Qarşıdakı ağrılar

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Sosial şəbəkələrdə, mətbuatda, şəxsi müzakirələrdə hər kəs sual edir: “AXCP sədri Əli Kərimlinin evinin qarşısında Qarabağ şüarları ilə etiraz aksiyası keçirməkdə hakimiyyətin məqsədi nədir? Axı Əli Kərimli son günlərdə hakimiyyətin Qarabağdakı fəaliyyətini açıq şəkildə dəstəkləyibsə, burada məntiq nədir?”

Bəli, ilk baxışdan məntiqsiz və anlaşılmaz görünür, amma Azərbaycan hakimiyyətinin özünün vəziyyətini təsəvvür etməyə çalışdıqda, duman çəkilir, hər şey aydınlığa qərq olur…

Azərbaycan hakimiyyəti bütün sosial-mənəvi dayaqlarını, bütün arqumentlərini itirdiyini yaxşıca anlayır. Nəinki  köhnə dövrün iqtisadi inkişaf nağılları, abadlıq nəğmələri, zəngin Azərbaycan mədhiyyələri yaddan çıxıb, hətta sahibkarlığın inkişafı ilə bağlı yeni təbliğat dalğası da səngiyib…

Durum çox ağırdır. Etiraz edən əhalini sakitləşdirmək üçün bir müddət öncə unun qiymətini aşağı salmaq tədbirləri həyata keçirilib, əhalini ucuz çörəklə sakitləşdirmək istəyiblər. Iş yerləri bağlanıb, şirkətlər çöküb, maliyyə-bank sektoru qarşısıalınmaz görünən böhrana girib. Real və ən böyük iqtisadi sahələrdən olan tikinti sektoru çoxdan dayanıb. Lakin iqtisadiyyatın dirçəldilməsi üçün verilən fərmanlar, görülən tədbirlər də heç bir nəticə vermir, əksinə, durum daha da ağırlaşır.

Görün vəziyyət nə hala gəlib ki, idxal inhisarçılarından qurtulan sahibkarlar indi də gömrük rüsumlarından lələdağ olub ağlamaqdadırlar. Əslində, problem inhisarın ləğvində deyil – inhisar ləğv edilməli idi. Amma böhran elə ağır səviyyəyə gəlib ki, bunun da xeyri olmur. Iş bütün hallarda yerimir və hətta gömrük rüsumlarını 3 qat endirsən belə, sahibkarın durumu yaxşılaşmayacaq. Çünki bazarlar və iqtisadi münasibətlər dağılmışdır.

Azərbaycan iqtisadi məkan kimi etimadını itirib – həm daxili, xarici sərmayəçilər üz çevirib buradan. Köklü siyasi və iqtisadi dəyişikliklər olmadan böhranı saxlamaq mümkün deyil. Azərbaycan hakimiyyəti beynəlxalq etimadını da itirib, siyasi həbslər, azadlıqların boğulması ona münasibəti kəskin pisləşdirib.

Belə ağır durumda Qarabağdakı fəaliyyət – vətənpərvərlik görüntüləri köməyə gələ bilərdi. Amma bir daha hər kəsə bəlli oldu ki, Qarabağdakı işğalın üzündə ermənilər görünsə də, arxasında Rusiya dayanır. Qarabağ və ətraf rayonlarımızın işğalını Rusiya həyata keçirib, indi də işğalın arxasında Rusiya durub, yoxsa torpaqlarımız sülh yolu ilə də qayıdardı, yaxud Azərbaycan ordusunun Qarabağı azad etməsi kifayət qədər sadə və asan olardı. Yaxası rus medalları ilə parlayanların komandası olan YAP iqtidarında bunu hamıdan yaxşı bilirlər. Rusiyanın indiki halında, hazırkı beynəlxalq münasibətlər də anladır ki, şər imperiyasının zəifləyəcəyi və yaxud demokratik idarəçiliyə keçəcəyi vaxta qədər Qarabağda vəziyyəti dəyişmək çox müşküldür, Kremlin bir sözü ilə oturub-duran bu hakimiyyət üçün də xüsusən. Bu ölkədə rasional düşünənləri heç kim eşitmək istəmir, amma gerçəkliyi hər kəs bir daha görmədimi?!

Yəni bütün sahələrdə ölkəni uğursuzluğa gətirmiş bu hakimiyyət Qarabağ problemi ilə də vəziyyəti öz xeyrinə dəyişə bilmir. Bundan doğan qəzəb hara yönəlməlidir? Baxmayaraq bu dəfə çox absurd və ağlasığmaz, məntiqsiz və anlaşılmaz görünür, mövcud hakimiyyət xarici düşmənə qarşı hərəkətlərini dayandırdıqda “daxili düşmən” tapmalıdır. Hətta bu aksiyalar Əli Kərimliyə yalnız reytinq gətirsə belə! Şüarlara gəldikdə, başqa şüarları da yoxdur! Desinlər ki, inkişafa qarşısan?! Yaxud Qərbə işləyirsən?! Bir də ki, bunların addımları nə vaxt absurd olmayıb? Nə vaxt məntiqə, qanuna, vətəndaş və ölkə maraqlarına söykənib?

Qarşıda ölkəni sosial-iqtisadi durumun yeni sancıları, daha kəskin ağrıları gözləyir. Çünki gülməli aksiyalar, sərt sifət, repressiyalar, urpatriotçuluq, yalanlar və başqatmalar bunu əngəlləyə bilməz.