İlham Hüseynli
17000 tələbənin təhsil arzusu da ləğv edilib
Heç kimə sirr deyil ki, təhsil sistemimizin “məcburi müalicə”yə ehtiyacı var. Uzun illərdi təhsilimiz savadsızlıqla, qeyri-şəffaflıqla, rüşvətlə ittifaqa girib. Nəticə isə göz qabağındadır və imtahan nəticələri ürək dağlayır. Hər il göstəricilər bir az da aşağı düşür. Orta təhsil repetitorluğa qurban verilib və məktəblər daha çox “təbaşir pulu”, “fond pulu”, “süpürgə pulu” ilə gündəmə gəlir. Ali məktəblərə qəbulun nəticələri də ürəkaçan deyil və buna görə hər il keçid balını aşağı salırlar. Bəli, bizim ölkədə savadlılıq dərəcəsi keçid balının aşağı düşməsiylə müəyyən edilir.
Belə bir məqamda xəbər yayıldı ki, TQDK ləğv olunur. Bəli, ölkə başçısının fərmanına əsasən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə ÿKomissiyası vəÿTələbə ÿQəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və ÿonların istifadəsindəÿolan dövlətÿ əmlakı Dövlət Imtahan Mərkəzinin balansına verilir. Iki gündür hamı TQDK-nın qara taleyindən danışır, bu mövzu ətrafında müzakirələr gedir.
Əvvəla, əminliklə deyə bilərik ki, Misir Mərdanovla Mikayıl Cabbarovun fərqi nədirsə, TQDK ilə Imtahan Mərkəzinin fərqi də bu olacaq. Yəni bu ölkədə şəxslərin dəyişməsi nəticəni müsbətə doğru dəyişmədiyi kimi, qurumların dəyişməsi də heç nəyi dəyişmir.
Bu ölkədə ilk növbədə təhsildəki saxtakarlıq, korrupsiya ləğv olunmalıdır. Təhsil verən dilənçi maaşına möhtac edilməməlidir. Təhsil alana “fond pulu” kimi baxılmamlıdır. Təhsilin inkişafı üçün stimulverici addımlar atılmalıdır və s. Iqtisadi, siyasi sahədə yaradılmış qurumlar vəziyyəti dəyişmədiyi kimi, təhsil sahəsində də yeni qurum yaratmaq, köhnə qurumu ləğv etmək heç nəyi dəyişməyəcək. Dünənə qədər təhsil sahəsində çalışan adamlar, bu gün də yeni qurumda fəaliyyət göstərəcək.
Amma problem bununla da yekunlaşmır. Son illərdə 17000 tələbə təhsil haqqını ödəyə bimədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb. Bu, olduqca böyük və təhlükəli rəqəmdir. Auditoriyaya qədər gəlib çıxmış adam, kimlərinsə daha çox qazanmasının qurbanına çevrilir. Bəli, ölkəmizdə təhsil haqqları fantastik həddədir və mövcud şərtlər daxilində Azərbaycan ailəsi bu məbləği ödəməyə qadir deyil. Amma bu rəsmi statistikadan hamı xəbərdar olsa da heç bir reaksiya yoxdur və hökumət kütləvi şəkildə təhsilni yarımçıq qoymuş tələbələrə qucaq açmır.
Demək istəyirəm ki, TQDK-nın ləğvi hazırkı mənzərəyə uyğundur. Bu gedişlə Azərbaycanda TQDK-ya onsuz da ehtiyac olmayacaq. Çünki, bu ölkədə tələbələr özü ləğv olunur. Tələbələr əjdahaya çevrilmiş təhsil haqlarının qurbanı olursa, TQDK-nın, Imtahan Mərkəzinin nə mənası var? Cənablar, təhsil haqlarını ləğv etmək lazımdır, savadsızlığa aparan yolları dağıtmaq lazımdır.
TQDK-nın son zamanlar açıqladığı bərbad imtahan nəticələrinin səbəbləri araşdırılmalıdır. TQDK-nı ləğv etməklə, imtahan nəticələri düzəlməyəcək. Uzaqbaşı imtahan nəticələrini gizlədə, yalançı rəqəmlər elan edə bilərsiz.
Bir sözlə, indiki mənzərəyə nəzər salanda Təhsil Nazirliyini də ləğv etmək olar. Çünki, tələbənin, təhsilin, TQDK-nın ləğv olunduğu ölkədə, nazirliyin fəaliyyət göstərməsi israfçılıqdır. Faktiki olaraq təhsilimiz sürətlə üzüaşağı gedir.

Ləğv edilən təkcə TQDK deyil
•