindən ağızdolusu danışan, törətdiyi hüquq pozuntusuna görə inzibati qaydada cəzalanmasını yersiz olaraq sahibkarlıq fəaliyyəti ilə bağlamağa çalışan bu şəxs baş vermiş hadisənin mahiyyətini təhrif edərək özünün günahsız obrazını yaratmağa, ictimai rəyi aldatmağa çəhd edir.
Rayonun Məmmədqasımlı kənd sakini olan İntiqam Ağalarov 16 mart 2016-cı il tarixdə gecə saat 23:45 radələrində idarə etdiyi “VAZ-21013″ markalı 45 BA 874 dövlət qeydiyyat nişanlı avtomaşınla Zərdab şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olarkən işıq sistemindən düzgün istifadə etmədiyi üçün həmin vaxt ərazidə xidmət aparan Zərdab RPŞ DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılıb. Lakin bu zaman o, nəqliyyat vasitəsini idarə etməsinə dair heç bir sənəd təqdim etmədiyi və sərxoşluqda şübhəli bilindiyi üçün Polis Şöbəsinə gətirilib, burada müvafiq texniki vasitələrin köməkliyi ilə sərxoş olduğu müəyyən edilib. Bundan başqa o, RPŞ-nin inzibati binasında olduğu vaxt səs-küy salıb, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
Ona görə İntiqam Ağalarov həmin tarixdə inzibati qaydada tutulub. Barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə inzibati protokol tərtib edilərək baxılması üçün Zərdab rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən İ.Ağalarov barəsində 3 (üç) gün müddətinə inzibati qaydada həbs qərarı çıxarılıb. İnzibati həbs müddəti qurtardıqdan sonra isə bu şəxs sərbəst buraxılıb.
İddialarının əksinə olaraq, İntiqam Ağalarovun polis əməkdaşları tərəfindən guya fiziki təzyiqə məruz qalması barədə söylədiklərinin heç bir əsası yoxdur”.



